AZ EN RU

Abidələrimiz tarixi-mədəni irsimizin başlıca atributları kimi

Abidələr də insanlara bənzəyir: həm maddi, həm mənəvi tərəfləri var. Möminə xatun türbəsi XII əsrin qiymətli sənət incisi olmaqla yanaşı, tarixə iki sərkərdə bəxş etmiş ana məhəbbətinə, sədaqətə və xeyirxahlığa qoyulmuş bir vəfa heykəli kimi yüksək mənəvi dəyər daşıyır.

Onlar da insanlar kimi terrora məruz qala bilir, hətta güllələnirlər. Qarabağda, Qərbi Azərbaycanda erməni vandalizminə məruz qalmış tarixi-memarlıq nümunələri, Sədərək döyüşləri zamanı düşmən gülləsinə tuş gəlmiş epiqrafik abidələr bu fikirləri təsdiq edir. Bunun başlıca səbəbi abidələrin aid olduqları xalqın tarixi-mədəni irsinin daşıyıcıları və qiymətli yadigarları olmasıdır.

Bu tarixi irsin qorunması üçün beynəlxalq miqyasda ilk addım 1983-cü ildə atılmış və aprelin 18-i Abidələrin və Tarixi Yerlərin Beynəlxalq Mühafizəsi Günü elan edilmişdir. UNESCO-nun Abidələrin və tarixi yerlərin mühafizəsi üzrə Beynəlxalq Şurası tərəfindən belə bir günün təsis edilməsində məqsəd dünya ictimaiyyətinin diqqətini tarixin bu qiymətli və rəngarəng yadigarlarının qorunmasına yönəltmək olmuşdur. Bəs biz necə, tariximizin bu qiymətli töhfələrini lazımınca qoruya bilirikmi?

Bu məsələni 5 mərhələ üzrə nəzərdən keçirmək olar. Birinci mərhələ abidələrin hüquqi təminatı ilə bağlıdır. Bu, ayrıca qanunla təmin olunmuşdur. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda qeyd olunur ki, “Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir”. Səyyar və stasionar qruplarda birləşən abidələr 7 tiplə təsnif edilir: arxeoloji abidələr, memarlıq abidələri, tarix abidələri, sənədli abidələr, incəsənət abidələri, qoruqlar və abidələrin mühafizə zonası. Bu qrupların hər biri yerüstü əlamətlərə malik olmaqla özləri haqqında ilkin informasiyanı aydın şəkildə verə bilirlər. Yalnız arxeoloji abidələr istisnadır. Onlar təvazökar insanlar kimi torpağın altında onları kəşf edəcək, üzə çıxaracaq tədqiqatçılarını gözləyirlər. Bəlkə də bu səbəbdəndir ki, həmin qanunun 20-ci maddəsi ayrıca olaraq, arxeoloji abidələrin tədqiqinə həsr olunmuşdur. Başqa sözlə desək, abidələrimizin qorunması üçün hüquqi təminat lazımi səviyyədə yaradılmışdır.

İkinci mərhələ Abidələrin qorunması ilə bağlı dövlət tərəfindən həyata keçirilən tədbirlərlə bağlıdır. Azərbaycanda bununla bağlı addımlar Ümummilli Lider Heydər Əliev tərəfindən hələ sovetlər dönəmində atılmışdır. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin və Azərbaycan SSR Nazirlər sovetinin “Azərbaycan SSR-də şəhərsalma, memarlıq və arxeologiya abidələrinin qorunması, bərpası və istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 15 sentyabr 1981-ci il tarixli Qərarının qəbul edilməsi Heydər Əliyevin sovet hakimiyyəti illərində tarixi-arxeoloji abidələrin mühafizəsi və tədqiqatları ilə bağlı həyata keçirdiyi ən mühüm tədbirlərdən biri idi. Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət tərəfindən bu sahəyə diqqət daha da artırılmışdır. 1998-ci ildə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunun qəbul olunması, zaman-zaman bu qanuna əlavə və dəyişikliklər edilməsi, “Regionların iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nda ayrı-ayrı bölgələrdə tarixi-mədəni abidələrin bərpasına vəsait ayrılması, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və digər əlaqədar qurumların yaradılması abidələrimizin qorunması ilə bağlı dövlət qayğısının bariz nümunələrindən olmuşdur. Bu gün Azərbaycanın bütün bölgələrində konservasiya edilməkdə olan çoxsaylı abidələrə rast gəlmək mümkündür. 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağ bölgəsindəki abidələrdə bu proses daha aydın şəkildə izlənilməkdədir.

Üçüncü mərhələ abidələrə vətəndaş münasibəti ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə görə tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur. Təbii ki, Azərbaycanda olan 6 mindən çox tarixi-mədəni abidənin hamısının mühafizəsini eyni dərəcədə təmin etmək mümkün deyil. Əsil vətəndaş mövqeyi məhz burada özünü göstərməlidir. Bu gün bəzi rayon və kəndlərdə elə abidələr var ki, yerli sakinlər tərəfindən lazımi qədər tanınmayıb və tanıdılmayıb. Arxeoloji abidələr bu baxımdan daha çox risk daşıyır. Yerüstü əlamətləri qalmayan belə abidələr bəzən əkin sahəsinin, bəzən də şəxsi tikililərin altında qala bilir. Bəzən də təsadüf nəticəsində tapılan artefaktların izinə düşən həvəskar sakinlərin  “tədqiqat” hədəfinə çevrilmək təhlükəsi ilə üz-üzə qala bilir. Bunun qarşısını almaq üçün abidələrimizin elmi tədqiqi ilə yanaşı geniş təbliğinə ehtiyac var.

Dördüncü mərhələ abidələrin tanıdılması ilə bağlıdır. Hər bölgədə abidələrin sayı, xarakteri, əhəmiyyət dərəcəsi ilə bağlı məlumat lövhələrinin qoyulması bu sahədə insanların marağını çəkə bilər. Onların xəritələşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Abidələrimizi qorumaqla yanaşı, onların mənəvi-tarixi dəyərini insanlara çatdırmalıyıq. Bu sahədə abidələrə vaxtaşırı ziyarətlərin təşkili də əhəmiyyət daşıyır. Bu, mədəni sərvətin qorunmasına, həmin abidələrə xarici ziyarətçi sayının artmasına, dolayısı ilə turizmin inkişafına stimul verə bilər.

Beşinci mərhələ beynəlxalq arenada abidələrimizin təbliği ilə bağlıdır. Azərbaycanın bütün ölkələrdə olan səfirlikləri, diasporlar bununla bağlı tədbirlər həyata keçirir. Xarici ölkələrdə keçirilən sərgilər, müxtəlif mədəniyyət mərkəzlərinin açılması tarixi-mədəni irsimizi təbliğ etməkdir. Lakin bu istiqamətdə də vətəndaşların üzərinə mühüm iş düşür. Texnoloji imkanların kifayət qədər yüksək olduğu dünyada vəzifəsindən, sosial mənsubiyyətindən, yaşından, maddi imkanından asılı olmayaraq hər kəs xalqının mədəni irsini müxtəlif vasitələrlə tanıtmaq potensialına malikdir. Bu potensialı reallaşdırmaq üçünsə sadəcə Vətəni, onun tarixi-mədəni irsini sevmək kifayətdir. Vətəni isə A.Səhhət demişkən: “.. sevməyən insan olmaz...”

Zeynəb QULİYEVA

AMEA Naxçıvan Bölməsinin Arxeoloji xidmət şöbəsinin müdiri

tarix üzrə fəlsəfə doktoru, dosent

Nəşr edilib : 18.04.2024 14:45