AZ EN RU

Abidədə təmir-bərpa işləri görülür

Muxtar respublikamızın sosial-iqtisadi, inkişaf istiqamətlərindən birini də diyarımızda həyata keçirilən tikinti-quruculuq, abadlıq və yenidənqurma işləri təşkil edir. Naxçıvan şəhəri daxil olmaqla, muxtar diyarımızın, demək olar ki, bütün rayonlarında yollar çəkilir, köhnə tikililər bərpa olunur, binaların fasad örtüyü yenilənir və bir sıra digər layihələr icra olunur. Bu işlərin davamı kimi, Şahbuz şəhərində xalqımızın tarixində önəmli yer tutan soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək üçün ucaldılmış abidədə bərpa işləri aparılır. Şahbuz Rayon İcra Hakimiyyəti Aparatının informasiya təminatı və təhlil sektorunun müdiri Sənan Əliyarlıdan aldığımız məlumata əsasən, Şahbuz Rayon Kommunal Müəssisəsi tərəfindən görülən bərpa işləri hazırda davam etdirilir. Rayon mərkəzinin 28 May küçəsində hündürlüyü 5 metrə yaxın olan abidənin ətrafında yerləşən köhnə, yarasız daşlar sökülüb yenisi ilə əvəz olunub. Həmçinin abidənin ətrafında təmizlik işləri aparılıb, 30 kvadratmetrə yaxın hissədə mərmər örtüyü dəyişdirilib. Təmir-bərpa işlərinin yaxın günlərdə başa çatacağı gözlənilir.

Qeyd edək ki, Şahbuz şəhərində yol kənarında yerləşən işıq dirəklərində də yarasız, istifadə müddəti başa çatmış lampalar yenisi ilə əvəz olunur.

                                      Sürəyya QƏDİMƏLİYEVA   

Nəşr edilib : 09.08.2023 15:21