AZ EN RU

Abdulla Ağar: “II Qarabağ savaşı dünyada çox kiçik ərazidə yaşanan təhlükəli bir müharibə idi”

Azərbaycan bu müharibəni böyük Zəfərlə tamamlayaraq tarixə möhür vurdu

    İkinci Qarabağ savaşının üzərindən iki ildən çox vaxt keçsə də, bu müharibə hərb tariximizin öyrənilməsi baxımından hələ uzun illər müzakirə olunacaq. Xüsusilə müasir savaşların aparılması texnologiyasını ilk dəfə dünyaya təqdim edən Azərbaycan bununla dünya hərb tarixində yeni səhifələr yazdı. Təbii ki, müharibələr təkcə texnoloji imkanlarla yox, həm də yeni nəsil müharibə fəlsəfəsini anlamaq, doktrina tətbiq etmə, müharibə şəraitində komandirlik qabiliyyəti, komanda nəzarəti çevikliyi, həm də döyüşən əsgərlərin inancı, ruh yüksəkliyi və fiziki-­psixoloji hazırlıqları ilə ölçülür. Digər tərəfdən, müasir dövrdə müharibələrin gedişinə və nəticəliliyinə son dərəcə mühüm təsir göstərən qlobal baxış və təsir mexanizmləri mövcuddur. Hansı ki bütün bunların hər biri ilə Vətən müharibəsi dövründə çox rastlaşdıq. Xüsusilə ədalətin, gücün yanında yer aldığı dünyamızda bu proseslər hazırda da davam edir. Elə qardaş Türkiyə Respublikasının Baxçaşəhər Universitetinin müəllimi, terror və təhlükəsizlik üzrə ekspert Abdulla Ağarla da İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə regionda baş verən prosesləri bir daha müzakirə etməyə çalışdıq:

    – Abdulla bəy, xoş gördük. İkinci Qarabağ müharibəsinin getdiyi dövrdə həm də müharibədən sonrakı dövrdə Azərbaycan və Türkiyə ictimaiyyəti sizin aktiv təhlil və analizlərinizi çox yaxından izləyirdi. Baş verən proseslərin ictimaiyyətə aydın şəkildə çatdırılmasında sizin rolunuz danılmazdır və bir azərbaycanlı jurnalist olaraq bu əməyinizə görə sizə təşəkkürlərimi bildirirəm. Təbii ki, bu təhlillər, adətən, konkret bir hadisə və ya prosesə görə verilirdi. Bu dəfə isə mən sizdən II Qarabağ müharibəsi və sonrakı dövrə ümumi baxışınızla bağlı fikirlərinizi öyrənmək istərdim.  
    – Çox sağ olun. Sizi də xoş gördük. Əvvəlcə qeyd etmək istərdim ki, İkinci Qarabağ savaşı illərdir, həllini gözləyən, amma həll oluna bilməyən bir savaş idi. Buna görə də bu müharibə qaçılmaz idi. Müharibələr nə zaman baş verir? O zaman ki hər iki tərəf üçün danışıqlar artıq heç bir nəticə vermir və son çıxış yolu kimi qarşı-qarşıya gəlmək zərurəti yaranır. Azərbaycan bu savaşda, təbii ki, dünya birliyinin də qəbul etdiyi kimi haqlı tərəfdir və illərdir, öz torpaqlarını işğaldan azad etmək üçün bütün siyasi, diplomatik yollara baş vurmuşdu. Artıq qarşı tərəf, yəni Ermənistan problemin sülh yolu ilə həll olunması üçün heç bir yer qoymamışdı. Amma bir də bu müharibəni tezləşdirən səbəblər oldu. Xüsusilə 2020-ci ilin iyulunda Tovuz döyüşləri zamanı əfsanəvi general Polad Həşimovun və digər zabit heyəti ilə əsgərlərimizin şəhid olması Azərbaycanın səbrini daşırdı. Erməni tərəfinin bu istiqamətdə aqressiv hücumlarının əsl səbəbi Azərbaycanın bu hissədən keçən təbii qaz, neft və beynəlxalq nəqliyyat marşrutlarını nəzarət altına almaq istəyi idi. Müharibə dövründə erməni qərargahlarında ələ keçirilən strateji sənədlər də bunu təsdiq edirdi. Beləliklə, müharibədən əvvəlki bu hücumlar yaxınlaşan savaşın ayaq səsləri idi və Azərbaycan böyük bir risklə üz-üzə qalmışdı və bunu əvvəlcədən hiss etmişdi.
    – Hansı risklər idi bunlar?
    – Yəni Azərbaycanı üç yerə böləcəkdilər. Araz çayının sahili boyunca strateji bir hücuma başlayaraq Xəzərin neft-qaz yataqlarına qədər irəliləyəcəkdilər. Şimali Azərbaycanla Cənubi Azərbaycan arasında, eynilə Zəngəzur dəhlizində olduğu kimi, bu istiqamətdə də bir torpaq sahəsini ələ keçirməyə çalışacaqdılar. Digər tərəfdən, Azərbaycanın şərqi ilə qərbini bir-birindən gələcəyi dizayn edəcək şəkildə tamamilə ayıracaqdılar. Beləliklə, əgər müharibə Ermənistanın və onun arxasında dayananların istədiyi kimi olsaydı, ölkəni üç yerə böləcəkdilər. Belə bir risk var idi Azərbaycanın qarşısında. 
    – Və Azərbaycan belə bir planı müharibənin əvvəlində hiss edərək strategiyasını buna görə hesabladı.
    – Tamamilə doğrudur. Buna görə də müharibənin ilk günlərində güvəndiyi dost və qardaş Türkiyə ilə çox sıx siyasi və diplomatik bir əlaqə qurmağa başladı. Belə ki, Türkiyə hörmətli Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın güclü iradəsi ilə çox açıq şəkildə siyasi və mənəvi olaraq Azərbaycanın yanında yer aldı. Onsuz da Tovuz hadisələrindən sonra Türkiyə hərbi-siyasi düşüncələri ilə bu savaşın yanında idi. Müharibənin başlanğıcında erməni hərbi birliklərinin Azərbaycanın mülki və hərbi obyektlərinə artilleriya hücumlarını təşkil etməsilə artıq bu müharibəni başlamış oldu. Mənə görə, İkinci Qarabağ savaşı dünyada çox kiçik bir ərazidə yaşanan çox təhlükəli və yeni nəsil hərbi əməliyyatların tətbiq olunduğu bir müharibə idi və Azərbaycan çox böyük bir fədakarlıqla, qəhrəmanlıqla bu mübarizəsini başa çatdıraraq möhtəşəm bir Zəfərə imza qoydu.
    – Təhlükəli dedikdə əsas nəyi nəzərdə tutursunuz?
    – Bilirsiniz, cəbhədəki Ohanyan səddi bizim indiyədək digər müharibələrdə rastlaşdığımız sadə bir sədd deyildi. Normal qaydalara görə I, II, III müdafiə istehkamları haqqında hər birimiz məlumatlıyıq. Mən müharibədən sonra o cəbhə xəttini gəzərkən ermənilərlə bütün təmas xətləri boyunca o cür istehkamların qurulduğunun şahidi oldum: ard-arda qalın beton divarlar, tank əleyhinə keçilməz sədlər, əlavə xəndəklər, mina sahələri və sair. Azərbaycan Ordusu bu sədləri keçərkən, təbii ki, itkilər verdi. Nəzərə alın ki, ümumi şəhid sayımız 2914-ə çatmışdı və bunun üçdə biri ilk iki-üç gündə verilmişdi! Deməliyəm ki, rusların ermənilərə verdikləri müasir tank əleyhinə idarəetmə sistemləri baxmayaraq ki, biz döyüş zamanı onları məhv etdik, ordumuzun irəliləməsinə ilk günlərdə böyük çətinliklər yaradırdı. Amma Azərbaycanın xüsusi təyinatlı qüvvələri Naxçıvandan gələn xüsusi təyinatlılarla birgə cəbhənin bir çox istiqamətlərində son dərəcə böyük uğurlar əldə etdilər.
    – Şuşanın alınmasında xüsusilə fərqləndilər...
    – Təkcə Şuşanın alınmasında deyil. Xüsusi təyinatlılar “N” korpuslarla birlikdə müxtəlif  istiqamətlərdən hücumlarda iştirak edirdilər. Bildiyiniz kimi, hələ Füzuli rayonu azad edilməmişdən əvvəl Azərbaycan İranla cənub sərhədləri boyunca ərazilərinin işğalçılardan təmizlənməsi üçün strateji bir qərar qəbul etdi və o zaman cəbhənin ön bölgələrində yerləşən xüsusi təyinatlıların da bir qismi oradan çıxarılaraq sızma hərəkatı ilə Cəbrayıla qədər keçilməsi son dərəcə çətin olan bir ərazini, Cəbrayılla və sərhəd xətti ilə birlikdə çox qısa zaman ərzində nəzarətə götürdü. Xüsusilə Cəbrayıl ərazisində həm Ermənistan, həm də Azərbaycan xüsusi təyinatlıları qarşı-qarşıya gələrkən Azərbaycan xüsusi təyinatlıları böyük bir əzm, qəhrəmanlıq göstərərək düşməni darmadağın etdi və Cəbrayıl işğaldan azad olundu. Bunun ardınca Hadrut azad edildi. Onu da deyim ki, Hadrutun ələ keçirilməsi çox möhtəşəm bir əməliyyatın nəticəsi idi. Bundan sonra da Füzuli işğalçılardan təmizləndi. Bu əməliyyatlardan sonra erməni tərəfində böyük bir ruh düşkünlüyü yarandı. Təbii ki, bütün bunlar xüsusi təyinatlılarımızın digər bölmələrimizlə birgə böyük uğuru idi. Bundan sonra qarşıya qoyulan əsas vəzifə Şuşanın alınması idi. Şuşa əməliyyatı haqqında da bilirsiniz ki, xüsusi təyinatlılar burada çox böyük vəzifənin öhdəsindən gəldilər. Xüsusilə indiki Zəfər yolunun salınması Şuşaya girəcək birliklərin arxa təminatı üçün mühüm rol oynadı. Qeyd etməliyəm ki, Şuşa əməliyyatı çox möhtəşəm bir əməliyyat oldu. Ən əsası xüsusi təyinatlılarımız ermənilərin gözlədikləri yerdən deyil, tam əks tərəfdən – şimal-qərb tərəfdən Şuşaya girdilər və Şuşa ilə ətrafındakı ərazilərdə iki-üç gün çox güclü döyüşlər getdi, çünki ermənilərə Xankəndi istiqamətindən davamlı təminat gəlirdi. Sonda bu yolun da qarşısı kəsildi və Şuşa Azərbaycan əsgərinin tam nəzarəti altına keçdi. 
    – Abdulla bəy, bildiyiniz kimi, müharibə dövründə Ermənistandan Qarabağ istiqamətinə istənilən hərəkətlilik Naxçıvandakı ordu birləşmələri tərəfindən ciddi nəzarətdə saxlanılırdı. Hətta Ali Baş Komandan cənab İlham Əliyev də müharibədən sonrakı açıqlamalarında bu haqda öz fikirlərini bildirmişdi. Ümumiyyətlə, II Qarabağ müharibəsi dövründə, eyni zamanda bu qələbənin qazanılmasında Naxçıvanın rolunu necə ifadə edərdiniz?
    – Əvvəlcə onu deyim ki, Naxçıvan xüsusi təyinatlılarının müharibədəki rolunu çox yaxşı bilirəm. Həmin xüsusi təyinatlıların komandanlığında olan şəxslərlə də bir-bir görüşüb söhbət etmişəm. Onların necə mübarizə apardıqlarını, hansı qəhrəmanlıqları ilə fərqləndiklərini mən də qələmə almışam. Naxçıvandakı xüsusi təyinatlıların Azərbaycanın digər xüsusi təyinatları ilə birgə hərəkət etməsi çox möhtəşəm idi və bu da qələbənin qazanılmasında özünü göstərdi. Digər tərəfdən, bildiyimiz kimi, müharibə dövründə ordumuz Naxçıvan istiqamətindən bu savaşa girmədi, amma Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun hər an savaşa hazır vəziyyətdə gözləməsi, buradakı təmas xətti boyunca silah və texnikaların döyüş hazırlığı vəziyyətində saxlanılması erməni tərəfini ehtiyat tədbirləri görməkdən, güc tətbiq etməkdən çəkindirir və psixoloji olaraq təsir edirdi. Həmçinin Qarabağ istiqamətində gedən yola Naxçıvandan ciddi nəzarət edilməsi oradakı birliklərimizin daha maneəsiz və sürətli irəliləməsi baxımından çox böyük əhəmiyyət daşıyırdı. 
    – Yeri gəlmişkən, bir məsələyə də münasibətinizi bilmək istərdim. Aydın məsələdir ki, bu gün dünyada mühüm ticarət yollarının keçdiyi bölgələr həm də həmin bölgələrin təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır. Yəni ticarət yollarına marağı olan ölkələr bu yolların təhlükəsizliyinə də maraq göstərirlər. Bu baxımdan Zəngəzur dəhlizi Naxçıvanın təhlükəsizliyində hansı rola malik ola bilər?
    – Bildiyiniz kimi, Zəngəzur dəhlizinin açılması Rusiya, Azərbaycan və Ermənistan liderlərinin birgə imzaladıqları bəyanatda öz əksini tapıb. Amma müharibənin qurtarmasından iki il yarım keçsə də, Azərbaycan bu sahədə üzərinə düşən öhdəlikləri yerinə yetirib, görülən tikinti işlərini, demək olar ki, yekunlaşdırsa da, qarşı tərəf bu sahədə heç bir addım atmayıb. Səbəb isə çox sadədir: bu dəhliz artıq bir çox güclərin maraqlarının toqquşduğu bir əraziyə çevrilib. Halbuki dəhlizin açılması burada iştirak edən Rusiyanın da, Azərbaycanın da, Ermənistanın da, hətta İranın da xeyrinədir. Amma ortada nəyi görürük? Məsələn, İran bunu özünün qırmızı xətti kimi görür, Ermənistan hərdən bir söz deyir. Halbuki, dediyimiz kimi, buradakı ölkələrin hər biri bundan faydalana bilər. Eyni zamanda bu layihə Çinin və digər Avropa ölkələrinin də marağındadır və hər biri də bundan yararlanmaq istəyir. Bir şeyi unutmayaq ki, Zəngəzur dəhlizi bizim haqqımızdır. Biz bu haqqımızdan istifadə edəcəyik, istər sülh yolu ilə, istərsə də güc vasitəsilə. Bu dəhlizin açılması ilə Naxçıvanın təhlükəsizliyi də diqqət mərkəzində olacaq. Yəni bu artıq iqtisadi maraqlar üzərində formalaşan zərurətə çevriləcək.
    – Abdulla bəy, xüsusi təyinatlılarla söhbətlərinizi qələmə aldığınızı söylədiniz. Yəqin, yeni layihəniz olacaq bununla bağlı, yoxsa necə?
    – Bəli, mən artıq II Qarabağ müharibəsindən bəhs edən kitabımın üzərində işləyirəm. Buna düz on yeddi ayımı sərf etmişəm. Bunun doqquz ayını Azərbaycanda, səkkiz ayını isə Türkiyədə olmaqla. Bu kitabı yazmaq üçün birbaşa döyüşdə iştirak edən 400-ə yaxın insanla görüşüb söhbət etmişəm. Bu söhbətlərdə başda Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyev, Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov, xüsusi təyinatlıların komandanı Hikmət Mirzəyev, eləcə də bütün korpus komandirləri və baş qərargah rəisləri, ayrı-ayrı hərbi birləşmələrin komandirləri olmaqla çox sayda zabit və əsgərlər iştirak edib. Hazırda yazdığım material 1500 səhifədir, bəlkə də, yekunlaşınca 2000  səhifəyə qədər də gedib çıxa bilər. Və bir şeyi də deyim ki, dünyada heç bir müharibə ilə bağlı bu həcmdə və səviyyədə kitab yazılmayıb və bu kitabın Azərbaycana həsr olunmasının mənim üçün başqa bir dəyəri vardır. Şükürlər olsun ki, Allah mənə belə bir iş görməyi nəsib etdi. 
    – Kitabın adı necə olacaq? Çox maraqlı gəldi mənim üçün...
    – Kitabın adını “Qarabağ dastanı” qoymuşam, “Qarabağ savaşı” da ola bilər. İşlər yekunlaşandan sonra adını da tam dəqiqləşdirəcəyik.
    – Abdulla bəy, bu gözəl işlərinizdə sizə uğurlar arzulayırıq, bunu da əlavə edim ki, sizinlə söhbət çox xoş idi. Kitabınızın da tezliklə işıq üzü görməsini arzu edir, nəşrini biz də böyük intizarla gözləyirik. Eyni zamanda bizim üçün vaxt ayırıb suallarımıza cavab verdiyinizə görə sizə bir daha təşəkkürlərimi bildirirəm.
    – Çox sağ olun, mənim üçün də çox xoş oldu. Sizə də uğurlar arzulayıram.

Səbuhi HƏSƏNOV
Naxçıvan Muxtar Respublikasının 
Əməkdar jurnalisti
Naxçıvan-Ankara-Naxçıvan

Nəşr edilib : 21.06.2023 19:41