AZ EN RU

Abbas İsmayılov: Naxçıvanda Türkiyə iş adamları ilə birgə və ya müştərək əsaslarla yaradılıb qeydiyyata alınan 146 sahibkarlıq subyektinin 55 faizi və ya 80-i aktiv fəaliyyət göstərir

"Şərq qapısı" xəbər verir ki, bu sözləri Naxçıvan Biznes Mərkəzdə keçirilən "Azərbaycan-Türkiyə ticarət əlaqələri: Naxçıvanın ixrac imkanları" mövzusunda  tədbirdə Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov deyib.  Nazir müavini Naxçıvanda həyata keçirilən davamlı islahatlar, əlverişli biznes və investisiya mühiti barədə qonaqlara ətraflı məlumat verib, iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi istiqamətləri diqqətə çatdırıb.
Bildirilib ki, 2024-cü ilin ilk 4 ayı ərzində qardaş Türkiyə muxtar respublikanın xarici ticarət dövriyyəsində ilk yeri tutub, Türkiyəyə ixracın həcmi  ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz artıb. Ümumilikdə Naxçıvanın xarici ölkələrlə ticarət dövriyyəsinin ümumi həcmi 32,2 milyon  dollar olub ki, ticarət dövriyyəsində Türkiyənin payı 52,7 faiz təşkil edib. 
Naxçıvandan Türkiyəyə mineral sular, vafli məmulatları, tütün məmulatları, elektrik enerjisi, mebel, tikinti materialları, travertin daş məhsullarının ixracı həyata keçirilib, Türkiyənin Naxçıvana ixracatında ərzaq məhsulları, məişət elektrik əşyaları, mebel, tekstil, əczaçılıq məhsulları, müxtəlif texnikalar üstünlük təşkil edib.

Nail ƏSGƏROV

Nəşr edilib : 15.05.2024 11:47