AZ EN RU

98 yaşlı Naxçıvan Dövlət Arxivi keçmişimizi özündə yaşadan zəngin mənbədir

    Sənədlər xəzinəsi olan arxivlər hər bir xalqın tarixində, ictimai-siyasi həyatında mühüm rol oynayır. 98 yaşlı Naxçıvan Dövlət Arxivi də muxtar respublikanın tarixi keçmişini özündə yaşadan zəngin mənbədir.

     Ölkəmizdə arxiv işinin təşkili 1920-ci ilin dekabrından başlayır. Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun imzaladığı “Vahid dövlət arxiv fondunun yaradılması və Xalq Maarif Komissarlığı yanında Mərkəzi Dövlət Arxivinin təşkili haqqında” dekreti əldə rəhbər tutan Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsi 1925-ci ildə Naxçıvan MSSR-də Mərkəzi Dövlət Arxivinin yaradılması haqqında Qərar qəbul edib.
    Naxçıvan MSSR Mərkəzi Dövlət Arxivi Naxçıvan MSSR Xalq Maarif Komissarlığının tərkibində fəaliyyət göstərib, Azərbaycanda arxiv orqanlarının yenidən təşkili ilə əlaqədar 1930-cu ildə Naxçıvan MSSR Mərkəzi Dövlət Arxivi fondu təşkil edilib. 1960-cı ilə qədər Arxiv İdarəsi və Mərkəzi Dövlət Arxivi Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığının tabeliyində olub. XX əsrin 60-cı illərində muxtar respublikada bu təşkilat Daxili İşlər Nazirliyinin tabeliyindən çıxarılıb Nazirlər Sovetinin tabeliyinə verilib. 
    Dövlət arxivlərinə əsl qayğı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə başlayıb. Arxivlər genişləndirilib, ixtisaslı kadrlarla təmin olunub, onların maddi-texniki bazası möhkəmləndirilib. 1979-cu ildə Babək rayonunda, 1990-cı ildə Sədərək rayonunda, 2004-cü ildə isə Kəngərli rayonunda arxivlər yaradılıb.
    Arxiv sənədlərinə nəzər salsaq, görərik ki, Ümummilli Liderin gənclik dövrünün bir neçə ili (1941-1943) Naxçıvan Dövlət Arxivi ilə bağlı olub. Belə ki, 15 oktyabr 1941-ci il tarixdə 80 nömrəli əmrlə Naxçıvan MSSR Daxili İşlər Xalq Komissarının razılığı ilə (baş leytenant Quliyev) Əliyev Heydər Əlirza oğlu Naxçıvan MSSR Daxili İşlər Xalq Komissarlığının Mərkəzi Dövlət Arxivinə elmi işçi vəzifəsinə qəbul olunmuş, 6 iyun 1942-ci il tarixli 121 nömrəli əmrlə Dövlət Arxivinin Məxfi şöbəsinə müdir vəzifəsinə təyin edilmişdir. O, burada uzun illər Naxçıvan Arxiv İdarəsinə rəhbərlik etmiş Paşa Əhmədov, Kərim Bayramov və başqaları ilə çiyin-çiyinə çalışmış, Dövlət Arxivində işlədiyi müddətdə respublikada, o cümlədən Ordubad, Culfa, Əbrəqunus rayonlarında arxivlərin qaydaya salınmasında, təşkilatlarda yaranmış sənədlərin arxivə təhvil verilməsində xüsusi xidmətləri olmuşdur. 1943-cü il iyulun 3-nə kimi Naxçıvan Dövlət Arxivinin Məxfi şöbəsinin müdiri vəzifəsində çalışan Heydər Əliyev 14 iyul 1943-cü il tarixdə Naxçıvan MSSR Xalq Komissarlar Sovetində Ümumi şöbəyə müdir təyin olunmuşdur. Daha sonra isə Ulu Öndəri bilik və bacarığına görə dövlət təhlükəsizlik orqanlarına işə qəbul etmişlər. 
   Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycana birinci və ikinci rəhbərliyi dövründə digər sahələrə olduğu kimi, arxiv işinin inkişafına da xüsusi diqqət yetirmişdir. Müstəqilliyimizin bərpasından sonra respublikamızda arxiv sahəsində yeni normativ-hüquqi aktlar yaradılmış, “Milli Arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Həmçinin “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli Fərmanı ilə Arxiv İdarəsinin statusunun qaldırılması, arxiv xidməti təşkilatlarının maddi-texniki təchizatının təkmilləşdirilməsi, arxiv binalarının təmiri və bərpa işlərinin aparılması, arxiv işçilərinin sosial vəziyyətlərinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Bu Fərmandan sonra Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsi Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Arxiv İdarəsinin bazasında yenidən yaradılmışdır.
    Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsinin tabeliyində muxtar respublika Dövlət Arxivi, 7 rayon və şəhər arxivi fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində XIX əsrin əvvəllərindən başlayaraq bu günümüzə kimi qiymətli sənədlər saxlanılır. XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid sənədlər Naxçıvan Qəza Polis İdarəsinə, Xalq Məktəbləri Müdiriyyətinə, Torpaq Şöbəsinə, Culfa, Şahtaxtı, Baş Noraşen Gömrük məntəqələrinə, Culfa Post-teleqraf Kontoruna, Ordubad Ali İbtidai məktəbinə aid sənədlərdir. Həmçinin Dövlət Arxivində 1918-20-ci illərdə ermənilərin Naxçıvan, Ordubad, Şərur-Dərələyəz qəzalarına hücumlarını, burada törətdikləri soyqırımı hadisələri haqqında məlumatları özündə əks etdirən sənədlər mühafizə olunur. Burada Naxçıvanda sovet hakimiyyətinin bərqərar olması, İnqilab Komitəsi, Mərkəzi İcraiyyə Komitəsi, Xalq Komissarları Soveti və digər ilk yaranan dövlət qurumlarının sənədləri, Naxçıvan Muxtar Respublikasında yaşayıb, fəaliyyət göstərmiş, Naxçıvanın maarif, elm və mədəniyyətinin inkişafında xüsusi xidmətləri olmuş, həmçinin dövlət quruculuğunda xidmətlər göstərmiş, əmək və fəaliyyətləri dövlət tərəfindən qiymətləndirilmiş şəxslərin də şəxsi fondları mühafizə olunur. 
    Ümumiyyətlə, bu gün Naxçıvan Dövlət Arxivində 778 fond üzrə 500 minə yaxın kağız əsaslı sənəd, 4157 kinolent, 74 min 861 fotoşəkil qorunub saxlanılır. Arxivin komplektləşdirmə mənbəyi idarə, müəssisə və təşkilatlar olduğundan sənəd qəbulu ilboyu davam edir.
    Bunu da qeyd edək ki, 2012-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi əsaslı təmir edilmiş, idarə müasir standartlara uyğun müasir avadanlıqlarla, o cümlədən sənədlərin saxlanması üçün şkaf, qutu, havatənzimləyici kondisionerlər və digər lazımi vasitələrlə təchiz olunmuşdur. 2016-cı ildə idarədə struktur dəyişiklikliyi aparılaraq Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin nəzdində Naxçıvan Şəhər Arxivi yaradılmışdır. 
    Dövlət Arxivi daim yeni-yeni sənədlərlə zənginləşir. 2016-cı ildə Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin əməkdaşları Azərbaycan Respublikası Milli Arxivində və onun tabeliyində olan arxivlərdə işgüzar ezamiyyətdə olmuş, muxtar respublika ilə bağlı sənədlər aşkar edilərək Naxçıvan Dövlət Arxivinə gətirilmişdir. Bu sənədlər arasında xüsusilə çox qiymətli olanlar Naxçıvan əyalətinin, Naxçıvan şəhərinin, Ordubad və Şərur-Dərələyəz qəzasının kameral siyahılarıdır. Bu kameral siyahılar çox mükəmməl işlənərək əhalini siyahıya almışdır.
    2023-cü il noyabr ayının 21-də AMEA Naxçıvan Bölməsində Türkiyə arxivlərindən toplanmış xüsusi əhəmiyyətə malik 500-ə yaxın sənəd (3000 səhifə) Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmişdir. 2023-cü ilin 11 ayı ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində idarə, müəssisə, təşkilat və məhkəmə orqanlarından 997 məktub daxil olaraq cavablandırılmış, həmçinin 2609 sosial-hüquq xarakterli sorğulardan 2566 sorğu icra olunmuşdur. Elmi-tədqiqat müəssisəsi olduğundan bu il 20 tədqiqatçı arxiv fond sənədlərindən elmi-tədqiqat üçün istifadə etmişdir. 
    Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının mənəvi, çox qiymətli, əvəzolunmaz tarixi sənədlərinin qorunub gələcək nəsillərə çatdırılması üçün arxiv təşkilatları haqqında söylədiyi fikirlər bütün dövrlər üçün aktualdır: “Azərbaycan Respublikasının arxiv xidməti təşkilatları xalqımızın çoxəsrlik tarixini öyrətmək üçün qiymətli sənədlərin toplandığı və mühafizə olunduğu elmi-tədqiqat mərkəzləridir”.

Zülfiyə İSMAYILOVA
Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin şöbə müdiri, 
Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi 

Nəşr edilib : 14.12.2023 18:27