AZ EN RU

9 noyabr - Dövlət Bayrağı Günü Naxçıvan Dövlət Universitetində qeyd olunub

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev bildirib ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd olunur. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq, indiki dövlət bayrağının 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edildiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, Azərbaycan bayrağı ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə  Naxçıvanda dalğalanıb. Elbrus İsayev dövlət bayrağının respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucaldığını, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirdiyini diqqətə çatdırıb.

Rektor bildirib ki, 44 günlük Vətən Müharibəsində Müzəffər Ordumuz tərəfindən işğaldan azad olunmuş şəhərlərimizdə üçrəngli bayrağımızın dalğalanması zəfərə gedən yolumuzu daha da işıqlandırırdı. Bu ərazilərimizdə dalğalanan Dövlət Bayrağımız ölkəmizin və ordumuzun qüdrətini bir daha göstərir, hər bir vətəndaşı qürurlandırır.

Sonra “9 noyabr - Dövlət Bayrağı Günü”nə həsr olunan film nümayiş olunub.

II kurs magistrant Gülcan Əlizadə “Qələbə soraqlı bayrağım” adlı çıxışı dinlənilib.

Sonda Tarix-filologiya fakültəsinin tələbələrinin ifasında bədi qiraət dinlənilib.

Pərviz HACILI

NDU-nun Mediya və ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı

Nəşr edilib : 06.11.2023 17:14