AZ EN RU

9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə tədbir keçirilib

Ordubad rayonunda Faşizm üzərində qələbənin əldə olunmasının 79-cu ildönümü münasibətilə tədbir keçirilib.Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşları, İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklər, eləcə də rayon ərazisində yerləşən idarə, təşkilat və müəssisələrin rəhbərlərinin iştirakı ilə ilk olaraq Ordubad şəhərində yerləşən Şəhidlər Xiyabanında İkinci Dünya müharibə iştirakçılarının xatirəsinə tikilən abidənin önünə və Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin büstünün qarşısına tər güllər düzülüb. Tədbir daha sonra Yeni Azərbaycan Partiyasının rayon təşkilatının inzibati binasının akt zalında davam etdirilib. Öncə Ümummilli Lider Heydər Əliyevin, İkinci Dünya Müharibəsində həlak olan azərbaycanlıların və  ərazi bütövlüyümüz uğrunda canlarından keçən vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli giriş sözü ilə tədbirin mahiyyəti haqqında iştirakçıları məlumatlandırıb. Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Təşkilatının sədri Fərrux Nağızadə, Yeni Azərbaycan Partiyası Ordubad rayon Təşkilatının sədri Etibar İsmayılov və Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Araz Lütvəliyev öz çıxışlarında dövrün proseslərinə nəzər salıb, müharibənin faciəvi nəticələri ilə yanaşı, azərbaycanlıların faşizmə qarşı səngərdə və arxa cəbhədə göstərdikləri əzmkar mübarizə, eləcə də qəhrəmanlıq nümunələri vurğulanıb. Görkəmli kimyaçı alim Yusif Məmmədəliyevin müharibənin gedişatını dəyişəcək kəşfi, həmçinin Nəcəfqulu Rəfiyevin timsalında xalqımızın yetişdirdiyi Sovet İttifaqı Qəhrəmanları haqqında ətraflı məlumat verilib. Tədbirin yekununda müharibə iştirakçılarına və onların ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə olunub.

Nəşr edilib : 08.05.2024 10:46