AZ EN RU

85 yaşlı türkoloqun cavidşünaslıq araşdırmaları

    Azərbaycan ədəbiyyatı və tarixində özünəməxsus yeri olan Turan araşdırmalar mərkəzinin yaradıcısı, tarixçi, məşhur türkoloq, siyasətçi, cavidşünas Əjdər İsmayılovun tədqiqatları həm hər bir ədəbiyyatşünas, tarixçi üçün, həm də hər bir azərbaycanlı üçün dəyərli mənbədir. Çünki onun bütün tədqiqatlarında türkçülük ön mövqedə dayanır. Alim müsahibələrinin birində deyirdi ki, mən elm adamıyam, həm də siyasətçiyəm. Çünki mənim yazdığım kitablar Azərbaycan dövlətinin mənafeyini müdafiə edir.

    Alimin Azərbaycan tarixinə aid yazdığı elmi məqalələri, monoqrafiyaları, xüsusilə də 2008-ci ildə işıq üzü görən “Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” adlı monoqrafiyasında, “Moisey Xorenatsi anonim keşiş müəllifdir”, “Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” kitablarında Azərbaycan reallıqlarını, ermənilərin “böyük Ermənistan” uydurması ilə əlaqədar qaldırdıqları iddialar elmi sübutlarla rədd edilir. Alimin Türk dünyasına rəğbəti, türkoloq kimi fəaliyyəti yalnız Azərbaycan tarixinə aid yazdığı əsərlərində deyil, həmçinin türkçülüyü təbliğ edən Cavid irsinin tədqiqində, cavidşünaslığa bəxş etdiyi əsərlərində də özünü göstərirdi. Alim 1974-cü ildə “Hüseyn Cavidin tarixi dramları” (“Peyğəmbər”, “Topal Teymur”, “Səyavuş”, “Xəyyam”) mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir və bu dissertasiyada Əjdər müəllim yalnız cavidşünas kimi yox, həmçinin bir türkoloq kimi də özünü sübut edirdi. Alim Cavidin “Xəyyam” dramından bəhs edərkən demişdir: “Xəyyam məni Türk dünyasına aparır. Burada Səyavuş var, burada Əfrasiyab var. Xəyyam böyük Şərqdi. Bu əsərin özündə böyük Şərqin həm böyük müdrikliyi var, həm qəhrəmanlıq tarixi var. Hər şeydən əvvəl, o türk xətti məni çəkirdi. Orada olan türkçülük çəkirdi”. Bu sətrlər onu sübut edir ki, Əjdər Tağıoğlunun türkçülüyə məhəbbəti onu Cavidə daha çox yaxınlaşdırmışdı.
    Əjdər İsmayılovun cavidşünaslığa bəxş etdiyi dəyərli əsərlər sırasında 1983-cü ildə “Dünya romantizm ənənələri və Hüseyn Cavid” monoqrafiyasını, 1988-ci ildə isə “Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi” mövzusunda doktorluq dissertasiyasını misal göstərmək olar. “Dünya romantizm ənənələri və Hüseyn Cavid” monoqrafiyasında alim romantizm cərəyanının tarixi inkişaf xüsusiyyətlərini göstərərək sübut etməyə çalışmışdır ki, “əslində, dünyada romantik şairlərin əksəriyyəti öz yaradıcılıq izlərini Şərqdən, onun zəngin mifologiyasından, bədii poetik irsindən götürmüş, Şərq ruhunun güclü təsirini duymuşlar”. Şərq bədii düşüncəsindən, fəlsəfəsindən qidalanan Hüseyn Cavid romantizmi bu əsərdə Şekspir, Bayron, Şiller, Höte və başqa dünya şöhrətli romantik şairlərin poeziyası ilə müqayisə edilmiş və onlar arasındakı oxşarlıqlar göstərilmişdir.
    Nəzərinizə çatdırmaq istərdim ki, Cavid həm yaşadığı dövrdə, həm də sonrakı dövrlərdə hərtərəfli araşdırılmışdır. Ancaq Əjdər İsmayılov ilk dəfə Cavidi dünya ədəbiyyatı kontekstində demonologiya aspektindən tədqiqata cəlb etmişdir. “Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi” kitabı bu cəhətdən dəyərli monoqrafiyadır. “Əjdər Tağıoğlu demonizmin tarixi-tipoloji qaynaqların Deviş zarvan fəlsəfi-mifoloji cövhərini, İblis dualizmini, İblis-Demon arasında olan bənzəyişləri, “Demon” anlamı ilə “Promotey” anlayışı paralelindəki oxşarlıq və qohumluq əlaqələrinin tarixi-tipoloji köklərini əhatəli şəkildə təhlil etmişdir”. Əjdər müəllim “İblis”, “İblisin intiqamı” əsərlərini təhlil edərkən qeyd edirdi ki, Cavid dövrünün bir çox problemlərini demonizm vasitəsilə təqdim edirdi. Məsələn, “İblisin intiqamı” əsərində Hitlerin və onun əlaltıları olan Mussolini, Frankonun İblis obrazında təqdimi buna sübutdur. Akademik İsa Həbibbəyli qeyd edirdi ki, Əjdər Tağıoğlu “İblis”in mənşəyini Qərb ədəbiyyatında deyil, Şərq mədəniyyətinin dərin qatlarında axtarırdı. Bu onun ədəbi siması idi.
    Qeyd etmək istərdim ki, bəzən bir məqalə və ya bir elmi kitab oxuyarkən oradakı bəzi terminlərin, dini inancların, fəlsəfi ifadələrin mənasını bilmir, bunları araşdırmaq üçün başqa mənbələrə müraciət edirik. Amma Əjdər İsmayılovun tədqiqatlarında başqa mənbələrə müraciət etməyə ehtiyac olmur. Çünki alim monoqrafiyanı yazarkən ən xırda ayrıntılarında elmi izahını vermişdir. Məsələn, demonizmin Demon Allahı ilə bağlılığından söhbət edərkən ən qədim inancdan doğan zərdüştlüyün də izahını verir və Zərdüşt fəlsəfəsinin də etimologiyasının dərinliyi ilə tədqiq edib oxucuya çatdırırdı. Diqqətinizə çatdırmaq istərdim ki, bu əsər 1991-ci ildə çap edilib oxucuların istifadəsinə verilmişdir. Ancaq monoqrafiyaya olan tələbata görə yenidən 2015-ci ildə latın qrafikası ilə ikinci dəfə nəşr edilmişdir. Əjdər İsmayılovun yalnız kitabları deyil, onun “Hüseyn Cavidin tarixi dramlarının bəzi xüsusiyyətləri”, “Xalq və qəhrəman problemi”, “Hüseyn Cavid yaradıcılığında azad qadın problemi”, “Hüseyn Cavid və Bayron”, “Hüseyn Cavid və Şekspir” və sair kimi silsilə elmi məqalələri də cavidşünaslıq üçün dəyərli mənbələrdir. Alimin kitabları, məqalələri cavidşünaslıq araşdırıcıları və ümumiyyətlə, dünya romantizmini tədqiq edənlər üçün dəyərli mirasdır.

Səbinə DÜNYAMALIYEVA
AMEA Naxçıvan Bölməsinin kiçik elmi işçisi

Nəşr edilib : 28.07.2023 21:09