AZ EN RU

8 Noyabr – Zəfər Gününün Üçüncü İldönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Bəyanatı

    Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfər Azərbaycan tarixinin şanlı səhifəsi, xalqımızın və dövlətimizin qüdrət rəmzidir. 
    Ümummilli Liderimiz Heydər Əliyevin uzaqgörənlik və müdrikliklə müəyyənləşdirdiyi siyasi xətt Azərbaycanın hərtərəfli inkişafını təmin etmişdir. Ötən 20 ildə cənab İlham Əliyevin rəhbərliyi ilə bu yolun uğurla davam etdirilməsi, xüsusilə ordu quruculuğu sahəsində görülən işlər Azərbaycan Silahlı Qüvvələrini dünyanın ən güclü orduları sırasına çıxarmış, döyüş qabiliyyətini dəfələrlə artırmışdır. 
    Məlum olduğu kimi, xalqımıza qarşı yüz illər boyu erməni vandalları tərəfindən kütləvi soyqırımlar törədilmiş, əzəli və tarixi torpaqlarımız işğal olunmuş, soydaşlarımız deportasiya və faciələrə məruz qalmış, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşamışdır. Həmçinin ermənilər tərəfindən milli-mədəni və dini-mənəvi irsimizə qarşı terror aktı törədilmiş, tarixi abidələrimiz, ziyarətgahlarımız və məscidlərimiz dağıdılmışdır. 
    Azərbaycan dəfələrlə beynəlxalq hüquq normaları çərçivəsində məsələnin sülh və danışıqlar yolu ilə həllinə, işğal olunmuş torpaqlarımızın geri qaytarılmasına çalışsa da, Ermənistan bu çağırışlara məhəl qoymamış, əksinə, işğalçılıq siyasətini davam etdirərək yeni hərbi təxribatlar törətmişdir. 2020-ci il sentyabrın 27-də Ermənistan növbəti hərbi əməliyyatlara başlamış, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış sahələrinə hücumlar etmişdir. Buna cavab olaraq Azərbaycan BMT Nizamnaməsinin verdiyi özünümüdafiə hüququndan istifadə edərək əks-hücum əməliyyatına başlamış, 44 gün davam edən Vətən müharibəsində 30 illik münaqişəyə son qoyulmuş, torpaqlarımız işğaldan azad edilmiş, hərb tariximizə şanlı səhifələr yazılmışdır. 
    Vətən müharibəsində ağır məğlubiyyətə düçar olan təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi bir daha beynəlxalq hüququn norma və prinsiplərini pozaraq Azərbaycan şəhərlərində dinc əhaliyə qarşı terror aktları həyata keçirmişdir. Lakin düşmənin hərbi cinayətləri xalqımızın mübarizə əzmini qırmamış, Azərbaycan Ordusu bütün bu məhrumiyyətlərə son qoyaraq tarixi ədaləti bərpa etmişdir. 
    44 günlük Vətən müharibəsində Azərbaycan təkcə döyüş meydanında deyil, həm də siyasi-diplomatik müstəvidə qələbə qazanmışdır. Hazırda Azərbaycanın qazandığı Tarixi Zəfərin regionda yaratdığı yeni reallıqlar beynəlxalq birlik tərəfindən qəbul olunur və dəstəklənir. Çünki bu prinsiplər davamlı sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına xidmət edir, beynəlxalq hüquq normalarına əsaslanır. 
    2023-cü il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri erməni silahlı dəstələrinin tərk-silah edilməsi, kriminal xunta rejiminin fəaliyyətinə son qoyulması və dövlətimizin suverenliyinin onun bütün ərazisində bərpa olunması ilə nəticələndi. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə infrastruktur layihələri uğurla icra olunur, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi və inkişafı istiqamətində nəhəng layihələr həyata keçirilir. Bütün bunlarla yanaşı, Naxçıvan Muxtar Respublikasının ölkəmizin digər bölgələri ilə quru əlaqəsinin təmin olunması və Zəngəzur dəhlizinin açılması istiqamətində ardıcıl tədbirlər görülür. 
    Yuxarıda sadalananlar bir daha təsdiq edir ki, Zəfər Günü Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin liderlik məharətinin və Onun rəhbərliyi ilə ordumuzun malik olduğu yüksək hərbi-texniki hazırlığın, qəhrəman şəhidlərimizin və qazilərimizin rəşadətinin, ölkəmizdəki xalq-iqtidar birliyinin təntənəsidir. 
    Gələcək nəsillər üçün vətənpərvərlik, milli qürur və birlik nümunəsi olan Zəfər salnaməmiz daim təbliğ olunmalı, öyrənilməli və yaşadılmalıdır. 
    Naxçıvan Muxtar Respublikasının Ali Məclisi əlamətdar tarixi gün ərəfəsində şəhidlərimizin əziz xatirəsinə dərin hörmət və ehtiramını bildirir, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı Zəfər Günü münasibətilə təbrik edir!

Nəşr edilib : 07.11.2023 17:37