AZ EN RU

8 Noyabr – Zəfər Gününə həsr olunan intellektual yarış keçirilib

    Naxçıvan Dövlət Universitetində 8 Noyabr – Zəfər Günü ilə əlaqədar fakültələrarası intellektual yarış keçirilib. Ali təhsil ocağının Memarlıq və mühəndislik fakültəsinin önündə açıq havada təşkil olunan yarışda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Fakültənin dekanı, professor Cavanşir Zeynalov 44 günlük zəfər tariximizə nəzər salıb. Professor bu cür bilik yarışlarının tələbələrin dünyagörüşünə müsbət təsir göstərdiyini vurğulayıb. Sonra yarışa start verilib.
    3 turdan ibarət olan intellektual yarışın I turunda Azərbaycan ədəbiyyatı və tarixi, zəfər, informatika, idman, II mərhələdə fizika, Azərbaycan incəsənəti, 44 günlük müharibə, anatomiya, məntiq, final turunda isə iştirakçılara “Qarabağ Azərbaycandır!” mövzusunda və Naxçıvan Dövlət Universiteti ilə əlaqədar suallar təqdim olunub.
    Bütün mərhələlər üzrə suallara tez və düzgün cavab verməklə ali təhsil ocağının Tarix-filologiya fakültəsi yarışın qalibi olub. Fizika-riyaziyyat fakültəsi II, İqtisadiyyat fakültəsi isə III yeri qazanıb. Qalib və müvafiq yeri qazanan hər bir komandaya universitetin diplomu təqdim edilib. 

Səadət Əliyeva

Nəşr edilib : 03.11.2022 21:13