AZ EN RU

8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Bayraq Gününə həsr olunmuş elmi konfrans

    AMEA Naxçıvan Bölməsində keçirilən konfransdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev konfransdakı giriş sözündə ermənilərin cəfəng ideyalarını gerçəkləşdirmək üçün yüzilliklər boyu tarixi Azərbaycan torpaqlarında yerləşdirilməsindən, ölkədə hökm sürən ictimai vəziyyətdən söz açıb.
    Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu ilə bağlı həyata keçirdiyi islahatlar əsasında günü-gündən güclənən ordumuz 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəmanlıq salnaməsi yazmağa müvəffəq oldu. Düşünülmüş və uzaqgörən siyasət, eləcə də əsgər və zabitlərimizin cəsarəti bizə torpaqlarımızın azadlıq sevincini yaşatdı.
    Qarabağ zəfərinin üçüncü ildönümü ərəfəsində Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərədə qaldırılan Azərbaycan Bayrağını qələbəmizin davamı kimi səciyyələndirən bölmə sədri bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul olunmuş bayrağımız 70 il sonra ilk dəfə olaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən sessiyada qaldırılmış, həmin gündən etibarən üçrəngli bayraq mənəvi, mədəni birliyimizin, ərazi bütövlüyümüzün simvolu olmuşdur.
    Konfransda  bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, dosent Nuray Əliyeva, həmin institutun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov, elmi işçi Aysel İsmayılova müxtəlif mövzularında məruzə ediblər. Məruzələrdə II Qarabağ müharibəsi zamanı ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun torpaqlarımızı işğaldan azad etməsindən, Qarabağ zəfərinin ölkəmiz üçün tarixi əhəmiyyətindən söz açılıb.
    Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

Nəşr edilib : 06.11.2023 19:31