AZ EN RU

8 Noyabr – Zəfər Günü ilə bağlı tədbirlər keçirilib

    “Naxçıvan” Universitetində 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və 44 günlük Vətən müharibəsində canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbirdə çıxış edən universitetin rektoru, dosent Nurlana Əliyeva tədbir iştirakçılarını Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü münasibətilə təbrik edib. Bildirilib ki, xalqımız Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sen­tyabrın 27-də başlanan, 44 gün davam edən Vətən müharibəsində güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində Böyük Zəfərə imza atılıb. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik siyasəti və şanlı ordumuzun rəşadəti sayəsində qazanılmış Böyük Zəfər, eyni zamanda dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, xalqımızın “Dəmir yumruq” ətrafında sıx birləşməsi, gənclərimizin Vətən sevgisi, iqtidar-xalq və ordu birliyi sayəsində əldə olunub.
     Rektor Tarixi Zəfərimizdə milli-mənəvi dəyərlərin rolunu xüsusi vurğulayaraq milliyyətindən, dinindən, irqindən asılı olmayaraq, hər bir vətəndaşımızın, həqiqətən də, bir yumruq kimi eyni amal uğrunda birləşməsinin bizi qalib ölkəyə çevirdiyini bildirib.
    Tədbir bədii hissə ilə davam edib. Pedaqoji fakültənin tələbələrinin ifasında vətənpərvərlik mahnıları və şeirləri səsləndirilib. Yekunda isə Zəfər Günü ilə bağlı silsilə şəklində təşkil olunan idman yarışlarının qalibləri mükafatlandırılıb.

“Naxçıvan” Universitetinin 
mətbuat xidməti

***

    4 noyabr 2022-ci il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Tarixi qələbə – bizim qələbəmizdir” adlı tədbir keçirilib.
    Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tamella Əsgərova açaraq qeyd edib ki, 2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsində qazanılan qələbə tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Prezident cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevrildi. Ərazi bütövlüyümüz birmənalı olaraq təsdiq edildi. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi. Ermənistanın hərbi kapitulyasiyasına nail olduq. Azərbaycan Qarabağa qovuşdu, Tarixi Zəfərə imza atdı. Şəhidlərimizin, Xocalı qurbanlarının, zaman-zaman həyata keçirilən soyqırımları zamanı həlak olan günahsız insanların qisası alındı, işğalçı Ermənistana layiq olduğu yer göstərildi. Şanlı tariximizə çevrilən Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini, yenilməzliyini və birliyini bir daha dünyaya nümayiş etdirdi. 

    Sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kütləvi iş şöbəsinin müdiri Turqay Orucov, sistem inzibatçısı Nuray Paşayeva çıxış edərək bildiriblər ki, Azərbaycan tarixində, milli yaddaşımıza qızıl hərflərlə həkk olunmuş 8 noyabr yurdumuzun qəhrəmanlıq salnaməsi və şanlı qalibiyyəti kimi tarixə düşmüşdür. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. 
    Sonra tədbir iştirakçıları “Zəfər meydanı” adlı sənədli filmə baxıblar.
    Tədbirin sonunda “8 Noyabr – Zəfər Günü” adlı sərgiyə baxış keçirilib. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 04.11.2022 21:58