AZ EN RU

8 Mart Naxçıvan şəhərində

Təqvimdə Beynəlxalq Qadınlar Günü 8 mart  olsa da, onlara qayğı göstərməyin və sevindirməyin günü yoxdur. Bəs bu günün tarixçəsi nədən ibarətdir? ABŞ-da bir qrup işçi qadın öz hüquqlarını tələb etmək üçün etiraz aksiyaları keçirir və nəticədə bu tarix Beynəlxalq Qadınlar Günü kimi təqvimə həkk olunur.

Qadınların həyatımızda yeri danılmaz və ayrılmazdır. Bəzən işdən evə gələrkən səliqəli ev və isti yeməyin, bəzən isə ilk və ömürlük sevginin səbəbkarı ola bilirlər.

Biz də eynilə qadınların etiraz aksiyasında etdikləri cəsarətdən ilham alaraq bayram öncəsi Naxçıvan şəhərində 8 martla bağlı əhali ilə söhbətləşdik. Şəhərdə keçirtdiyimiz sorğuya olduqca əyləncəli, rəngarəng və təəccüb dolu cavablar aldıq. Artıq bəzi qadınların əllərində müxtəlif hədiyyələr və gül buketləri görmək mümkündür. Bundan əlavə, hələ öz hədiyyəsini və gül buketini yenicə almış və vermək üçün tələsən bəylərimizi də görmək olar. Yolların kənarlarında satış məqsədilə düzülən əlvan güllər şəhərə ayrıca bir yaraşıq verirdi.

 Sorğumuza “Şərq qapısı” qəzetinin yerləşdiyi ərazidən başlayıb, universitet şəhərciyində yekunlaşdırdıq.

Suallarımıza verilən cavablar bəylər və xanımlar tərəfindən müxtəlif oldu. Öncəliklə xanımlara ünvanladığımız “8 martda sizi nə xoşbəxt edər?” sualına bəzi xanımlar həyatındakı insanların daim yanlarında olmasını və sağlam görmək istəmələrini bildirdilər. Lakin xanımlar arasında öz xoşbəxtliklərini bahalı marka avtomobillərdə, ətirlərdə, telefonlarda və zinət əşyalarında görənlər də var idi. Əksər xanımlar cüzi şeylərdən belə xoşbəxt olacağını qeyd etdi, mən isə, “Sizə 8 martda nə alınsa xoşbəxt olarsınız?” - deyə sualı bir az daha genişləndirdim. Bəziləri “adi bir gül” cavabını verdi. Bu cavab mənə olduqca təəccüblü göründü. Bilmirəm bəlkə də bahalı hədiyyə cavabından  sonra “adi bir gül” cavabı mənim gözümdə qəribələşmişdi.

Hazır güllərdən söhbət açdıqsa, alınan güllərin ən çox tülpan, qızılgül və papatya olduğunu, şübhəsiz, qeyd etməliyik. Əgər siz bir təbriklə kifayətlənməyib simvolik məna daşıyan hədiyyə axtarışındasınızsa, bu güllərə üz tutmağınız məsləhətdir.

Bu sorğuda müəllimlərimizin cavabları, sözsüz ki, yetişdirib, təhsil verdikləri tələbələri ilə və ailələri ilə bağlı oldu. Onları isə əsl xoşbəxt edən tələbələrinin uğurlu olması və adi bir təbrik sözü ilə onların yad edilməsidir. Əgər siz neçə illər ərzində sizə dərs deyən müəllimləriniz və yaxınlarınızla danışmırsınızsa, bəlkə də bu gün ən uyğun vaxtlardan biridir. 

Bu sualın eynisini bəylərimizə ünvanladıqda isə, onların bəziləri bu sualın cavabını xanımların özlərinin belə bilmədiyini söylədi. Maraqlıdır, görəsən onlara bu sözləri deməyə başlarına gələn hansı hadisə vadar etmişdi? Bir neçə bəyimizin suallara cavabları qadınlarımızdan fərqlənmirdi. Onlar da qadınların bahalı hədiyyələrdən xoşbəxt olduğunu qeyd etsələr də, əksər bəylərimiz öz ətrafında  olan  xanımların onlardan maddi olaraq heç nə gözləmədiyini söylədilər. Gənc bəylərimiz isə həyatlarında heç bir xanımın olmadığını bildirərək, zarafatyana bu sualın cavabını sonradan əldə edəcəkləri təcrübə əsasında öyrənəcəklərini dilə gətirdilər. Maraqlı cavablar bir-birini əvəzləyir, biz isə yeni cavablar axtarmaq üçün sorğumuza davam edirik.

Bəzi bəylərimiz və xanımlarımız müsahibə alarkən təəssüf ki, fotoşəkil çəkdirməkdən imtina etdilər.

İşin qəribəsi də budur ki, xanımların bəzisi balaca olan boylarının bir az ucalması, hətta kimisi öz artıq çəkilərindən xilas olmağı əsl xoşbəxtlik sayırdılar. Hər dəfə verilən müxtəlif cavablar insanı daha da təəccübləndirirdi.

Növbəti sualımız isə belə oldu: “Qadınların həyatınızda rolu nədir?” Sualı yalnız bəylərə ünvanladıq. Onlar isə öz ailələrində olan xanımların onlar üçün dəyərindən danışıb, “Cənnət anaların ayaqları altındadır”, – deyə cavab verdilər. Onların bizim üçün müqəddəs olduğunu və daim onların qayğısına qalmalı olduğumuzdan danışdılar.

Bəylər, unutmayın, qadınları nəinki bahalı hədiyyələr və çiçəklərlə, bəzən adi bir xoş söz və təbriklə də xoşbəxt etmək mümkündür.

Sorğuda iştirak edən bəylərin təbriklərinə qoşularaq 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınlarımızı bu dəfə Naxçıvan şəhərinin küçələrində əhali ilə birlikdə təbrik edib onlara xoşbəxtlik arzuladıq. Sizin haqqınızda nə qədər yazıb-pozsaq da azdır. Axı siz bu diyarın qəhrəman övladlarını yetişdirən qəhrəman qadınlarısınız.

Rafiq TƏHMƏZOV

Nəşr edilib : 08.03.2024 11:27