AZ EN RU

8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

Naxçıvan Gənclik Mərkəzində “Sevinc – Milli-Mənəvi Dəyərlər və Müasir Çağırışlarla sintezin inkişafına dəstək” ictimai birliyinin təşkilatçılığı ilə 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə torpaqlarımız uğrunda canını fəda edən şəhidlərin əziz xatirəsi yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Şəhid Sadiqov Emin Rəşadət oğlunun anası Gülşad Rüstəmova, şəhid Rzayev Zülfü Zeyni oğlunun anası Mehparə Rzayeva, şəhid Abdullazadə Tağı İlham oğlunun həyat yoldaşı Nuranə Abdullazadə çıxış ediblər.

Qeyd edilib ki, qeyrətli, qəhrəman Vətən oğulları Şuşanı, Xocalını, digər torpaqları öz canları, qanları bahasına işğaldan azad ediblər. Şəhidlərimiz sayəsində xalqımızın başı ucadır. Bu gün həmin torpaqlarda quruculuq işləri gedir. Şəhid ailələri olaraq övladlarımızla qürur duyuruq. Şəhid anaları, bacıları, yoldaşlarının “Vətən sağ olsun!” kəlməsi Azərbaycan qadınının mərdliyinin, cəsarətinin, gücünün ən böyük göstəricisidir. Çıxış edənlər muxtar respublikada şəhid ailələrinə verilən dəyərə görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Dövlət Universitetinin professoru, “Sevinc – Milli-Mənəvi Dəyərlər və Müasir Çağırışlarla sintezin inkişafına dəstək” ictimai birliyinin təsisçisi Sevinc Abbasova şəhid ailələrini, iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətini qeyd edib. Bildirib ki, birliyin ilk tədbiri şəhid ailələri ilə keçirilir. Birliyin yaradılmasında əsas məqsəd insanları maarifləndirməkdir. Sevinc Abbasova qeyd edib ki, arzumuz budur ki, gənclərimiz Vətən torpaqları uğrunda canlarını fəda edən oğullarımız kimi qəhrəman, cəsarətli, Azərbaycan qadınları şəhid anaları kimi həmişə mübariz, iradəli  olsunlar.

Çıxış edənlər bayram münasibətilə qadınları təbik ediblər.

Tədbir bədii hissə ilə davam edib. Görkəmli dramaturq Hüseyn Cavidin “Qadın” şeiri səsləndirilib. “Yeni era” Uşaq və Gənclər Teatrının təqdimatında “Ana” kompozisiyası təqdim edilib. Sonra məktəblilər anaları ürək sözləri ilə təbrik ediblər. “İncilər” rəqs qrupunun təqdimatında “Zəfər” rəqsi tədbirə əhval-ruhiyyə qatıb.

Sonda “Sevinc – Milli-Mənəvi Dəyərlər və Müasir Çağırışlarla sintezin inkişafına dəstək” ictimai birliyinin təsisçisi Sevinc Abbasova tədbirə yekun vuraraq tədbirin təşkilinə dəstək göstərən, iştirak edən hər kəsə minnətdarlığını bildirib. Uşaqlara və şəhid ailələrinə hədiyyələr təqdim edilib.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 06.03.2024 18:38