AZ EN RU

8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd edilib

    8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Naxçıvan şəhərində yaşayan Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Həvayət Qurbanova ilə görüş keçiriblər.
    Görüş zamanı bildirilib ki, muxtar respublikada bütün qadınlar, o cümlədən zəhmətkeş qadınlarımız daim dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır, onlara qayğı göstərilir. Sonda Həvayət Qurbanovaya bayram hədiyyələri və gül buketi təqdim edilib.
    Həvayət Qurbanova və ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlətimizə öz minnətdarlığını bildirib. 

***

    Naxçıvan Dövlət Universitetində keçirilən tədbirdən öncə universitetin İncəsənət fakültəsində tələbələrin əl işlərindən ibarət sərgiyə baxış olub. Ali təhsil ocağının rektoru Elbrus İsayev müstəqillik illərində ölkəmizdə həyata keçirilən dövlət qadın siyasətindən, qadınların universitet elmi-ictimai mühütündəki rolundan danışıb. Rektor əlamətdar gün münasibətilə universitetin qadın əməkdaşlarını təbrik edib və işlərində uğurlar arzulayıb. 
    İngilis dili və tərcümə kafedrasının müdiri, dosent İlhamə Məmmədova qadınlar adından çıxış edib. Tədbir bədii hissə ilə davam edib. Sonda qadınlara hədiyyələr təqdim edilib. 

***

    “Naxçıvan” Universitetində keçirilən tədbirdə giriş sözü ilə çıxış edən universitetin rektoru, dosent Anar Kazımov universitetin qadın əməkdaşları və tələbələrinə bayram təbrikini çatdırıb. 
    Sonra universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru, dosent Nurlana Əliyeva, İdarəetmə kafedrasının müdiri, dosent İradə Bağırova və Xarici dillər kafedrasının müdiri Könül Babayeva çıxış ediblər.
    Tədbir konsert proqramı ilə davam edib.

***

    Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə  keçirilən tədbirdə qadınları bayram münasibətilə təbrik edib, Azərbaycan qadınının ictimai-siyasi həyatdakı rolundan danışıb.  Tədbirin rəsmi hissəsində Tədris və tərbiyə işləri üzrə prorektor Çapay Quliyev və Elmi katib Qurban Qurbanlı çıxış edib. 
    Sonra tələbələrin əl işlərindən ibarət sərgiyə, Tələbə Gənclər Təşkilatının təşkilatçılığı və institut əməkdaşlarının iştirakı ilə hazırlanan təbrik videoçarxına baxış olub. Tədbir tələbələrin hazırladığı bədii hissə ilə yekunlaşıb

***

    8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə  muxtar respublikanın rayonlarında da tədbirlər keçirilib. Tədbirlərdə rayon icra hakimiyyətinin başçıları qadınları əlamətdar bayram münasibətilə təbrik edərək bildiriblər ki, ölkəmizdə olduğu kimi,  muxtar respublikamızda qadınlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Onlar muxtar respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, bölgənin hərtərəfli inkişafına layiqli töhfələrini verir, uğurlu nəticələr qazanır, onların əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.     

    Belə ki, son illərdə Şərur rayonunda da 50-dən çox qadının əməyi öz qarşılığını alıb. Onlar Əməkdar müəllim, Əməkdar həkim adlarına layiq görülüb, “Tərəqqi” medalı, “Rəşadətli əməyə görə” nişanı, yüksək dövlət mükafatlarına layiq görülüb.  
    Babək rayonunda hazırda rayonun təhsil sahəsində çalışan 8 qadın “Azərbaycan Respublikasının Əməkdar müəllimi”, 11 qadın “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adı, 6 qadın isə “Tərəqqi” medalı ilə təltif olunub. Bundan başqa, 3 qadın müxtəlif illərdə “İlin ən yaxşı müəllimi” adına layiq görülüb. Mədəniyyət sahəsində 1 qadın Prezident mükafatına, səhiyyə sahəsində 3 qadın “Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi” fəxri adına, 1 qadın isə “Azərbaycan Respublikasının Əməkdar tibb bacısı” adına layiq görülüb. Eyni zamanda 4 qadın deputat kimi ictimai-siyasi fəaliyyətlə məşğuldur. 
    Ordubad rayonunda da qadınlarımız bütün sahələrdə fəal rol oynayırlar. Rayon əhalisinin 50 faizi qadındır. Onların sağlamlığının qorunması və məşğulluğunun təmin olunması, müvafiq peşəyə yiyələnmələri üçün ölkə rəhbərliyi tərəfindən ardıcıl tədbirlər görülür. Rayonda işləyən qadınların fəaliyyəti dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib. Son illər rayon qadınlarından 36 nəfəri Azərbaycan Respublikasının fəxri adlarına və mükafatlarına layiq görülüb, medal və nişanlarla təltif ediliblər.
    Bu gün Culfa rayonunun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrində çalışan qadınlar bilik və bacarıqları, işgüzarlıqları və ictimai-mədəni həyatdakı fəaliyyətləri ilə hər zaman seçilirlər. Son illər rayonun fəal qadınlarının aldıqları dövlət mükafatları, fəxri adlar bunu deməyə əsas verir. 

    Kəngərli rayonunda da qadınlar ictimai-mədəni həyatdakı fəallıqları ilə seçilir. Hazırda rayon üzrə təhsil sahəsində 531, mədəniyyət sahəsində 91, səhiyyə sahəsində 134 qadın çalışır. 32 qadın dövlət qulluqçusudur. Dövlət müəssisələrində çalışan 1836 nəfərdən 872-si qadındır.
    Muxtar respublikada da qadınların fəaliyyətinin dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsini Şahbuz rayonunun timsalında da aydın görmək olar. Belə ki, rayon qadınlarından 8-i Əməkdar müəllim, 1-i Əməkdar həkim,1-i Əməkdar jurnalist, 1-i Əməkdar tibb işçisi, 1-i Əməkdar artist adına layiq görülüb, 2 müəllim isə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub. Həmçinin respublikamızın inkişafındakı xidmətlərinə görə 6 nəfər “Tərəqqi” medalı və 2 nəfər “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilib. 
    Sədərək rayonunun idarə və təşkilatlarında müxtəlif sahələrdə 100-dən artıq qadın çalışır. Onların uğurlarının təməlində isə məhz dövlət qayğısı dayanır. Qadınlarımız bundan sonra da muxtar respublikamızın inkişafı naminə səylə çalışacaq, gənc nəslin Azərbaycançılıq və dövlətçilik ənənələrinə sadiqlik ruhunda tərbiyə olunmasında səmərəli fəaliyyətlərini davam etdirəcəklər. 
    Tədbirlərin sonunda ictimai-siyasi həyatında fəallıq göstərən qadınlar mükafatlandırılıb, şəhid analarına, rayonun sosial-iqtisadi həyatında fərqlənən qadınlara hədiyyələr təqdim olunub. Muxtar respublikamızın rayonlarında keçirilən bayram tədbirləri musiqi kollektivlərinin çıxışları ilə davam etdirilib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 07.03.2023 21:06