AZ EN RU

8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd edilib

Fevralın 7-də  Heydər Əliyev Sarayında Ümummilli  Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin  dayağıdır” mövzusunda  8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək bildirib ki,  Azərbaycan qadını tarix boyu cəmiyyətin aparıcı qüvvəsi kimi xalqımızın ictimai-siyasi həyatında fəal iştirak edərək milli dəyərlərə sadiq, ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olub. Bu gün də qadınlarımız Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verməklə beynəlxalq qadın hərəkatının fəal iştirakçılarıdır. 

Qeyd edilib ki, düşmənlə mübarizədə övladını, həyat yoldaşını Vətən üçün şəhid verən qadınlarımızın izzətli, təmkinli duruşu bu gün bütün dünyaya dərs olub. Onlar mərdlik və mətanət nümayiş etdirərək yurdumuzun hər qarışını canından əziz bilən bir nəsil yetişdiriblər. Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarına, xanımlarına, bacılarına ən xoş arzularımı çatdırıram. Azərbaycan xalqı daim onlara minnətdar olacaqdır. Əminik ki, dövlətimizin qayğısını daim öz üzərində hiss edən qadınlarımız bundan sonra da ölkəmizin inkişafı, ailə dəyərlərimizin yaşadılması, gənc nəslin Vətənə məhəbbət və Azərbaycançılıq ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasında səy göstərəcəkdir.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova qeyd edib ki, Ümummilli Lider ölkəmizə rəhbərliyinin hər iki dövründə qadın hərəkatının təşəkkül tapmasını və həyata keçirilməsini dövlətçiliyin prioritet istiqaməti olaraq daim diqqətdə saxlayıb.  Azərbaycan Respublikasında qadın hüquqları ilə əlaqədar möhkəm, dayanıqlı hüquqi baza yaradılıb, ölkəmiz müvafiq sahə ilə bağlı beynəlxalq  konvesiyalara qoşulub. Ölkə prezidenti cənab İlham Əliyev tərəfindən hazırda müstəqil ölkəmizdə Ümummilli Liderimizin müəyyənləşdirdiyi dövlət qadın və gender siyasəti uğurla davam və inkişaf etdirilir. Ölkəmizdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri  üzrə Dövlət Komitəsinin yaranması və müvafiq olaraq Naxçıvan Muxtar Respublikasında bu komitənin yaradılması, həmçinin müvafiq sahədə qəbul edilən qanunvericilik aktları ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunu artırıb. Hazırda qadınlarımız arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlər vardır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva  öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə  Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır.

Vurğulanıb ki,  Naxçıvan qadınları muxtar respublikanın sosial-iqtisadi, mədəni, ictimai həyatında fəal iştirak edirlər. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri  üzrə Dövlət Komitəsi tərəfindən icra olunan layihələr çərçivəsində aztəminatlı və sağlamlıq imkanları məhdud olan 192 qadına  sərmayə kapitalı verilib, maliyyə dəstəyi göstərilib. Hazırda həmin qadınlar təsərrüfat sahəsində, eləcədə sahibkar kimi öz fəaliyyətlərini qurub və müvafiq sahədən gəlir əldə edərək onu daha da artırıblar. Ötən il 389 ailə özünüməşğulluq proqramına cəlb edilib ki, bunun da 122-si qadındır. Muxtar respublikada qadınların fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.  Belə ki 185 qadın Azərbaycan Respublikasının, 188 qadın Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülüb, 171 qadın isə orden, medal və nişanlarla təltif olunublar. Bütün bu göstərdiyi diqqət , qayğıya görə muxtar respublika qadınları adından  prezident cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.

Şəhid baş leytenant Raqib Hüseynovun anası Rəna Hüseynova şəhid ailələrinə göstərilən diqqətə görə minnətdarlıq edib. Naxçıvan Dövlət Universitetinin tələbəsi, Prezident təqaüdçüsü Turac Mehdiyeva dövlətin təhsilə göstərdiyi qayğıdan, qadınlar üçün yaradılan imkanlardan danışıb.

Çıxış edənlər şəhid və qazi anaları, bacıları və yoldaşları başda olmaqla bütün qadınları  təbrik edib, onlara can sağlığı, ailə səadəti, xoşbəxtlik arzu ediblər.

Sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müxtəlif nominasiyalar üzrə qadınlar təltif olunub.

Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanan “Azərbaycan qadını – keçmişimiz və bu günümüz” mövzusunda filmə baxış olub.

Naxçıvan Dövlət Filarmoniyasının birləşmiş orkestrləri, Naxçıvan şəhər uşaq, musiqi, incəsənət məktəbi,  Naxçıvan şəhər 11 nömrəli körpələr evi və uşaq bağçasının rəqs qrupunun hazırladığı kompozisiya, mahnı və rəqs nömrələri tədbirə xoş əhval-ruhiyyə qatıb.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 07.03.2023 11:04