AZ EN RU

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirlər keçirilib

    Şəhid analarının iştirakı ilə Naxçıvan şəhərində yerləşən “Qızıl ay” restoranında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə çay süfrəsi ətrafında tədbir keçirilib. Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək başda şəhid anaları, şəhidlərin həyat yoldaşları və bacıları olmaqla bütün Azərbaycan xanımlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara ən xoş arzularını ifadə edib. İcra başçısı tarixin bütün dövrlərində Azərbaycan qadınının ağlı, təmkini, vəfası və yüksək analıq keyfiyyətləri ilə seçildiyini, zərifliyin, nəcibliyin, gözəlliyin rəmzi olduğunu söyləyib. Azərbaycan qadınının bütün dünyaya nümunə olduğunu, eləcə də onların vətənpərvərliyin təbliğatçısı kimi rolunu vurğulayan Mirsənani Seyidov bildirib ki, məğrur, qəhrəman analarımızın yetişdirdiyi igid oğullar 30 il işğal altında qalan torpaqlarımızı 44 gündə azad etməyi bacardılar. İcra başçısı belə qəhrəmanları böyüdən analara minnətdarlığını bildirib.
    Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısının müavini Təhminə Mustafayeva və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədovun da çıxışları olub. Onlar ölkəmizin hərtərəfli inkişafında, eyni zamanda ərazi bütövlüyünün təmin olunması uğrunda canından keçmiş Vətən oğullarının yetişməsində Azərbaycan qadınlarının rolundan bəhs ediblər. 
    Tədbirdə iştirak edən şəhid anaları onlara və ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər. 
    Sonda şəhid analarına gül dəstəsi və hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib. 

 Gülcamal TAHİROVA

***

    Tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev Azərbaycan qadınının cəmiyyətimizdəki rolundan, AMEA-da qadınların elmin inkişafına bəxş etdiyi töhfələrdən danışıb. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan qadını haqqında fikirlərinə diqqət çəkən bölmə rəhbəri bu gün zərif cinsin nümayəndələrinin ölkədə gedən ictimai, siyasi və mədəni proseslərdə, həyatın bütün sahələrində uğurla təmsil olunduğunu bildirib. İsmayıl Hacıyev çıxışının sonunda bölmənin qadın kollektivini təbrik edib, onlara xoş arzularını çatdırıb.
    Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Cəfərova tədbirdə “Mübariz ruhlu Azərbaycan qadınları” mövzusunda məruzə edib.
    Məruzəçi “Kitabi-Dədə Qorqud” dastanındakı bəzi qadın obrazlarının, Möminə xatın, Sara xatın, Nigar, Həcər, Xurşidbanu Natəvan, Həmidə Cavanşir kimi qeyrətli xanımlarımızı xatırladaraq Azərbaycan qadınının obrazlı portretini yaradıb.
    Birinci vitse-prezident Mehriban xanım Əliyevanın timsalında bu gün Azərbaycan qadınının cəmiyyətdəki mövqeyindən söz açan Aytən Cəfərova zəngin mənəvi keyfiyyətlərə sahib qadınların cəmiyyətin, eləcə də həyatın müxtəlif sahələrinin inkişafındakı rolundan, daşıdıqları mühüm vəzifələrdən danışıb.
    Tədqiqatçı Qarabağ müharibələri zamanı şəhid olmuş qadınlarımızın mərdliyindən, şəhid analarının, şəhid xanımlarının mətanətindən danışıb, Ulu Öndər Heydər Əliyevin Azərbaycan qadını haqqında söylədiyi fikirlərdən sitatlar gətirib. O, qadın obrazının bədii ədəbiyyatda, poetik nümunələrdə əksi məsələsinə diqqət çəkib.
    Sonda çıxış edən Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov qadın adını şərəflə daşıyan bütün xanımları əlamətdar gün münasibətilə təbrik edib, ürək sözlərini bildirib.

AMEA Naxçıvan Bölməsinin 
mətbuat xidməti

Nəşr edilib : 06.03.2023 20:30