AZ EN RU

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirlər keçirilib

    Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Emin Məmmədov çıxış edib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında dövlət qadın siyasəti uğurla həyata keçirilir. Naxçıvan qadınlarının ictimai-siyasi fəaliyyətinin ildən-ilə artması bu siyasətin uğurlu nəticəsidir. 
    Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərində və dövlət idarəçiliyində muxtar respublikamızın xanımları da yaxından iştirak edərək ictimai-siyasi, sosial-iqtisadi və mədəni proseslərin fəal iştirakçısına çevrilib. Hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının 24 faizini qadınlar təşkil edir. Həmçinin Naxçıvan Muxtar Respublikasından Azərbaycan Milli Məclisinə seçilən 7 deputatdan 1-i qadındır. Sonuncu bələdiyyə seçkilərində üzvlərin 221-ni qadınlar təşkil edib ki, onların da 9-u bələdiyyə sədridir. Muxtar respublikanın idarə və təşkilatlarında 266 qadın rəhbər vəzifələrdə işləyir. 

    Vurğulanıb ki, muxtar respublika qadınlarının əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir, onlar Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, müxtəlif orden və medallara layiq görülürlər. Əminik ki, dövlətimizin qayğısını daim öz üzərində hiss edən qadınlarımız bundan sonra da muxtar respublikamızın inkişafı, ailə dəyərlərimizin yaşadılması naminə səylə çalışacaq, gənc nəslin Vətənə, torpağa məhəbbət, Azərbaycançılıq və dövlətçilik ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına diqqət yetirəcəkdir.
    Emin Məmmədov 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib. 
    Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov qadınlara təbriklərini çatdıraraq vurğulayıb ki, tarixboyu olduğu kimi, bu gün də qadınlarımız Azərbaycanın inkişafına dəyərli töhfələrini verir. Doğma Naxçıvanda qadın adı bütün dövrlərdə uca tutulub. Hələ 8 əsr bundan əvvəl böyük memarımız Əcəmi Naxçıvani möhtəşəm Möminə xatın türbəsini bina etməklə Şərqdə qadın-ana adının nə qədər uca tutulduğunu bütün dünyaya nümayiş etdirib. Qadına yüksək dəyər və ehtiram yüksək istedada və intellektual potensiala malik qadınlarımızın dövlət idarəçiliyində irəli çəkilməsi bu gün muxtar respublikada həyata keçirilən dövlət siyasətinin əsasını təşkil edir.
    Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 28 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması muxtar respublikada qadınlara göstərilən diqqətin ali təzahürüdür. Naxçıvan qadınlarının ictimai-siyasi fəaliyyətinin ildən-ilə artması muxtar respublikada həyata keçirilən gender siyasətinin uğurlu göstəricisi hesab olunur. 
    Diqqətə çatdırılıb ki, ötən 3 il ərzində Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən icra edilən və müvafiq olaraq Avropa İttifaqının, BMT-nin İnkişaf Proqramının, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin maliyyələşdirdiyi müxtəlif layihələri öz bəhrələrini verməkdədir. Bu layihələr çərçivəsində aztəminatlı və sağlamlıq imkanları məhdud olan 128 qadına 86 min 250 manat dəyərində sərmayə kapitalı verilib. Cari ildə isə İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilən Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsi icra olunacaqdır. Hazırda muxtar respublikada sahibkarlıq fəaliyyəti ilə yanaşı, qadınlar ailə təsərrüfatlarında da təmsil olunurlar. Bu günədək 1209 ailə təsərrüfatı qeydiyyata alınıb ki, bunun da 98-i qadınlar tərəfindən idarə olunur.
    Ramilə Seyidova qadınlara göstərilən diqqət, qayğı və yüksək dəstəyə görə muxtar respublika qadınları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib. Komitə sədri bütün qadınları, o cümlədən şəhid və qazi analarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə  təbrik edib.
    Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aidə Cəlilzadə  qadınların ictimai-siyasi proseslərdəki fəallığından danışaraq bildirib ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sıralarında təmsil olunan üzvlərin 25 min 380-i qadındır. Ümumilikdə, partiyanın üzvü olan qadınlardan 11 min 722 nəfəri ali təhsilli, 4844 nəfəri isə orta ixtisas təhsillidir. 
    Tədbirdə ailə təsərrüfatçısı Yaqut Babayeva və Naxçıvan Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin sədri Təbrizə Bağırovanın da çıxışları dinlənilib.
    Sonra muxtar respublikanın ictimai-siyasi həyatında fəal iştirak edən 46 qadına Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin müxtəlif nominasiyalar üzrə diplomları təqdim edilib və “Müstəqillik illərində Naxçıvan qadınlarının keçdiyi tarixi yol” mövzusunda filmə baxış olub. 
    Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivlərinin və Naxçıvan şəhər 11 nömrəli uşaq bağçasının balaca fidanlarının hazırladığı kompozisiya, rəngarəng mahnı və rəqs nömrələri nümayiş etdirilib. 
    Tədbir çərçivəsində istedadlı qadınların rəsm və əl işlərindən, eləcə də qadınlar tərəfindən nəşr olunan kitablardan, ailə təsərrüfatı ilə məşğul olan qadınların istehsal etdiyi məhsullardan ibarət sərgiyə baxış olub. Tədbir iştirakçılarına bayram hədiyyələri təqdim olunub.

 Gülcamal TAHİROVA

Nəşr edilib : 05.03.2022 21:05