AZ EN RU

8 istiqamət üzrə işə qəbul üçün sənəd qəbulu davam etdirilib

    İyul ayında Dövlət İmtahan Mərkəzi tərəfindən muxtar respublikada müxtəlif istiqamətlər üzrə elan olunmuş müsabiqələrə sənəd qəbulu, eyni zamanda dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarət davam etdirilib.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin əməkdaşları və könüllülərdən ibarət səyyar xidmət qrupu tərəfindən 15-18 iyul tarixlərdə Şərur və Ordubad Rayon Təhsil şöbələrinin inzibati binasında bu rayonlarda yaşayan 118 namizədə səyyar xidmət göstərilib. Onu da qeyd edək ki, rayonlarda həyata keçirilən səyyar xidmət layihəsinin məqsədi vaxt və maliyyə itkisinin qarşısının alınması, rayonlarda yaşayan, elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən, Dövlət İmtahan Mərkəzinin inzibati binasına gələ bilməyən vətəndaşlara səyyar elektron xidmət göstərmək olub. 
    İyul ayı ərzində Dövlət İmtahan Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti, dövlət ümumtəhsil müəssisələrində, Naxçıvan Musiqi Kollecində, AMEA Naxçıvan Bölməsində, dövlət qulluğu üzrə inzibati vəzifələrin 5-7-ci təsnifatına, Səhiyyə Nazirliyinin tabeliyindəki müəssisələrdə, Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrdə və dövlət musiqi təhsili müəssisələrində, ümumilikdə, 1213 vakant vəzifənin tutulması üçün müsabiqələrə sənəd qəbulu davam etdirilib. 

Naxçıvan Muxtar Respublikası 
Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti

Nəşr edilib : 10.08.2022 18:50