AZ EN RU

74 boyakarlıq əsəri ilə: “Təəssürat”

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda rəssam Şahin Rəsulzadənin “Təəssürat” adlı fərdi yaradıcılıq sərgisi açılıb.

Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş tədbiri giriş sözü ilə sənətşünas alim Rəssamlar Birliyinin fond mühafizi Nizami Alıyev açaraq bildirib ki, rəssam-impressionist Şahin Rəsulzadənin yaradıcılığı rəngarəngliyi ilə diqqət çəkir. Onun müxtəlif mövzularda çəkdiyi rəsmlər tamaşaçının ilk baxışdan diqqətini cəlb edir. Xüsusilə etüd janrında çəkilmiş əsərlərində doğma diyarın təbliği ön sırada dayanır.

Tədbirdə Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, Naxçıvan Dövlət Universitetinin dekanı Cavid İsmayılov, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov və birliyin digər üzvləri istedadlı rəssamın yaradıcılığından söz açıb, sərgi haqqında fikirlərini bildirib, müəllifə uğurlar arzulayıblar.

Qeyd edək ki, bir həftə davam edəcək sərgidə Şahin Rəsulzadənin 74 boyakarlıq əsəri nümayiş olunur.

                                                 Aidə İBRAHİMOVA

Nəşr edilib : 10.01.2024 17:14