AZ EN RU

600 baldan yuxarı nəticə göstərən abituriyentlərlə görüş keçirilib

    Naxçıvan Dövlət Universitetində keçirilən tədbiri giriş sözü ilə açan universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Arzu Abdullayev qəbul imtahanında yüksək bal toplayan abituriyentlərlə görüşlərin keçirilməsinin artıq ənənə halını aldığını qeyd edib.
    Bildirilib ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində muxtar respublikamızın çoxşaxəli həyatının bütün sahələrində olduğu kimi, elm və təhsilin inkişafı sahəsində də zəngin maarifçilik ənənələrinə malik qədim Naxçıvan diyarında qabaqcıl dünya standartlarına cavab verən Naxçıvan Dövlət Universiteti qurulmuşdur.
    Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda Naxçıvan Dövlət Universitetinin də qarşıdakı mərhələlər üzrə perspektivləri müəyyən edilib. Bu tarixi əhəmiyyətli dövlət sənədində bu ali məktəb ilə digər ölkələrin universitetləri arasında əməkdaşlıqların güclənməsi, birgə proqramların təşkil olunması, həmçinin universitetlərdə yeni məzmunlu proqramların (SABAH, ingilisdilli tibb fakültəsi, tibbi tədqiqat klinikası və sair) tətbiqi üzrə layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Dövlət Proqramının səmərəli icrası nəticəsində artıq Naxçıvan Dövlət Universitetinin nəzdində ingilisdilli orta məktəb fəaliyyətə başlayıb. Prorektor əminliklə bildirib ki, Azərbaycan təhsil tarixində ilklərə imza atan Naxçıvan Dövlət Universiteti Dövlət Proqramının icrası istiqamətində də öz töhfəsini verəcək.
    Ali təhsil ocağının genişmiqyaslı imkanlarından söz açan prorektor universitetin bir neçə sahədə ölkə miqyasında model universitet olduğunu vurğulayıb.     
    Universitetdə ikili diplom proqramlarının fəaliyyətindən danışan prorektor qeyd edib ki, bu proqramlar üzrə təhsil alan tələbələr xarici ölkələrlə bağlanılan müqavilələrə əsasən Naxçıvan Dövlət Universiteti ilə yanaşı, həm də həmin ölkələrin universitetlərinin diplomunu əldə etmə imkanına malik olacaqlar. 
    Sonra universitetin tanıtım videoçarxı nümayiş olunub. Görüş iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb, abituriyentlərə hədiyyələr təqdim olunub, onlar fakültələri gəzib, müasir tədris üsulları ilə tanış olublar.

Naxçıvan Dövlət Universitetinin 
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 15.08.2023 19:19