AZ EN RU

6 gün ərzində muxtar respublikada 11 milyon kvadratmetrdən artıq ərazi dezinfeksiya olunub

    Muxtar respublikada infeksion və mövsümi xəstəliklərə, viruslara qarşı yaşayış binaları, prospektlər, avtomobil yolları və insanların sıx toplaşdığı yerlər dezinfeksiya edilir, qabaqlayıcı genişmiqyaslı profilaktik tədbirlər görülür. Təsdiq olunan Tədbirlər Planına uyğun olaraq iyulun 1-dən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, Gigiyena və Epidemiologiya Mərkəzi və Dövlət Baytarlıq Xidmətinin birgə təşkilatçılığı ilə bütün yaşayış məntəqələrində genişmiqyaslı dezinfeksiya işləri aparılır. 
    Qrafik əsasında səhər saatlarından etibarən Fövqəladə Hallar Nazirliyinin 12 xüsusi təyinatlı avtomobilinin iştirakı ilə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarındakı avtomobil yolları, piyada səkiləri dezinfeksiya olunur. Fövqəladə Hallar Nazirliyinin 90 nəfərə yaxın şəxsi heyəti, Gigiyena və Epidemiologiya Mərkəzinin dezinfeksiya qrupu və Dövlət Baytarlıq Xidmətinin dezinfeksiyaedici avtomobili tərəfindən isə bazarlar və böyük ticarət mərkəzləri, muzeylər, tarix-memarlıq abidələri, istehsal müəssisələri, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların inzibati binaları və xidmət sahələri, ümumiyyətlə, insanların daha çox istifadə etdiyi yerlər dezinfeksiya olunur.
    Genişmiqyaslı tibbi profilaktik tədbirlər iyulun 10-dək davam etdiriləcək.

Naxçıvan Muxtar Respublikası 
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 06.07.2022 20:53