AZ EN RU

5 mart – Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib

    Naxçıvan Muxtar Respublikası Təhsil, Gənclər və İdman nazirliklərinin və Atletika Federasiyasının təşkilatçılığı ilə 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr edilmiş atletika üzrə muxtar respublika birinciliyi keçirilib. Atletikanın qaçış, yadro itələmə və nizəatma növləri üzrə təşkil edilən yarışın məqsədi uşaq və yeniyetmələrin atletika idman növünə marağını artırmaq, şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, həmçinin xüsusi bacarığı ilə seçilən idmançıları müəyyən etməkdir.
    İki mərhələdə nəzərdə tutulan birinciliyin, 1-ci mərhələsi şəhər və rayondaxili yarışlar formasında keçirilib. Şəhər və rayondaxili yarışlarda 1-ci yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanıb. Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən birincilikdə muxtar respublikanın ümumtəhsil məktəblərindən 8 komanda iştirak edib. Oyunların yekun nəticəsinə əsasən Naxçıvan şəhər komandası I, Sədərək rayon komandası II, Şərur rayon komandası isə III yeri tutaraq qalib olublar.
    Mükafatlandırma mərasimində Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, gənclər və idman naziri Ramil Hacı qalibləri təbrik edib, muxtar respublikada idmana göstərilən qayğıdan danışıblar.
    Sonda qalib komanda və idmançılara Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin diplomu, Atletika Federasiyasının kubok, diplom və medalları təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Təhsil 
  Nazirliyinin mətbuat xidməti

*     *     *

    Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyası və universitetin təşkilatçılığı ilə ali təhsil ocağının idman kompleksində keçirilən tədbirdə əvvəlcə idmançı tələbələrin qazandığı diplom və medallardan ibarət sərgiyə baxış olub.

    Tədbirdə giriş sözü ilə çıxış edən rektor, dosent Elbrus İsayev universitetdə son illərdə idman sahəsində qazanılan uğurlardan danışıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 2005-ci il martın 4-də imzaladığı Sərəncama əsasən hər il martın 5-i ölkəmizdə, o cümlədən muxtar respublikamızda “Bədən Tərbiyəsi və İdman Günü” kimi qeyd olunur. Vurğulanıb ki, dövlət başçısının diqqət və qayğısı nəticəsində Azərbaycanın hər yerində müasir idman kompleksləri tikilib istifadəyə verilir, mövcud idman obyektləri günün tələblərinə uyğun yenidən qurulur, maddi-texniki baza möhkəmləndirilir. Çıxışda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2020-ci il fevralın 14-də “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında imzaladığı Sərəncamın icrası istiqamətində ali təhsil ocağında görülən işlərdən bəhs edilib. 
    Universitetin İdman klubunun sədri, Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının sədr müavini Məmmədəli Rəhimov muxtar respublikada müstəqillik dövründə bədən tərbiyəsi və idmana göstərilən dövlət qayğısından danışıb. Universitetdə müxtəlif idman sahələri üzrə keçirilən məşqlər haqqında məlumat verilən çıxışda bildirilib ki, idman sahəsində xüsusi bacarığı ilə seçilən tələbələr may ayının 11-də Bakıda keçiriləcək ali məktəblərin birinciliyində universiteti təmsil edəcəklər. 
    Məşqçilik ixtisası üzrə II kurs tələbəsi, fakültə Tələbə İdman Şurasının sədri, İbrahim Xəlil Axundlu adına fəxri təqaüdçü Abbas Məmmədov qazandığı nailiyyətlər haqqında iştirakçılara məlumat verib, idmançı tələbələrə uğurlar arzulayıb.
    Sonra Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universiteti basketbol komandaları arasında yoldaşlıq görüşü keçirilib. Naxçıvan Dövlət Universitetinin basketbol komandası 18:9 hesablı qələbə qazanıb. 

Etibar DƏRBƏNDƏLİYEV 
Jurnalistika ixtisası üzrə IV kurs tələbəsi

*     *     *

    Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyi və 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə keçirilən karate üzrə Naxçıvan şəhər açıq birinciliyi İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşıb.
    Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi, Gənclər Fondu və Naxçıvan Karate-do Federasiyası tərəfindən birgə təşkil olunan yarış muxtar respublikada karatenin inkişafı və təbliği, bu sahədə kütləviliyin təmin edilməsi, eləcə də federasiya tərkibində fəaliyyət göstərən klubların işinin təkmilləşdirilməsi məqsədi daşıyıb.

    Olimpiya sisteminə əsasən qalibin müəyyənləşdiyi birincilikdə uşaq, yeniyetmə və gənclər olmaqla, ümumilikdə, 10 yaş qrupu üzrə 20 çəki dərəcəsində görüşlər keçirilib. Yarışı ilk üç sırada tamamlayan idmançılara diplom və medallar təqdim olunub.
    Qeyd edək ki, Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyi və 5 mart – Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı təsdiq olunan tədbirlər planına əsasən Naxçıvanda həftə sonunadək bir sıra idman yarışları keçiriləcək.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin

mətbuat xidməti

Nəşr edilib : 04.03.2022 21:06