AZ EN RU

5 mart – Bədən Tərbiyəsi və İdman Günü

Ölkə Prezidenti cənab İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər ilin 5 mart tarixi Azərbaycanda “Bədən Tərbiyəsi və İdman Günü” kimi qeyd edilir. Qədim idman ənənələri ilə seçilən ölkəmizdə bu sahənin inkişaf strategiyasının təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Dahi şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət yetirilib, gənc nəslin fiziki, əqli cəhətdən sağlam böyüməsinə qayğı ilə yanaşılıb. Görkəmli dövlət xadiminin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması ölkədə idmanın inkişafında güclü təkanla nəticələndi. Məhz bu dövrdən başlayaraq Azərbaycanda idmanın və olimpiya hərəkatının inkişafı üçün dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilməyə başlanıldı. 1997-ci ildən gənclər və idman siyаsəti yeni mərhələyə qədəm qоydu. Həmin ilin 31 iyulunda cənab İlhаm Əliyеvin Milli Оlimpiyа Kоmitəsinin prеzidеnti sеçilməsindən sоnrа ölkəmizdə idmаn hərəkаtı daha da gеnişləndi, bu sahənin inkişafına xidmət edən kоmplеks tədbirlərin həyаtа kеçirilməsinə start verildi. Azərbaycana rəhbərliyi dövründə isə ölkənin idman həyatında yeni inkişaf konsepsiyası tətbiq olundu. Nəticədə, bədən tərbiyəsi və idman sahəsində kütləvilik artdı, güclü idmançı nəsli yetişdi, Azərbaycan etibarlı ev sahibi olan ölkə kimi nüfuz qazandı,  beynəlxalq aləmdə böyük uğurlar əldə edildi.

          Bunlara misal olaraq, 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatı, I Avropa Oyunları, 17 yaşadək oğlanlar arasında futbol üzrə Avropa çempionatı, 42-ci Ümumdünya Şahmat Olimpiadası, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 Azərbaycan Qran-priləri,  güləş, cüdo, atıcılıq, gimnastika və bir çox idman növləri üzrə qitə və dünya çempionatlarını qeyd edə bilərik. Futbol üzrə Avropa çempionatının final mərhələsinin qrup görüşlərinin üç, dörddəbir, finalın isə bir oyununun Bakıda keçirilməsinə nail olmaq kimi mühüm nailiyyət də ölkəmizin beynəlxalq sferada artan nüfuzundan irəli gəlir. Müstəqillik illərində Yay Olimpiya Oyunlarından, ümumilikdə,  49 medal medal qazanıldı. Sonuncu Paralimpiadada əldə olunan tarixi uğur isə bir daha göstərir ki, ölkəmizdə idman əhatəli şəkildə inkişaf edir və bu mənada, sağlamlıq imkanları məhdud şəxslərin idmana cəlbi, onlara göstərilən dövlət dəstəyi öz bariz nəticələrini verməkdədir. Xatırladaq ki, Azərbaycanın yığma komandası Tokio Paralimpiadasını 14-ü qızıl, 1-i gümüş, 4-ü bürünc olmaqla,  19 medalla tamamlayaraq ölkə tarixində ilk dəfə olaraq bu mötəbər yarışlarda ilk onluğa yüksəlməyi bacarıb. Ölkəmizi beynəlxalq arenada ləyaqətlə təmsil edən idmançılarımız tərəfindən ilbəil böyük nailiyyətlər əldə olunur. Təkcə ötən il təmsilçilərimiz beynəlxalq yarışlarda 464-ü qızıl, 398-i gümüş, 610-u bürünc olmaqla, ümumilikdə, 1472 medal qazanıblar.

          Ümumiyyətlə, olimpiadalar da daxil olmaqla bir sıra nüfuzlu yarışlarda uğur qazanmış, səmərəli fəaliyyəti ilə seçilən idman ictimaiyyəti nümayəndələri dövlətimiz tərəfindən davamlı olaraq mükafatlandırılırlar. Bütün bunlar onların əhvali-ruhiyyəsini, maddi və psixoloji vəziyyətini yüksəltməklə stimullaşdırıcı xarakter daşıyır. Ölkə başçısı həmişə olduğu kimi, ötən il də idmançılarımızı sevindirdi. Belə ki, Prezident cənab İlham Əliyevin Azərbaycanda idmanın inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında 2023-cü il 20 dekabr tarixli Sərəncamına əsasən 1 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, 17 nəfər “Tərəqqi” medalı ilə təltif edilib. Bundan başqa, Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə 3 nəfərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib. Həmçinin ölkə idmanının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 4 nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü təyin edilib. İdman ictimaiyyətinin 29 nümayəndəsinə isə mənzil verilib. Təltif olunanlarla Prezidentin görüşü də xüsusilə izlənildi. Çünki budəfəki görüş Bakıda deyil, azadlığına qovuşan Qarabağımızda reallaşdı. Xankəndi stadionunda böyük rəmzi məna daşıyan görüş – futbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsində “Qarabağ” və “MOİK” komandaları arasında matç keçirildi və oyunu birinci xanım, vitse-prezident Mehriban Əliyeva və şəhid ailələri ilə birgə izləyən ölkə başçısı fasilədə 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə həmin idman ictimaiyyəti nümayəndələri ilə görüşdü. Prezident görüşün burada keçirilməsini idmançılara olan münasibəti, hörməti ilə əlaqələndirmiş və tarixi matçın əhəmiyyətini önə çəkərək demişdir: “Dünyada hələ ki, belə bir nümunə olmayıb ki, xalq, dövlət öz torpağını – uzun illər işğal altında olmuş torpaqları döyüş meydanında qan tökərək, şəhidlər verərək azad etsin, qursun, yaratsın və cəmi üç ildən sonra artıq azad edilmiş torpaqlarda futbol matçı keçirilsin, vətəndaşlar Bakıdan, digər yerlərdən gəlib buna tamaşa etsinlər və qürur hissi yaşasınlar. Biz tarix yazmışıq, yazırıq və bu gün dediyim kimi, Xankəndi cəmi üç ay bundan əvvəl azad edilmişdir, ancaq artıq Xankəndi – Azərbaycan şəhəri olan Xankəndi yaşayır və dirçəlir”. Qeyd etmək lazımdır ki, böyük Zəfərin ardınca azad edilmiş ərazilərdə dövlətimizin apardığı genişmiqyaslı quruculuq-bərpa işlərinin tərkib hissəsi kimi idman infrastrukturunun yaradılması da əsas planlara daxildir. Xankəndiyədək artıq Şuşada “Shusha Chess” beynəlxalq şahmat turniri, Suqovuşanda “Mingəçevir reqatası-2022” beynəlxalq avarçəkmə turniri, Zəngilanın Ağalı kəndində isə “Zəfər yürüşü” triatlon turniri keçirilmiş, yeni idman bölmələri yaradılmışdır. Bu il də azad olunmuş ərazilərdə yeni infastruktur layihələrinin icrası, o cümlədən idman yarışlarının təşkili davam etdiriləcəkdir.

          Ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da bədən tərbiyəsi və idmanın inkişafına xüsusi qayğı göstərilir. Son illər bu istiqamətdə görülən işlər daha intensiv xarakter alıb. Gənc nəslin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması diqqət mərkəzində saxlanılır. Yenilənən və genişlənən infrastruktur, yaradılan müasir idman mühiti və qazanılan uğurlar gənclərin bədən tərbiyəsi və idmana olan marağını daha da artırır. İdmançılarımız ölkə və beynəlxalq arenalarda keçirilən yarışlarda, irimiqyaslı və nüfuzlu çempionatlarda, turnirlərdə uğurla təmsil olunur, müxtəlif mükafatlara layiq görülürlər. Təkcə ötən il ölkəmiqyaslı yarışlarda 153, beynəlxalq turnirlərdə 62, Avropa çempionatlarında  6, dünya çempionatlarında 4 olmaqla, ümumilikdə, 225 medal qazanılıb. Medallardan 67-si qızıl, 67-si gümüş, 91-i isə bürüncdür. İdmançılarımız ölkəmizin, eləcə də Türkiyə, Gürcüstan, İtaliya, Rumıniya, Albaniyanın müxtəlif şəhərlərində keçirilən 10-dan çox beynəlxalq və dünya səviyyəli yarışlarda iştirak ediblər. Ötən ilin uğurlu idmançıları arasında dünya və Avropa çempionluğu sevinci yaşayanlar var. Belə ki, Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində güc idman növləri üzrə ilk dünya çempionatında ölkəmizi benç press növündə 90 kiloqram çəki dərəcəsində təmsil edən Əli Əsgərov həm öz çəkisində çempion olub, həm də benç press növünün mütləq qalibi adına yiyələnib. 9 yaşlı idmançımız Yasin Əzimov isə  Albaniyanın Durres şəhərində keçirilən şahmat üzrə məktəblilərin Avropa çempionatında öz həmyaşıdları arasında birinci olub. Əlavə edək ki, ötən il həm də Elbrus Kərimli, Aysu Abbasova, Əmrah Nağıyev, İnci Allahverdiyeva, Qənbər Nəqiyev, Həsən Babayev, Gülcahan Əliyeva, Vüsal Seyidov, Mirsaleh Seyidli və daha onlarla idmançımız üçün kifayət qədər uğurlu başa çatıb. Onların sırasında şahmatçılar, kikboksçular, karateçilər, gimnastlar və paralimpiyaçılar daha çoxdur. Bu nailiyyətlərə əlavə olaraq deyə bilərik ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollegiya qərarı ilə Faiq İsgəndərov “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adına, Şərur Rayon Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rəşad Heydərov Avropanın ali futbol qurumu – UEFA-ya məxsus “C” kateqoriyalı məşqçi adına, beynəlxalq reytinq göstəricilərinə əsasən 2400 xallıq həddi keçən və digər normativləri yerinə yetirən şahmatçımız Sadiq Məmmədov isə Beynəlxalq Şahmat Federasiyası tərəfindən “Beynəlxalq usta” adına layiq görülüb. Digər şahmatçımız Seyid Hüseyn isə İtaliyada keçirilən yeniyetmələrin dünya çempionatında milli komandamızın heyətində ölkəmizi təmsil etməyin qürurunu yaşayıb. I Divizionda növbəti çempionluğa nail olan “Araz-Naxçıvan” PFK  hazırda ölkənin əsas liqasında çıxış etməkdədir. Şərurun “Arpaçay” klubu isə tarixində ilk dəfə olaraq ötən mövsüm AFFA Region Liqasının bürünc medallarını qazanıb.

          Ötən il müxtəlif idman növlərini əhatə edən 54 muxtar respublika birinciliyi reallaşıb. İdmançıların fiziki-mənəvi, peşəkar hazırlığının yüksəldilməsi, onların ölkə çempionatları və birinciliklərində iştirakına dəstəyin artırılması, əhalinin sağlam həyat tərzinə cəlbi və idman yarışlarında iştirakı, idmanda sahibkarlıq fəaliyyətinin təşviqi və dəstəklənməsi, ictimaiyyətin idmanla bağlı təşkilati-hüquqi biliklərinin artırılması istiqamətində tədbirlər həyata keçirildi. Məşqçi, idmançı və hakimlər üçün təlim-məşq toplanışları, kurslar, təlimlər, ustad dərsləri və seminarlar təşkil olunub, “Heydər Əliyev İli” və əlamətdar günlərlə bağlı silsilə idman yarışları qazanılan uğurlarla yadda qalıb. Naxçıvan və Türkiyə alpinistlərinin iştirakı ilə Haçadağa ekstremal yürüşlərdən daha biri idman tariximizə yazılıb. İlklərin yaşanılması da qeyd olunmalıdır: Bədii gimnastikada “Grace of nature” turnirinə ev sahibliyi edilib, bodibildinq üzrə muxtar respublika birinciliyi, “Gimnastika hamı üçün” festivalı, kütləvi kros qaçışı, “İdmanla bir gün” layihəsi, nazirliklər arasında futzal turniri, eləcə də şahmatda beynəlxalq reytinqli ardıcıl yarışlar reallaşıb.

          2024-cü ildə muxtar respublikamızın sosial-iqtisadi həyatı üçün əlamətdarlıq, dinamika, yenilik və məhsuldarlıq baxımından yüksək nəticələr gözlənilir. Bu gözləntilər arasında gənclərin asudə vaxtının səmərəli təşkili, əhalinin sağlam həyat tərzinə cəlbi, idman infrastruktrunun gücləndirilməsi və digər məsələlər var. Bu baxımdan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”na uyğun işlər davam etdirilir. Bundan başqa, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi, “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar olaraq müxtəlif layihə və tədbirlərin icrasına başlanılıb. Bu və digər istiqamətlər üzrə il ərzində bir sıra genişmiqyaslı tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikası Gənclər

və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 05.03.2024 00:02