AZ EN RU

5-ci turda 5-ci qələbə

    Azərbaycan I Divizionunda mübarizə aparan “Araz-Naxçıvan” növbəti oyununu keçirib.
    Turnir cədvəlinin vahid lideri olan Naxçıvan təmsilçisi Naxçıvan Muxtar Respublika Stadionunda “Sumqayıt-2” Futbol Klubunu qəbul edib. Namiq Bəkirov, Zöhrab Abbasov, Elman Kərimov və İrşad Aydınovdan ibarət hakimlər briqadasının idarə etdiyi görüşə maraq böyük olub.
    Oyuna sürətli başlayan “Araz-Naxçıvan” ilk 10 dəqiqədə rəqib qapısı önündə iki təhlükəli qol vəziyyəti yaradıb. Lakin futbolçuların qeyri-dəqiq oyunu hesabın açılmasına maneçilik törədib. Yerli azarkeşlər ilk qola 27-ci dəqiqədə şahidlik ediblər. Cərimə meydançasında ideal ötürmə alan Orxan Əliyev aşırma zərbə ilə hesabı açıb – 1:0. İlk hissənin son 5 dəqiqəsində isə komandamız rəqib qapısı ağzında yaratdığı epizodları qolla nəticələndirib. Belə ki, 42-ci dəqiqədə kapitan Orxan Əliyev oyunda dublunu rəsmiləşdirib. 2 dəqiqə sonra isə Fərid Kərimzadə rəqibi 3-cü dəfə mərkəzə dəvət edib – 3:0.

   İkinci hissəyə də hücumlarla başlayan “qırmızı-ağlar” rəqib qapısında təhlükəli vəziyyətlər yaradıblar. Əvvəlcə Fərid Kərimzadə, daha sonra De Saboa İv Lüsyenin zərbələrində bir qədər dəqiqlik çatışmayıb. 64-cü dəqiqədə Orxan Əliyev sol cinahdan edilən asmanı başla qapıdan keçirərək hesab arasındakı fərqi 4-ə çatdırıb. Kapitan, eyni zamanda cari mövsümdə ilk het-trikini edib – 4:0. Bu həm də görüşdə vurulan sonuncu qol olub.
    Cari mövsümdə keçirdiyi 5 oyunun hamısında qalib gələn “Araz-Naxçıvan” 15 xalla turnir cədvəlinə başçılıq edir.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 28.09.2022 19:38