AZ EN RU

44 günlük Vətən müharibəsi: əsl vətənpərvərlik və qəhrəmanlıq məktəbi

            Vətəni sevməyən insan olmaz,
            Olsa, ol şəxsdə vicdan olmaz…
 

    Vətən bizə əcdadlarımızın əmanəti, bu günümüz, sabahımız, əbədiyyətimizdir. Üzərində yurd-yuva saldığımız, yaşadığımız Vətən torpağı müqəddəs və əzəlidir. Vətən ana qucağıtək isti, ana südü qədər şirin, ata qoynu kimi əmin və etibarlıdır. Dünyaya göz açdığımız ilk andan Vətənimizin havasını udub həyata bağlanırıq. Anamızın söylədiyi layla və oxşamaları, nənələrimizin bayatılarında Vətənin qüdrətini və ona məhəbbəti duyuruq. 

           Əzizim Vətən yaxşı, 
           Geyməyə kətan yaxşı. 
           Gəzməyə qərib ölkə, 
           Ölməyə Vətən yaxşı. 

    Bu sevgi gendən gəlir, insanın daxilinə, canına-qanına hopur. Böyüdükcə valideynlərimiz Vətənimizi, yaşadığımız yeri, dilimizi, dinimizi, Prezidentimizi, dövlət atributumuzu öyrədir, vətənpərvərlik tərbiyəsi aşılayır, vətəndaş kimi böyüməyimizdə mühüm rol oynayırlar. Daha sonra bağça, məktəb və cəmiyyətdə vətənpərvərlik hissləri formalaşır. Prezident cənab İlham Əliyev demişdir: “Mən istəyirəm ki, gənclərimiz vətənpərvər, peşəkar, bilikli, savadlı olsunlar, Vətən sevgisi ilə böyüsünlər”. 
    Sözsüz ki, hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyəsi dövlət siyasətinin aparıcı prioritet istiqamətlərindəndir. Dövlət gənclər siyasətinin banisi, hər zaman gənclərə qayğı ilə yanaşan ümummilli liderimiz Heydər Əliyev deyirdi ki: “Bizim əsas vəzifəmiz gənclərdə vətənpərvərlik ruhunu, milli ruhu, döyüş ruhunu qaldırmaqdır. Vətəni, torpağı müdafiə etmək, hər bir gənc üçün müqəddəs vəzifə olmalıdır…”     
    Hərbi-vətənpərvərliyi milli vətənpərvərliyin əsası hesab edən ulu öndər orta məktəblərdə hərbi tədrisə, gənclərin fiziki hazırlığına ciddi fikir verməyi mühüm vəzifə kimi qarşıya qoyur, təhsilin mühüm komponenti olan milli tərbiyənin məzmununa gənc nəslin milli vətənpərvərlik anlayışını da daxil edirdi. Bu dahi şəxsiyyət Azərbaycan sevgisi, millət sevgisi, dil və din sevgisi ilə tarixin ən böyük vətənpərvəri, “Mən fəxr edirəm ki,  Azərbaycanlıyam”  kəlamında əksini tapan Vətən sevgisi isə bütün nəsillər üçün  nümunədir. 
    Vətənə sevginin təməlində həm də onu qorumaq dayanır. Bu həm də dilimizi yad təsirlərdən, dinimizi ayrı-seçkilikdən, milli-mənəvi dəyərlərimizi dəyişiklikdən, torpaqlarımızı yadellilərdən qorumaq deməkdir. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi: “Vətəni qorumaq öz ana torpağını, evini, obasını, yurdunu qorumaqdır. Vətəni qorumaq öz namusunu, şərəfini qorumaqdır. Vətəni qorumaq öz atasını, anasını, balalarını, övladlarını qorumaqdır. Vətəni qorumaq Azərbaycan xalqının tarixini, mənəviyyatını, əsrlərboyu əldə etdiyi milli mədəniyyətini, milli iftixarını qorumaq deməkdir. Bu, şərəfli yoldur. Bu, şərəfli vəzifədir”. Bu gün yetişən və yetişməkdə olan gənclərin əsas vəzifəsi də məhz bundan ibarətdir.
    Vətəni sevmək, onu qorumaq haqqında bayatılarda, atalar sözlərində, zərb-məsəllərdə, şeirlərdə, dastanlarda, hekayələrdə yazılıb, deyilib. Biz bu vəzifənin aliliyini yazıçı-alim Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanında  çarəsiz qalan Sona ananın toxuduğu  “Yusif-Züleyxa” xalçasını  “İtə ataram, yada satmaram” kəlamındakı  milli varlığa sonsuz sevgisində , “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı”, – deyən böyük şair Məmməd Arazın vətəndaşlıq konsepsiyasında, “Ayrılarmı könül candan? Azərbaycan, Azərbaycan!” – deyən Səməd Vurğunun Vətənə sonsuz bağlılıq hisslərində , “Vətən adlı bir torpağın borcu hər an boynumdadır”, – deyən Rəsul Rzanın vətəndaşlıq borcu və məsuliyyətini daşımağında, “Şəhidlərin qanı ilə yoğrulubdur torpağımız, Vətən – bizim namusumuz, biz Vətənik, Vətən də biz”, deyən  Bəxtiyar Vahabzadənin torpaq uğrunda canını fəda etməyi müqəddəs bilməsində, “Vətən eşqi məktəbində can verməyi öyrənmişik, Ustadımız demiş heçdir Vətənsiz can, Azərbaycan”, – deyən Məhəmmədhüseyn Şəhriyarın Azərbaycan sevgisində, “Ruhum mənim, laylam mənim, Azərbaycan! Bu dünyada dünyam mənim, Azərbaycan!” – deyən  Nəriman Həsənzadənin dünyasının işığını Vətənində tapmasında, “Vətənçin yaşayan, vətənçin ölən, səmimi bir insan nə bəxtiyardır”, – deyən Mikayıl Müşfiqin Vətən üçün yaşamağın da, ölməyin də şərəfli və örnək olduğunu vurğulamasında oxuduq, bildik. Bugünkü gənclik məhz bu cür vətənpərvərlik misralarından ilham alaraq yetişib. 
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Təhsilli, vətənpərvər və fiziki cəhətdən sağlam gənclik ölkəmizin milli sərvətidir”.  Bu gün muxtar respublikamızda yetişən  gənclik həm də  XXI əsrin bilik və bacarıqlarına malik, milli-mənəvi dəyərləri yaşadan, fəaliyyətində  Azərbaycançılıq milli məfkurəsini rəhbər tutan,  dövlətə və dövlətçiliyə sədaqət ruhunda böyüyən, Vətənin müdafiəsinə hər an hazır olan gənclikdir. Yaradılan yüksək şəraitdən və göstərilən dövlət qayğısından bəhrələnən həmin gənclər bu gün müxtəlif sahələrdə uğurla çalışır, öz potensiallarını ortaya qoymağı bacarırlar.  
    Biz 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən şanlı Vətən müharibəsində bu gənc nəslin Vətənə sevgisinin, məhəbbətinin bir daha  canlı şahidlərinə çevrildik.  Vətənə sevgisini dildə deyil, əməldə göstərən igid, cəsur Vətən oğulları 30 il düşmən tapdağı altında qalmış torpaqlarımızın müdafiəsinə qalxdı. Minlərlə vətəndaşımız müharibəyə getmək üçün könüllü olaraq müraciət etdi. Xalqımız Ali Baş Komandanımızın ətrafında “Dəmir yumruq” kimi birləşdi. Vətənpərvərliyin nişanəsi olan bu “Dəmir yumruq” müharibə zamanı düşmənlərimizin başını əzdi, şanlı Zəfərimizin simvoluna çevrildi. Biz bu 44 günlük müharibədə vətənpərvərliyi xalqımızın birlik və həmrəyliyində, torpaqlarımızın azad olunması uğrunda son damla qanınadək döyüşərək şəhid və ya qazi olmuş qəhrəman oğullarımızın misilsiz rəşadətində, vətəndaşlarımızın bayraq, yurd sevgisində, könüllü cəbhəyə yollananların cəsarətində, Prezidentimizin müxtəlif kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində, dövlət başçısına yazılan minlərlə məktublarda, övladı şəhid olmuş, yaralanmış, malı-mülkü dağıdılmış vətəndaşlarımızın yalnız “İrəli!” nidasında, “Qarabağ Azərbaycandır!” kəlməsinin bütün ruhumuza hakim kəsilməsində,  Ali Baş Komandanımızın döyüş meydanlarındakı qələbələrlə bağlı xalqa hər müraciətində, Qələbədən sonra torpaqlarımıza Prezidentimizin səfərlərində, qədim torpaqlarımızda aparılan genişmiqyaslı tikinti-quruculuq tədbirlərində, tarixi-dini, mədəni abidələrimizin bərpasında, canımızla, qanımızla bu torpağa bağlılıqda gördük.  
    Prezident cənab İlham Əliyevin çıxışlarının birində vurğuladığı “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi” fikirləri göstərir ki, bu illər ərzində gənc nəslin yetişdirilməsi, vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində aparılan işlər hədər getməyib. Qəhrəman ataların, cəsur ürəkli anaların yetirdiyi oğullar tariximizə qızıl hərflərlə yazılan şanlı Zəfəri bəxş etməklə həm də adımızı Qalib xalq kimi əbədi etdilər. Bu gün biz onların sayəsində başımızı dik, qürurlu tutub Anım və Zəfər günlərini qeyd edirik. 
    “Vətənpərvərlik olan yerdə ölkə inkişaf edir, müstəqillik qorunur, dövlət-xalq birliyi yaranır”, – deyən Ali Məclis Sədrinin diqqəti və qayğısı ilə muxtar respublikamızda ümummilli liderimiz Heydər Əliyevin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi vəzifələr  uğurla həyata keçirilir, ordu, birləşmə və hissələrin silah-sursat və texnika təminatı yaxşılaşdırılır, təlimlər keçirilir, şəxsi heyətin peşəkarlığı artırılır. Görülən işlərin nəticəsi özünü İkinci Qarabağ müharibəsində, eləcə də bu ilin sentyabr ayında Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdiyi təxribatın qarşısını alarkən bir daha göstərdi. Naxçıvanın igid, vətənpərvər oğulları yenə də xüsusi qəhrəmanlıq, rəşadət göstərərək döyüşlərdə seçildilər. Ölkə başçısı bununla bağlı vurğulamışdır: “İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri – həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər”. Bu tarixi Zəfər ulu öndərə sadiqlik ruhunda yetişən gəncliyin milli vətənpərvərlik ruhunun yüksək olduğunu bir daha göstərdi, dövlət başçısı və xalq birliyini parlaq şəkildə nümayiş etdirdi. Qəhrəman Vətən oğullarının canı-qanı bahasına üçrəngli bayrağımız bu gün Cəbrayılda, Füzulidə,  Zəngilanda, Qubadlıda, Şuşada, Laçında və digər işğaldan azad edilmiş torpaqlarımızda qürurla dalğalanır. 
    Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Azərbaycanın ən böyük sərvəti onun vətənpərvər insanlarıdır”. Biz bu gün qalib xalq kimi ikiqat sevincli və qürurluyuq ki, bundan sonrakı gənc nəsil vətənpərvər insanlarımızdan, qəhrəman, yenilməz Azərbaycan əsgərinin güc və qüdrətindən, adı, əməlləri dastana dönən, ruhu qarşısında baş əydiyimiz şəhidlərimizin qəhrəmanlıq salnamələrindən öyrənərək yetişirlər. 

 Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 11.10.2022 18:45