AZ EN RU

35 illik tarixi olan açarlar

    Qarabağ münaqişəsinin başa çatmasından sonra Prezident cənab İlham Əliyevin Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmalı olması ilə bağlı çıxışları, həmçinin bu istiqamətdə Qərbi Azərbaycan İcmasının yaradılması sözügedən mövzunu daha da aktuallaşdırıb. Ərazi bütövlüyümüzün bərpasından sonra artıq Qərbi Azərbaycan, Qərbi azərbaycanlılar, onların gələcək taleyi və tarixi ədalət əsas prioritet məsələyə çevrilib. Tarix də göstərir ki, öz torpaqlarından zor gücü ilə çıxarılan xalqlar zamanla yenidən öz torpaqlarına dönür, yenidən məskunlaşırlar.

     Azərbaycan qədim və zəngin tarixə malik sivilizasiya beşiyidir. Ancaq keçmişə nəzər salanda görürük ki, hər zaman torpaqlarımıza göz dikən erməni qəsbkarları müxtəlif zamanlarda Qərbi Azərbaycandakı soydaşlarımızı öz doğma el-obalarından, isti ocaqlarından didərgin salıblar. Bu gün də həmin torpaqlarda  tarixi yurd yerlərimizi, maddi-mədəni abidələrimizi talan etməkdədirlər. Azərbaycan xalqının ziyalıları, tarixçi alimləri iradə və əzmkarlıqları ilə bu tarixi öyrənib bir sıra tədqiqatlar nəticəsində müxtəlif əsərlər ərsəyə gətiriblər. Bu tədqiqatçılardan biri – Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Yaqub Mahmudov “İrəvan xanlığı” kitabında yazır ki, bu gün Ermənistanın yerləşdiyi ərazi 180 il bundan əvvəl Azərbaycan torpağı, bu torpağın aborigen əhalisi isə azərbaycanlılar idi. Ermənilər Cənubi Qafqaza gəlmə, daha doğrusu, gətirilmə etnosdur. Bu etnosun yaşadığı “Ermənistan Respublikası” adlanan ərazi isə Azərbaycan torpağıdır. Azərbaycan xalqı yaşadıqca, bu həqiqət də yaşayacaqdır. 
    Biz də ötən əsrin sonlarında Qərbi Azərbaycandakı soydaşlarımızın yaşadıqları  çətinlikləri, isti ocaqlarından necə ayrı düşdüklərini öyrənmək üçün yolumuzu Babək rayonunun Kərimbəyli kəndində məskunlaşan 70 yaşlı Güləzban Ağamalıyevanın evindən saldıq. Güləzban nənə həmin dövrdə yaşadığı hadisələrdən ürəkağrısı ilə söz açaraq dedi: – 1988-ci ilin 3 dekabrında bizi öz doğma yurdumuz olan İrəvanın Axta kəndindən qovaraq çıxardılar. Onlar tez-tez evlərimizə girib üzərimizə silahlar tutaraq bizi ölümlə hədələyirdilər. Deyirdilər ki, buralardan çıxıb getməsəniz, hamınızı öldürəcəyik. Onların necə vəhşi, necə xain bir millət olduqlarını cümlələrlə ifadə etmək çətindir. Mənim balaca övladlarım əkiz dünyaya gəlmişdi, elə orada xəstəxanada olarkən gözümün önündə bir erməni zabiti gələrək övladlarımdan birini qətlə yetirdi. Bu, bir ana üçün nə qədər çətindir, bilirsiniz? Üç övladım və yoldaşımla birlikdə buraya pənah gətirdim. Bizi oradan qovarkən yaşatdıqları vəhşiliklər hələ də gözümün önündə canlanır. Yoldaşım oradakı ermənilərdən biri ilə milli zəmində mübahisə etdiyi üçün onun bizimlə gəlməsinə icazə vermirdilər. Onu tapsalar öldürəcəklərini bilirdik. Yoldaşımı yorğan-döşəyə büküb gizlədərək buraya gətirə bildik. Evimizi tərk edərkən içəri girib təzə aldığım stulları qırmaq istədim, amma əlim gəlmədi, düşündüm ki, bəlkə, nə zamansa geri dönərəm. Bütün kənd sakinləri təşviş içərisində evlərini tərk edirdi. Mən də ailəmlə birgə hamı kimi tələm-tələsik, qorxu içərisində evimin, tövləmin, təndirimin qapılarını bağlayaraq oranı tərk etdim. Evimdən mənə xatirə qalan 28 açar oldu. Müsahibim deyir ki, oradan qovulduqdan sonra Naxçıvana gəliblər. Burada onlara sığınacaq veriblər, torpaq sahəsi ayırıblar: – Gördüyünüz bu sahə mənim övladlarımı rahatlıqla, qorxmadan böyütməyimə imkan verdi. Gözləri dolan Güləzban nənə söhbətinə belə davam etdi: – Bir neçə il bundan əvvəl evimdən mənə xatirə qalan 28 açarı həyətimin aşağısında olan bir ağacın altında basdırmaq qərarına gəldim. Düşünürdüm ki, nə vaxtsa evimə qayıtsam, o açarları götürüb əllərimlə bağladığım doğma qapılarımı yenidən açaram. Dayana bilməyib 3 gün sonra o açarları götürməyə gedəndə yerində tapa bilmədim. Hələ də bunun peşmanlığını çəkirəm. 
    Taleyin ona yaşatdığı əzablardan saçlarına dən düşən Güləzban nənə dedi ki, xalqımızın qəhrəman oğulları və Ali Baş Komandanımız 44 günlük müharibədə ermənilərə layiq olduqları cavabı verdi. Allah cənab Prezidentimizi qorusun. Mənimsə bu dünyadan köçməzdən əvvəl bir arzum qapısını bağlayaraq çıxdığım evin qapılarını açmaqdır. Ümid edirik ki, Güləzban nənənin və onun kimi yüzlərlə soydaşımızın  doğma yurduna qayıtmaq arzuları bir gün mütləq reallaşacaq. Artıq deportasiyadan 35 il keçir, buna baxmayaraq, onların heç birinin yurdlarını arzulamadıqları bir gün belə olmayıb. Kütləvi informasiya və sosial şəbəkələr vasitəsilə evlərinin şəkillərini, videolentləri izləyən soydaşlarımızın yarası hər dəfə təzələnir. Dədə-babalarından miras qalan yurdda onlara qarşı törədilmiş cinayətlər hüquq müstəvisində də qəbuledilməzdir. “Qərbi Azərbaycan” mövzusu xalqımızı bir ideya ətrafında dəmir yumruq kimi birləşdirib. Bu isə bütün qaçqın soydaşlarımızın 35 il həsrətlə gözlədikləri doğma torpaqlarına qovuşmaq ümidlərinin reallaşacağının uzaqda olmadığı deməkdir.

 Bülbül QULİYEVA

Nəşr edilib : 31.03.2023 21:07