AZ EN RU

31 nəfər ümumtəhsil müəssisələrində işlə təmin olunub

12 fevral 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki  ümumi təhsil müəssisələrində vakant olan   laborant vəzifəsi üzrə 38, katib-makinaçı vəzifəsi üzrə isə 4 olmaqla ümumilikdə 42 vəzifə müsabiqəyə çıxarılmış, həmin vəzifələrə 350-dən artıq namizəd  sənəd vermişdi.
4-5 mart tarixlərində katib-makinaçı vəzifələri üzrə  müsahibə,  laborant vəzifələri üzrə isə müsabiqə təşkil olunmuşdu.
Katib-makinaçı vəzifəsi üzrə tətbiqi müsahibə prosesi kompüter vasitələri və əyani vəsaitlərin köməyi ilə həyata keçirilmiş, praktiki tapşırıqların həllinə üstünlük verilmişdir.
Laborant vəzifəsi üzrə keçirilən müsabiqədə isə hər bir namizədə  vəzifə proqramına, məntiqi təfəkkürün və dünyagörüşünün yoxlanılmasına  aid 10 olmaqla, ümumilikdə 30 test tapşırığı təqdim olunmuş,  namizədlərə test suallarının cavablandırılması üçün 60 dəqiqə vaxt ayrılmışdır.
Şəffaflığın təmin olunması baxımından namizədlərin imtahan nəticələri onların iştirakı ilə yoxlanılmış və imtahan nəticəsi binanı tərk etmədən namizədə elan olunmuşdur. Test suallarının 50 faiz və daha çoxunu düzgün cavablandırmış namizədlər müsabiqədə keçid balını toplamış sayılmışdır. Minimum keçid balı gözlənilməklə  test mərhələsində ən yüksək nəticəni  göstərmiş  namizədlər  müvafiq vəzifəyə təyin olunmuşdur. 
Qeyd edək ki, hər iki vəzifəyə keçirilən müsabiqədə 
 31 namizəd uğurlu nəticə göstərdiyindən   işlə təmin olunmuşdur.

Nəşr edilib : 08.03.2024 21:06