AZ EN RU

31 mart - Yaycı soyqırımı qurbanları yad edilib

Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının təşkilatçılığı ilə rayonun Yaycı kəndində  31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Yaycı soyqırımı qurbanlarının  xatirəsinə ucaldılmış abidənin ətrafında iməcilik aparıb, yeni tinglər əkiblər.  Soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoyulduqdan sonra kənd mərkəzinin iclas zalında  davam etdirilən tədbirdə soyqırım qurbanlarının, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimov “31 mart Azərbaycanlıların soyqırımı və Yaycı soyqırımı haqqında” məruzə edib.

Tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, icra hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Fərəc Fərəcov, Culfa Rayon Təhsil Şöbəsinin müdiri səlahiyyətlərini müvəqqəti icra edən Sevinc Mustafayeva, Dizə kənd ərazi partiya təşkilatının sədri Ədalət Əhmədov, Yaycı kənd 2№-li tam orta məktəbin müəllimi Gültac Nəzərova çıxış ediblər. Kənddəki tam orta məktəblərin şagirdləri soyqırımla bağlı vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Tədbirdən sonra iştirakçılar Vətən müharibəsində şəhid olmuş rayonun Yaycı kəndindən olan igid oğulların məzarlarını ziyarət edib,  önünə tər qərənfillər düzüblər. Şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 29.03.2024 10:53