AZ EN RU

31 Mart soyqırımı həqiqətlərinin ünvanı - Quba Soyqırımı Memorial Kompleksi

Azərbaycanlıların soyqırımının 105-ci ildönümü ilə əlaqədar həmvətənlərimiz Quba Soyqırımı Memorial Kompleksini ziyarət edir.

Ziyarətçilər arasında, hökumət və dövlət nümayəndələri, respublikamızın bölgələrindən olan şagird və tələbələr, sıravi vətəndaşlar, müxtəlif idarə və müəssisələrin kollektivləri, siyasi və ictimai təşkilatların üzvləri var.

Quba Soyqırımı Memorial Kompleksi fəaliyyətə başladığı 2013-cü ildən indiyə kimi ümumilikdə 1 milyondan çox ziyarətçi qəbul edib. Onlardan 178 min nəfəri əcnəbilərdir. Onların arasında öz təşəbbüsü ilə gələn turistlərdən tutmuş, yüksək səviyyəli nümayəndə heyətləri, respublikamızda olan bütün xarici ölkələrin səfirləri və səfirlik əməkdaşları da var. Xarici qonaqlar üçün xatirə kitabında yazılan qeydlərdən məlum olur ki, Memorial Kompleksə ziyarət bu insanların Azərbaycan həqiqətləri haqqında fikirlərinin nə dərəcədə dəyişməsinə təsir edir.

Kompleksə gələn bütün ziyarətçilər ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılırlar. Ziyarətçilərə kompleksin bələdçiləri tərəfindən 4 dildə (Azərbaycan, ingilis, rus və ərəb) informasiyalar verilir.

Tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova müsahibəsində bildirib ki, 1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan xalqının parçalanması və tarixi torpaqlarımızın bölünməsinin əsası qoyulub, sonrakı dövrdə isə həmin torpaqların özgəninkiləşdirmə prosesinə başlanılıb. Qısa müddətdə ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilib.

İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında “Erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail olublar. Süni ərazi bölgüsü, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması, Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin həyata keçirilməsinə şərait yaradıb. Azərbaycan torpaqlarında “böyük Ermənistan” ideyasını reallaşdırmaq üçün erməni xalqının tarixinin saxtalaşdırılmasına başlanılıb. Azərbaycanın və ümumilikdə, Qafqazın tarixinin təhrif olunması bu fəaliyyətin mühüm tərkib hissəsini təşkil edib.

“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirib. Ermənilərin Bakıdan başlanan kütləvi qırğınları Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə edib. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib.

Rəxşəndə Bayramova bildirib ki, 1918-ci ilin mart hadisələri zamanı təkcə Quba qəzasının 167 kəndi tamamilə dağıdılıb. Bu kəndlər, Quba şəhəri talanlara və yanğınlara məruz qalıb, qəzanın müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə öldürülüb. Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb. 

Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir və 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. 2007-ci ilin iyulundan etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işlərinə başlanılıb, 2008-ci ilin sentyabrında isə tədqiqat işləri başa çatdırılıb. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu təsdiqlənib. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. Müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.

Ərazidə yaradılmış Quba Soyqırımı Memorial Kompleksinin 2013-cü il sentyabrın 18-də açılışı olub. Həmin mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Sovet dövründə təbii ki, tarix təhrif edildiyi üçün bu həqiqətlər bizdən gizlədilirdi. Uzun illər Azərbaycan xalqının qanını axıdan quldurlar, - onların da mənfur adları orada göstərilir, - Şaumyan və onun kimiləri bizə qəhrəmanlar kimi təqdim edilirdi. Hesab edirəm ki, bu, böyük faciədir. Çünki uzun illər xalqımıza qarşı amansızlıqla vəhşilik törədən ünsürlər sovet tarixində qəhrəman kimi təqdim edilirdi, onların şərəfinə abidələr ucaldılırdı. Yalnız müstəqillik dövründə biz həqiqi ədaləti bərpa etdik. Gözəl şəhərimizi, Bakımızı o abidələrdən təmizlədik və bu gün o yerlərdə gözəl parklar, o cümlədən Sahil parkı yaradılıbdır. Yəni, tarix, ədalət zəfər çaldı. Biz bu gün öz tariximizə qayıdırıq. Tarixin bütün məqamlarını bilirik, bilməliyik. Gənc nəsil də bilməlidir ki, xalqımız keçmişdə hansı fəlakətlərlə üz-üzə qalmışdır”.

Soyqırımı muzeyi 1918-ci il azərbaycanlıların soyqırımı tarixinə həsr edilən ilk və yeganə muzeydir. Muzeydə yalnız Quba qəzasında deyil, Bakı quberniyasının digər - Cavad, Göyçay, Şamaxı və Bakı qəzalarında törədilmiş soyqırımları haqqında geniş məlumat əldə etmək olar.

Nəşr edilib : 30.03.2023 14:25