AZ EN RU

31 Mart Azərbaycanlıların Soyqırımı Günü münasibətilə elmi konfrans keçirilib

AMEA Naxçıvan Bölməsində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Azərbaycanlılara qarşı soyqırımı siyasəti: səbəbləri və nəticələri” mövzusunda elmi konfrans keçirilib.

Konfransda giriş sözü ilə çıxış edən Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev ermənilərin Azərbaycan torpaqlarına məqsədli şəkildə köçürülməsi, çar hakimiyyətinin, sonralar Sovet rəhbərliyinin tam dəstəyi ilə dövlət “yaratmaları”, tarixi torpaqlarımıza qarşı davam edən ərazi iddiaları gerçəkləşdirmək üçün əl atdıqları insanlıqdan kənar milli qırğın siyasəti barədə danışıb. Xalqımıza qarşı davam edən həmin siyasət nəticəsində XX əsrdə 2 milyona yaxın azərbaycanlının soyqırımı və deportasiyaya məruz qaldığını söyləyən İsmayıl Hacıyev bildirib ki, mart soyqımı ilə bağlı Azərbaycan Xalq Cümhuriyyəti dövründə qeydə alınan faktlar SSRİ dönəmində planlı olaraq təhrif edilmişdir. Yalnız Ümummilli Lider Heydər Əliyevin imzaladığı 1997-ci il 18 dekabr və 1998-ci il 26 mart tarixli fərmanlar ilə bu cinayətlərə siyasi-hüquqi qiymət verilmişdir.

Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirildiyini qeyd edən bölmə rəhbəri tarixi torpaqlarımıza qayıdışla bağlı Prezident cənab İlham Əliyevin qətiyyətli mövqeyindən və Azərbaycanın uğurlu xarici siyasətindən söz açıb. Akademik çıxışının sonunda xalqımıza qarşı törədilmişmilli qırğın, soyqırımı və deportasiya probleminin araşdırılmasında, eləcə də təbliğində ziyalıların mövqeyinin vacibliyini vurğulayıb.

Konfransda AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Emin Şıxəliyevin “XX əsrdə azərbaycanlılara qarşı törədilən soyqırımı cinayətləri və onların mahiyyəti”, institutun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanovanın “Ümummilli lider Heydər Əliyev və azərbaycanlıların soyqırımı və deportasiyası məsələsi”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, dosent Elxan Məmmədovun “Ədəbiyyatımızda soyqırımı mövzusu” və Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun kiçik elmi işçisi Nilufər Ağayevanın “1948-1953-cü illərdə azərbaycanlıların Qərbi Azərbaycan torpaqlarından deportasiyası və onun acı nəticələri” mövzulu məruzələri dinlənilib.

Məruzələrdə milli qırğın siyasətinin erməni ideologiyasının tərkib hissəsi olmasına, dindən uzaqlaşaraq terrora yönəlmiş erməni kilsəsinin mahiyyətinə diqqət çəkilib,etnik, dini zəmində törədilən soyqırımların yolverilməzliyi vurğulanıb. Azərbaycanlılara qarşı törədilən soyqırımı siyasətinin arxiv sənədləri ilə yanaşı, M.M.Nəvvab və M.S.Ordubadinin əsərlərində də əksini tapması faktı diqqətə çatdırılıb.1905-1907, 1918-1920-ci illərdə ermənilərin Bakı, Quba, Naxçıvan, Qarabağ, Şamaxı və başqa bölgələrimizdə törətdikləri qırğınların dəhşətli nəticələrindən, Qaradağlı və Xocalıda eyni ssenari əsasında həyata keçirilən soyqırımlardan söz açılıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan xalqına qarşı törədilən qanlı cinayətlərə Ulu öndər Heydər Əliyev tərəfindən hüquqi qiymət verilib, məhz dahi liderin təşəbbüsü ilə məsələ ilə bağlı tədqiqatlar genişləndirilib, soyqırımı və deportasiya faktı dünya ictimaiyyətinə bəyan edilib.

Sonda çıxış edən AMEA-nın müxbir üzvü, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Vəli Baxşəliyev mövzu ilə bağlı fikirlərini bildirib, məruzələr ətrafında müzakirə aparılıb.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

Nəşr edilib : 30.03.2023 18:33