AZ EN RU

“31 Mart-Azərbaycanlıların Soyqırımı Günü” mövzusunda dərslər keçirilib

    Dünən  Naxçıvan şəhərindəki Xatirə Muzeyi Xatirə muzeyindən “31 Mart-Azərbaycanlıların Soyqırımı Günü” mövzusunda muxtar respublika məktəbliləri üçün interaktiv dərs keçirilib.
    Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin Tarix müəllimi Azad Şirzadov tərəfindən keçirilən interaktiv dərsdə şagirdlərin diqqətinə çatdırılıb ki, erməni millətçilərinin Azərbaycan xalqına qarşı ərazi iddialarının, təcavüzünün və soyqırımı siyasətinin iki yüz ildən artıq tarixi vardır. Bu mənfur siyasətin məqsədi Azərbaycan torpaqlarının böyük bir qismini ələ keçirmək, azərbaycanlıları tarixi torpaqlarından sıxışdırıb çıxarmaq, sonra həmin ərazilərdə “böyük ermənistan” dövləti yaratmaqdı. Qeyd olunub ki, 1918-1920-ci illərdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı siyasəti qədim və əzəli Azərbaycan torpağı olan Naxçıvandan da yan keçməyib, azğınlaşmış ermənilər burada da qanlı faciələr törədiblər.
    Bildirilib ki, Ümummilli Liderimiz Heydər Əliyevin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların mahiyyəti tam açılmış, həmin hadisələrə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir. Dahi şəxsiyyət torpaqlarımızın işğalının qarşısını almış, güclü dövlət və güclü ordu yaratmış, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması və erməni saxtakarlığının ifşası istiqamətində tədbirlər görmüşdür. Ulu Öndərin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında ermənilərin Azərbaycan xalqına qarşı apardığı soyqırımı siyasəti dərindən təhlil olunmuş, 31 Martın “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd olunması qərara alınmışdır.    
    Qeyd olunub ki, aparılan araşdırmalar nəticəsində 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar, saysız-hesabsız insan sümükləri və digər maddi sübutlar aşkarlanmışdır. Belə ki,  2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ildə ermənilərin törətdikləri soyqırımı cinayətlərini əyani olaraq sübut edir. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi yaradılmışdır.
    Məktəblilərin diqqətinə çatdırılıb ki, 2020-ci ilin sentyabr ayının 27-də Ermənistan Silahlı Qüvvələrinin ölkəmizə növbəti təxribatı Azərbaycan Ordusunu əks-hücuma keçməyə məcbur etdi. 30 ilə yaxın bir müddətdə düşmən tapdağı altında qalmış torpaqlarımızın azad edilməsi, beynəlxalq hüquqla təsbit olunan ərazi bütövlüyünün təminatı üçün bütün imkanlardan istifadə etdi, eyni zamanda XXI əsrin döyüş bacarıqlarını ortaya qoymaqla müasir dünyaya necə döyüşməyin nümunəsini göstərdi. Bu Tarixi Qələbə Azərbaycan əsgərinin gücü, onun döyüş hazırlığı, Ali Baş Komandan-xalq-ordu birliyindən qaynaqlanıb. 
    Qeyd olunub ki, ermənilərin iki yüzillik əsassız iddialarının boşa çıxması, Vətən müharibəsində qazandığımız Tarixi Qələbə ilə əzəli torpaqlarımızın işğaldan azad edilməsi haqqın qələbəsidir, xalqımıza qarşı törədilən soyqırımı siyasətinə ən tutarlı cavabdır. İnteraktiv dərs muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbində izlənilib.        


    Xəbərlər şöbəsi

Nəşr edilib : 31.03.2023 16:50