AZ EN RU

31 illik tarixə malik Qaradağlı faciəsi – tarixi həqiqətlərin dili ilə

    Azərbaycanın ən yeni tarixinə düşmüş qanlı hadisələrdən biri də Qaradağlı soyqırımıdır. 1992-ci il fevralın 17-18-də törədilmiş Qaradağlı faciəsi Xocalı soyqırımınadək törədilən ən qanlı faciələrdəndir.
    Qarabağın ən qədim yaşayış məskənlərindən biri olan Qaradağlı inzibati ərazi bölgüsünə görə Xocavənd rayonunun kəndidir. Bu kənd füsunkar təbiəti, yamyaşıl yamacları, uzunömürlü ağacları, şəfalı bulaqları ilə göz oxşayırdı. Kəndin əhalisi daha çox heyvandarlıqla, əkin-biçinlə, üzümçülüklə məşğul olurdu. El arasında Qaradağlıya “cənnətməkan” da deyirmişlər. Lakin Qarabağda vəziyyət pisləşəndə bu kəndin də qara günləri başlayır. Bir neçə dəfə erməni hərbi birləşmələrinin hücumlarının qarşısı alınsa da, onlar hər gün yeni silahlarla hücuma keçir, çobanları öldürür, mal-qara sürülərini aparırdılar. 1992-ci il fevralın 17-də törədilən Qaradağlı faciəsi də, əslində, bir günün, bir gecənin hadisəsi deyil, iki yüz ilə yaxın müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı davamlı olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi.
    AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Emin Şıxəliyev Qaradağda baş verən soyqırımı hadisəsinin başvermə səbəbləri barədə fikirlərini bölüşərək dedi ki, bu cinayət 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı alayı tərəfindən törədilən soyqırımıdır. Qaradağlı Xocavənd rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında strateji bir mövqedə yerləşirdi. Malıbəyli və Quşçuların işğal edilməsindən sonra növbəti hədəf Qaradağlı kəndi idi. Erməni hərbi qüvvələrinin manevrlərinə mane olan kəndin ələ keçirilməsi ermənilər üçün həyati məsələ idi. Bu baxımdan Qaradağlının ələ keçirilməsi şərt idi. Qaradağlı soyqırımını “ikinci Xocalı” da adlandırırlar. 
    Həmsöhbətim tarixi faktları xatırladaraq deyir ki, 1992-ci il fevralın 14-də erməni quldurları əlaqəsi hər tərəfdən kəsilmiş, köməksiz qalan Qaradağlı kəndinə hücuma keçdilər. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər 4 gün düşmənlə mübarizə apardı. Döyüşlərdə biri qadın olmaqla, 14 nəfər həlak oldu. Silah-sursatı tükənən soydaşlarımız sonda ermənilər tərəfindən əsir və girov götürüldülər, onların növbəti məşəqqətləri başlandı.
    Kəndin Bəylik bağı adlanan yerində 23 sakin erməni cəlladları tərəfindən güllələndi, əksəriyyəti yaralı halda diri-diri silos quyusunda basdırıldı. Sakinlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülərək güllələndi. İki nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürüldü. Girovluqda olan 8 nəfər kənd sakininə ermənilər əzab və işgəncələr verərək onları amansızlıqla qətlə yetirdilər. Dörd nəfər müxtəlif dövrlərdə şəhid oldu. Beş nəfərin taleyi bu günə qədər məlum deyil.
    Beləliklə, erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparan Qaradağlı kəndi 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, dinc əhaliyə qarşı soyqırımı həyata keçirilib. İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladlar öldürülənləri və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək üzərini torpaqlayıblar. Ümumilikdə, əsir və girov götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə azad edilib. Girov götürülənlərdən 10 nəfəri qadın, 2 nəfəri məktəbli olub. Azad olunanların 5 nəfəri qadın olmaqla, 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib.
    Erməni vandalizmindən bəhs edən tarixçi alim deyir ki, kənd sakinlərindən 104 nəfəri girov götürüldükdən sonra qoca və cavanlar ayrı-ayrı maşınlara doldurularaq yolboyu kəndlərdə düşürülmüş və ən qəddar üsullarla qətlə yetirilmişlər. Hətta kənd sakinlərinə də müraciət olunmuşdur ki, kim azərbaycanlı öldürmək istəyirsə, gəlib istədiyi girovu öldürə bilər...
    Müsahibim onu da vurğulayır ki, əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsi idi. Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə başçısını itirib, 146 uşaq yetim qalıb. Qaradağlıya Ermənistan silahlı qüvvələrinin həmlələri zamanı qətlə yetirilənlərdən 10-u qadın, 8-i məktəbyaşlı uşaq olub. Kənddə 91 nəfər, sakinlərin hər 10 nəfərindən biri qətlə yetirilib. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.
    Emin müəllim bildirdi ki, əldə olan faktlar onu deməyə imkan verir ki, Azərbaycan tarixinin ən ağrılı və acılı səhifələrindən olan Qaradağlı, Xocalı, Ağdaban, Ballıqaya və digər faciələr mübahisəsiz bir soyqırımıdır. Günümüzdə hər hansı bir faciənin soyqırımı olaraq tərif edilməsi üçün saylara diqqət çəkilməkdə və əgər yüz minlərlə insan məhv edilərsə, bunun soyqırımı olaraq xarakterizə oluna biləcəyi düşünülməkdədir. Belə bir vəziyyət bir gecədə yüzlərlə insanın qətl edildiyi faciələrin soyqırımı olaraq tanınması şübhə oyatmamalıdır. Çünki 9 dekabr 1948-ci ildə BMT tərəfindən qəbul edilən “Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Sözləşməsi”ndəki tərifdə müəyyənedici ünsür say deyil, millət, din, soy, ya da irq kimi xüsusiyyətlər üzərində qurulan bir qrupun sistematik və məqsədli olaraq tamamilə, ya da qismən məhv edilməsi planıdır. Ermənilərin Qaradağlıda da törətdikləri cinayətlər BMT tərəfindən qəbul edilən bu sözləşmənin ikinci maddəsi ilə uyğunluq təşkil edir. Bu maddənin bəndlərində göstərilir: 1. Əlaqədar qrup üzvlərinin (milli, etnik və dini olaraq) öldürülməsi; 2. Əlaqədar qrup üzvlərinin ruhi və fiziki səhhətlərinə zərər verilməsi; 3. Əlaqədar qrup üzvlərinin fiziki varlıqlarının ortadan qaldırılması. 
    Məhz bu baxımdan ermənilərin Qaradağlıda törətdikləri vəhşiliklər insanların (qrupun) planlı və sistematik olaraq məhv edilməsinə yönəlik məqsəd və cinayətlərin təzahürləridir. Ümumiyyətlə, Xocalı, Qaradağlı, Bağanıs-Ayrım, Meşəli, Kərkicahan soyqırımıları, əsir və girov götürülmüş şəxslərə qarşı işgəncə, terrorçuluq cinayətləri və digər epizodlar müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (Soyqırımı), 107 (Əhalini deportasiya etmə və ya məcburi köçürmə), 113 (İşgəncə), 115 (Müharibə qanunlarını və adətlərini pozma), 116 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120 (Qəsdən adam öldürmə), 214 (Terrorçuluq) və digər maddələrində nəzərdə tutulan cinayətlərdir.
    27 sentyabr 2020-ci ildə başlayaraq “Dəmir yumruq” əməliyyatı adı altında aparılan şanlı Vətən müharibəsində Azərbaycan Ordusu dastan yazdı, Ermənistan ordusu qarşısında açıq üstünlük nümayiş etdirərək onu məhv etdi və işğal altındakı torpaqlarını qurtardı. Amma bir məsələni, xüsusilə qeyd etməyi vacib hesab edirik. Düzdür, Azərbaycan Ermənistan qarşısında tarixi qələbə qazanıb, amma, təəssüf ki, “erməni məsələsi” bitməyib. Böyük güclərin “böyük siyasət” reallığı və onların ərsəyə gətirdiyi problem var olduğu müddət içərisində “erməni məsələsi” də öz aktuallığını qoruyacaqdır. Azərbaycan qalib dövlət və qalib xalq olsa da, keçmişdə baş verənləri əsla unutmamalı, xalqımıza qarşı törədilən soyqırımı cinayətləri yaddaşlarda daim tutulmalıdır. Çünki bunlar bizim qan yaddaşımızdır. Bu mənada, Qaradağlı faciəsinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə də bir sıra tədbirlər görülmüş, Xocavənd Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan, rus və ingilis dillərində “Soyqırımı: Qaradağlı”, Azərbaycan, rus, ingilis və fransız dillərində “Soyqırımı Qaradağlı: davam edir...” və “Qaradağlı, mübarizə” sənədli filmləri çəkilib. Ermənistan silahlı qüvvələrinin Qaradağlı kəndində törətdiyi soyqırımı ilə bağlı garadaghli.org internet saytı və “Qaradağlı Soyqırımı şahidlərin dili ilə” kitabı hazırlanıb. Yeni Qaradağlı, Yeni Xocavənd qəsəbələrində və Nərgiztəpə ərazisində ucaldılan abidə kompleksləri isə şəhidlərin xatirəsinə əbədi ehtiram nişanəsidir. Azərbaycanın Vətən müharibəsindəki Şanlı Zəfəri isə tarixboyu erməni vandalizmi qurbanları olmuş bütün soydaşlarımızın qisasının alınması, tarixi torpaqlarımızın qaytarılması istiqamətində yeni bir mərhələnin başlanğıcı deməkdir. 

Nail ƏSGƏROV

Nəşr edilib : 17.02.2023 22:31