AZ EN RU

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbirlər keçirilib

    31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrək Günü və Yeni il bayramı münasibətilə Naxçıvan Muxtar Respublikasının ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclərin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə əvvəlcə Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

    Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbiri giriş sözü ilə gənclər və idman naziri Ramil Hacı açıb. Diqqətə çatdırılıb ki, müasir Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə qeyd olunan Dünya Azərbaycanlılarının Həmrəylik Günü bütün həmvətənlərimizi respublikanın ictimai-siyasi maraqları ilə bir olmağa, həmrəyliyə çağırış bayramıdır. Bu bayram ildən-ilə daha böyük vüsət alaraq ürəklərində Vətən eşqi, milli və mənəvi birlik, həmrəylik hissləri bəsləyən hər bir soydaşımız tərəfindən rəğbətlə qeyd olunur. Bununla yanaşı, bizim gücümüz birliyimizdə, həmrəyliyimizdədir. Bunu 44 günlük Vətən müharibəsində də bütün dünya gördü və anladı ki, dövlət-xalq-ordu vəhdətindən yaranan “Dəmir yumruq” sarsılmazdır, əbədidir.  Həmin qürurlu, taleyüklü və həssas dövrü unutmamalı, birlik və bərabərlikdən yaranan möhtəşəm əsər kimi gələcəyə daşımalıyıq. 
    Qeyd olunub ki, istedadlı gənclərin dövlətimiz tərəfindən qiymətləndirilməsi və onlara cəmiyyətin aparıcı sahələrində yüksək etimad göstərilməsi ənənəsi davam etdirilir. Bu il idman sahəsində də bir çox yeniliklər yaşandı. İxtisaslı kadr ehtiyatının zənginləşdirilməsi, gənc nəslin idmana təşviqi və bu sahədə kütləviliyin təmini ilə əlaqədar bir sıra işlər görüldü. Naxçıvan idmanının parlaq gələcəyi üçün yerli, eləcə də xarici əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf etdirildi. Görülən işlərin və əməyin qarşılığında idmançılarımız öz nailiyyətləri ilə etimadı yüksək səviyyədə doğruldurlar. Diqqətə çatdırılıb ki, idmançılarımız 2022-ci ilin ötən dövrü ərzində ölkə səviyyəli yarışlarda 216, beynəlxalq turnirlərdə 63, Avropa çempionatında 33, dünya çempionatında 2, dünya kubokunda 2 medal olmaqla, 316 medal qazanıblar. Medallardan 131-i qızıl, 77-si gümüş, 108-i isə bürüncdür.
    Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev diqqətə çatdırıb ki, dövlətimiz tərəfindən gənclərə göstərilən diqqət və qayğı nəticəsində bu gün onlar muxtar respublikanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəal iştirak edir, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə irəli çəkilir, xidmətləri qiymətləndirilir. Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun yaradılması, Naxçıvan şəhərində Gənclər Mərkəzinin istifadəyə verilməsi isə gənclərin xüsusi layihələr vasitəsilə vahid bir məkanda toplanması, onların asudə vaxtlarının səmərəli təşkili baxımından xüsusi əhəmiyyət kəsb edir. Ölkə başçısının rəhbərliyi ilə muxtar respublikada Naxçıvan gəncliyinin ictimai-siyasi həyatın bütün sferalarında aktiv fəaliyyət göstərməsi, öz potensialını, intellekt və istedadını ortaya qoyması üçün geniş imkanlar yaradılıb.
    Tədbirdə bir-birindən maraqlı, yaddaqalan rəqs və müxtəlif musiqi nömrələri səsləndirilib. Sonra muxtar respublikamızın ictimai-siyasi həyatında fəallıq göstərənlər mükafatlandırılıb. Təhsil sahəsində, Vətən müharibəsində göstərdiyi şücaətə görə, könüllülük fəaliyyətində, idman və müxtəlif intellektual yarışlarda, habelə səhiyyə xidmətində, eləcə də elm-təhsil yolunda fərqlənən və media sahəsində səmərəli fəaliyyət göstərən bir sıra gənclər, muxtar respublikamızın ictimaiyyət nümayəndələri müxtəlif nominasiyalara layiq görülüblər, həmçinin Gənclər Fondu tərəfindən keçirilmiş “Qış kuboku” uğrunda intellektual oyunlar üzrə çoxnövçülüyün qalibi – “Diplomat” komandasının üzvləri təltif olunublar. 
    Tədbir konsert proqramı ilə davam edib.

Məcid RƏŞADƏTOĞLU

***

    Naxçıvan Müəllimlər İnstitutunda keçirilən tədbirdə giriş sözü ilə çıxış edən institutun rektoru Azad Novruzov qeyd edib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızın birliyinin yaradılması məqsədilə Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmişdir. Artıq 30 ildən çoxdur ki, dünya azərbaycanlıları bu günü ümummilli birliyin, həmrəyliyin rəmzi kimi yüksək səviyyədə qeyd edir. Rektor vurğulayıb ki, torpaqlarımızın işğaldan azad olunması milli həmrəylimizin təntənəsi, xalqımızın öz rəhbəri ətrafında sıx birləşməsinin təcəssümü oldu.  Azad Novruzov çıxışının sonunda bütün Azərbaycan xalqını və tədbir iştirakçılarını bayramlar münasibətilə təbrik edib, onlara yeni uğurlar arzulayıb.

   Tədbirdə Humanitar və ictimai fənlər kafedrasının müəllimi Qorxmaz Hacızadə “Müstəqil Azərbaycanın inkişafında həmrəyliyin rolu” mövzusunda çıxış edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik konsepsiyasının əsas strateji ideyalarından biri də məhz azərbaycanlıların həmrəyliyi və birliyi ilə bağlı olub. Dünyanın müxtəlif regionlarında yaşayan azərbaycanlıların milli icma çərçivəsindən çıxaraq mütəşəkkil diaspor halında formalaşması və güclənməsi, yaşadığı ölkələrdə siyasi, iqtisadi fəaliyyətlərini genişləndirməsi, milli maraqlara xidmət etməsi bu siyasətin prioritet istiqaməti olub və dünya azərbaycanlılarının vahid ideya, məqsəd və prinsiplər ətrafında sıx birliyinin təmin olunması üçün məqsədyönlü tədbirlər bu gündə uğurla davam etdirilir.
    Sonra Təbiət və incəsənət fakültəsinin Riyaziyyat-informatika müəllimliyi ixtisası üzrə 5-ci kurs tələbəsi Coşqun Məmmədov bütün tələbələr adından institutun professor-müəllim heyətini, tələbələri və dünya azərbaycanlılarını bayramlar münasibətilə təbrik edib.
    Tədbirin bədii hissəsində “Həmrəylik gənclərin dili ilə” layihəsinin videoçarxı təqdim olunub, layihədə Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələr iştirak ediblər. Gənclər bir-birini və dünya azərbaycanlılarını təbrik edərək həmrəylik nümayiş etdiriblər. Daha sonra institutun tələbələrinin hazırladıqları şeir, mahnı və bədii kompozisiyalar təqdim olunub.
    Sonda tələbələrin əl işlərindən ibarət sərgiyə baxış olub.

Naxçıvan Müəllimlər İnstitutunun 
mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

 

Nəşr edilib : 28.12.2022 22:05