AZ EN RU

30 illik xatirələr canlananda və ya 496 azərbaycanlını ölümdən xilas edən bayatı...

    Rövşən Bağırov 1958-ci il iyunun 20-də Qərbi Azərbaycanın Dərələyəz mahalının Qovuşuq kəndində (1920-ci ilədək həmin inzibati ərazi Şərur mahalının Dərələyəz bölgəsinin Qovuşuq kəndi adlanırmış) dünyaya göz açıb. Uşaqlıq çağları, gənclik illəri həmin kənddə keçən pedaqoq-alim yurd-yuva, el-oba həsrətini ovutmaqdan ötrü hisslərini, duyğularını, xatirələrini, gördüklərini, yaşadıqlarını bu gün bir çoxlarımız üçün dərs vəsaiti, fundamental mənbə rolunu oynayan cild-cild ağ vərəqlərin bağrına köçürüb. “Dərələyəz taleyi, şəhidlər və döyüşçülər” ikicildliyinin, “Dərələyəz taleyi nənəmin dediklərində” tarixi əsərinin, “Mənalı ömrün səhifələri”, “Aydınlığa gedən yol” kitablarının müəllifi olan Rövşən müəllim həmkarları, qələm yoldaşları arasında həm “Asifoğlu” kimi, həm də “Dərələyəzli” təxəllüsü ilə tanınır. Noyabrın 23-24-də Naxçıvan şəhərində keçiriləcək “Qərbi Azərbaycana qayıdış” Beynəlxalq Festivalına hazırlaşan Rövşən Bağırovla həmsöhbət olub xatirələr işığında tarixi yurdumuz Dərələyəzin taleyinə nəzər salmağa çalışdıq...

    Rövşən müəllim dedi ki, Dərələyəz mahalı 1920-ci ilə qədər, yəni Ermənistanda sovet hökuməti qurulanadək Şərur rayonunun inzibati ərazi vahidinə daxil olub. Həmin tarixi hadisədən sonra Azərbaycanın müəyyən əraziləri Ermənistanda dövlət yaradılması adı ilə bədnam qonşularımıza hədiyyə edildi. Tarixi mənbələr, arxiv sənədləri də belə deməyə əsas verir ki, XX əsrin əvvəlində Dərələyəz mahalında bir erməni belə yaşamayıb. Təəssüf ki, əsrin sonunda vəziyyət tam əksinə oldu, yəni bir nəfər də olsun, azərbaycanlı həmin ərazidə qalmadı, minlərlə soydaşımız zorla doğma yurdlarından deportasiya edildi. Bildiyimiz kimi, XX əsrdə Azərbaycan xalqı 4 dəfə deportasiyaya məruz qalıb: 1905-1907, 1918-1923, 1948-1953 və ən nəhayət, 1988-ci ildən sonra. Sonuncu sürgündən əvvəl  rayonda bir-iki nəfər azərbaycanlı dövlət işində işləyirdi. Hansı ki əsrin əvvəlində bütün təşkilatlarda soydaşlarımız çalışırdı. Sənəd dalınca getməyə peşman idin. Bütün tanıtım lövhələrində yazılar ancaq erməni dilində əksini tapmışdı. Məcbur qalırdın ki, gedəcəyin ünvanı onlardan soraqlaşasan. Azərbaycanlı olduğunu öyrənəndə isə çox biganə, etinasız münasibətlə üzləşirdin. Və beləliklə, oxumuş, təhsil qazanmış gənclər yavaş-yavaş həmin bölgədən uzaqlaşıb ölkəmizin digər yerlərinə köçməyə başladı. Gedən 50 nəfərdən, demək olar ki, 10-u geri qayıdardı ya yox. Və beləcə, erməni hiyləgərliyinin acı nəticəsi olan bu “saman altından su yeritmə” adlı deportasiya siyasəti nəticəsində Dərələyəzdə məktəbə gedən azərbaycanlı uşaqların, kolxozda, sovxozda işləyənlərin sayı bir neçə ildə dəfələrlə azaldı. Bununla kənddə qocalma prosesi sürətləndi. Mən özüm 1975-ci ildə Qovuşuq kənd internat orta məktəbini bitirib Naxçıvan Pedaqoji İnstitutunda fizika-riyaziyyat fakültəsi üzrə təhsilimi davam etdirdim... Ermənilərin deportasiya siyasətinin növbəti istiqaməti isə yeni evlərin tikintisi ilə bağlı idi. Belə ki, bu məqsədlə azərbaycanlılara istənilən miqdarda pul, tikinti materialları verirdilər. Öz aralarında isə “qoy tiksinlər onsuz da bizə qalacaq”, – dediklərini eşidirdik. Digər bir didərgin salma metodu isə təbii fəlakətləri bəhanə gətirmələri idi. Yəni yalandan deyirdilər ki, filan kənddə sürüşmə var oradakı insanlar mütləq köçürülməlidi. Və beləcə, məcburi şəkildə azərbaycanlı əhalini çıxıb getməyə vadar edirdilər. Buna nümunə kimi iki kəndin adını çəkə bilərəm: Qalasar və Gədikvəng kəndləri. Ancaq indi şəkillərdən analiz edəndə görürük ki, həmin yaşayış məntəqələrində bir metr belə sürüşmə olmayıb.

    Müsahibimiz onu da qeyd etdi ki, Dərələyəz mahalı Keşikkənd və Paşalı rayonlarından ibarət idi. Əsrin əvvəlində hər iki rayonun ərazisində, ümumilikdə, 104 kənd yerləşirdi. Ancaq yuxarıda da sadaladığım qondarma deportasiya siyasəti nəticəsində əsrin sonunda həmin kəndlərin sayı 80-dən aşağıya düşdü. Bölgə əhalisinin bir qismi pedaqoji fəaliyyətlə məşğul olur, inzibati sahələrdə çalışır, qalanı isə sovxoz və kolxozlarda işləyir, mal-heyvana qulluq göstərirdi. Bizim sovxozun 20 min baş sağmal heyvanı var idi. Kənddə, həmçinin iki təsərrüfatdan, dörd tövlədən ibarət böyük sağmal ferması da fəaliyyət göstərirdi. Bütün bu mal-heyvanın təminatı isə insanların əməyi sayəsində, kənddəki otlaqlar vasitəsilə həllini tapırdı. Hər kənddə ya 8, ya da 4 illik məktəb fəaliyyət göstərirdi. Qovuşuq kəndindəki məktəb isə Dərələyəz mahalının 1928-ci ildən fəaliyyət göstərən yeganə internat orta məktəbi idi. Biz oradan köçənədək həmin məktəb binası qalırdı... Beləliklə, Qərbi Azərbaycanın digər bütün ərazilərində baş verən oxşar hadisələr Dərələyəz mahalına da sirayət etdi. 

    1988-ci ilin avqust ayında mahalın 8 nəfər ağsaqqaldan ibarət nümayəndə heyəti əhalinin Qarabağ ərazisində yerləşməyinə icazə alınması məqsədilə Azərbaycan rəhbərliyinə müraciət etdi. Lakin bu fikir yuxarıların niyyətinə uyğun gəlmədiyindən həmin ağsaqqalları nəinki müdafiə etdilər, hətta Mərkəzi Komitənin birinci katibi Vəzirovun göstərişi ilə onlara əziyyət verməkdən belə çəkinmədilər. Beləliklə, deportasiya olunan azərbaycanlılar Bakı, Sumqayıt və digər bölgələrdə yerləşdirildi. Bu amil təbii olaraq dağdan arana köçən əhalinin həyat tərzinə, sağlamlığına da təsirsiz ötüşmədi. Mən Dərələyəzdə vaxtilə 100, 105 yaşlarında aktiv həyat tərzi keçirən, heyvandarlıqla məşğul olan onlarla insan tanıyırdım. Ancaq 1988-ci ildən sonrakı mənzərə bu baxımdan heç də ürəkaçan deyil. O yerlərin havası, suyu, bitkiləri, həqiqətən də, cana dərman idi, camaatı gümrah saxlayırdı. 
    Rövşən müəllim bildirdi ki, 1988-ci ildən sonra Qərbi Azərbaycanda heç bir azərbaycanlı ailə qalmadı: – Bu məqamda, onu da xüsusi vurğulayım ki, Dərələyəzdə sonuncu köçdən əvvəl insanların ərzaq, çörək qıtlığı sarıdan çəkdikləri səfalət pik nöqtəsinə çatmışdı, camaat məcburiyyətdən olan-qalan mal-heyvanını kəsib yeyirdi. Məhz həmin məqamda Naxçıvan qərbi azərbaycanlıların köməyinə yetişdi. Qovuşuq kənd sovxozunun direktoru Paşa Məmmədovun təşəbbüsü ilə Naxçıvan komendantından alınan vertolyotla Naxçıvan şəhərindəki çörək zavodundan 8 xaşa (bir xaşa 4 çuval həcmindədir) çörək Dərələyəz mahalının sakinlərinə paylandı... 1988-ci ilin oktyabrında son olaraq 496 nəfər Qovuşuq kəndini tərk etdi. Həmin çətin anda da Naxçıvan Qərbi Azərbaycandan köçənlərin dayaq məntəqəsi, ümid yeri oldu, Naxçıvan camaatı gələnləri paltarla, yeməklə təmin etdi, əllərindən gəldiyi qədər soydaşlarımıza dəstək durdu. Basarkeçər, Vedi tərəfdən gələnlər Şərurda, Dərələyəzdən, Zəngəzurdan üz tutanlar isə Naxçıvan şəhərində qarşılandı. Mərkəz keçmiş internat məktəbinin, indiki Hərbi Liseyin yeri idi. Qovuşuq kəndini tərk etməyə məcbur qalan 496 azərbaycanlı, əslində, ölümə gedəcəkdi. Amma... Belə ki, ermənilər əvvəlcə həmin insanların üst-başını yoxlayıb, qızıl zinət əşyalarını, pullarını əllərindən alırlar. Daha sonra onları “Kamaz” markalı maşına mindirirlər. Kalonun qarşısında polis, arxada benzin maşını gedir. Məqsədləri isə Dərələyəz mahalının Kotanlı kəndi yaxınlığında yerləşən “Qazma” dərəsində azərbaycanlıların üzərlərinə benzin töküb yandırmaq idi. Atam, bacım və bacımın qızı da orada eyni aqibəti yaşayacaqdı. Xoşbəxtlikdən həmin vaxt Naxçıvandan gedən maşın karvanı həmin dərənin aşırımını enir. Karvanlar yan-yana gəldiyində ermənilərin maşınında “Qaqo” adlı azərbaycanlı bayatı söyləyir. Naxçıvandan olan maşın  karvanında gedən bizim kolxozun direktoru həmin səsi eşidir və maşını saxladır. Beləliklə, milli folklorumuzun dəyərli nümunəsi sayılan bayatı 496 azərbaycanlının həyatının xilasına səbəb olur... 
 

    Həmsöhbətimiz qeyd etdi ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, o cümlədən də I və II Qarabağ müharibələrində, lokal xarakterli antiterror tədbirlərində 110 dərələyəzli qəhrəman şəhidlik zirvəsinə ucalıb. Təkcə bu fakt onu göstərir ki, harada yaşamasından asılı olmayaraq, xalqımızın hər bir nümayəndəsində milli ruh, həmrəylik, mübarizə əzmi vardır. Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun sayəsində necə 30 ildən sonra Qarabağımıza, Şuşaya, Xankəndinə qovuşduqsa, tezliklə Qərbi Azərbaycan torpaqlarına, İrəvana, Göyçəyə, Dərələyəzə də qayıdacağıq. Ölkə Prezidentinin də dediyi kimi, biz o yerlərə tankla, topla deyil, dinc yolla qayıdacağıq. O yurdlarda ulu babalarımız, nənələrimiz uyuyur, “35 ildir, həmin qəbirləri ziyarət edən yoxdur” acı həqiqəti ürəyimizi dağlayır... İnanıram ki, 35 illik vətən həsrətimin yerini tezliklə 30 illik xatirələrlə baş-başa vüsal anı alacaq...

 Nail ƏSGƏROV

Nəşr edilib : 22.11.2023 19:43