AZ EN RU

29-u, 20-si oktyabr – əzablı gediş və qürurlu dönüş...

    Tarixdə elə günlər olur ki, əbədi iz buraxır, kök salır yaddaşlarda, illər, qərinələr, əsrlər ötsə də, yaddan çıxmır, unudulmur, unutmağa, unutdurmağa haqqın çatmır həmin gün yaşananları, yaşadılanları, mənəvi borcuna çevrilir təbliğ etmək, gələcək nəsillərə düzgün aşılamaq olub-bitənləri. Elə müxtəlif dövrlərdə böyük dövlətlər yaratmış oğuz-türk boylarından biri olan, adları qədim mənbələrdə “sanqi” şəklində qeyd edilmiş zəngi tayfalarının yaşadığı, Zəngibasar bölgəsi, Zəngi çayı, Zəngilər kəndi toponimləri ilə öz soykökünə bağlılığını sübuta yetirən qədim tarixə, zəngin təbii sərvətlərə, füsunkar təbiətə malik Zəngilan rayonunun taleyinə möhürlənən oktyabr ayının 29-u və 20-si tarixləri kimi. 29-u əzab-əziyyətli məcburi gedişi, həsrəti, hicranı, yarım qalan nakam ümidləri andırırsa, 20-si möhtəşəm, könüllü geri dönüşü, qüruru, fəxarəti, əbədi vüsalı təcəssüm etdirir...

    Ulu babalarımızın “keçmişini unudanın gələcəyi olmaz” hikmətli sözünə əsaslanaraq səyahət edək kiçik Qafqaz dağ silsiləsinin cənub-şərqində, Araz çayının sol sahilində yerləşən bu füsunkar təbiət gözəli, Şərqi Zəngəzurun yaşılbaş sonası Zəngilanımızın ötən günlərinə. Vərəqləyək bir-bir, yenidən xatırlayaq,  bir daha öyrənək, xatırladaq ulu keçmişimizi, öyrədək. Yaxşı, büsatlı günü xoş xatirə kimi andıqca unutmayaq ömrü az, yarası dərin olan pis günü də. Unutmayaq illərlə süfrəmizdə əyləşdirdiyimiz, halal çörəyimizdən yedirdiyimiz murdar nakəslərin, namərdlərin, bədxah qonşumuzun üzümüzə gülüb arxamızdan məkrli işlər çevirməsini, min cür hiylə, fitnə-fəsadla torpağımıza göz dikərək havadarlarının dəstəyi ilə onu bizdən zorla qoparmasını... 
    Erməni vandalizminə məruz qalan Məmmədbəyli türbəsi (XIII əsr), Şərifan sərdabəsi (XII əsr), Hacallı dairəvi bürcü (XIV əsr), Yenikənd sərdabəsi (XIV əsr), Bartaz Qız qalası (XIII əsr) və arxeoloji abidələrdən ən böyüyü “Şəhri Şərifan” adı ilə tanınan orta əsr şəhərinin xarabalıqları tarixindən, milliliyindən, kimliyindən söz açırdı ulu yurdumuzun. Coğrafi mövqeyi, torpağı, iqlimi ilə seçilən, Avropada birinci, dünyada ikinci olan Çinar meşəsi, 1974-cü ildə yaradılan Bəsitçay Dövlət Təbiət Qoruğu ilə məşhurlaşan Azərbaycanın bu dilbər guşəsinin altı da xəzinə idi, üstü də... Saymaqla bitməz, xərcləməklə tükənməz idi qızıl, qara mərmər yataqları, təbaşir çöküntüləri, əhəng xammalı, tikinti daşı kimi neçə-neçə yer altında gizlənən sərvəti. 1930-cu ildə yaradılan bir şəhər, bir qəsəbə və 83 kəndi, 707 kvadratkilometr ərazisi, 35 mindən çox əhalisi olan Zəngilanımızın bərəkətli torpaqlarında vaxtilə üzümçülük, tütünçülük, heyvandarlıq kimi kənd təsərrüfatı sahələri yaşadılırdı. Əkib-becərər, mal-heyvan saxlayıb gün-güzəranlarını qurardı camaat. Özgə malına deyil, öz halal süfrələrinə dikilərdi gözləri. Qızmar yay günlərində insanlar üz tutardı istirahət guşələri sayılan, sərin qoynunda qonaqlarını hər cür naz-neməti ilə mehman eləyən 2270 metr hündürlüyündəki Şükrətaz dağı, çiyin-çiyinə dayanan, qol-boyun olan Əsgülüm, Süsənin zirvələrinə qədər uzanıb gedən vüqarlı dağ silsilələrinə, palıd, cökə, çinar kimi nadir ağaclarla bəzənən meşələrə, ormanlara. Dağ ətəklərinin can dərmanı olan zoğalı, əzgili, qaragiləsi, böyürtkəni, narı, alçası, armudu, fındığı və cəvizindən həm süfrələrini bəzəyər, həm də satıb öz ailə büdcələrini zənginləşdirərdi zəngilanlılar... 
    Ümummilli liderimiz Heydər Əliyevin sayəsində 1969-1982-ci illərdə sakinlərin rahatlığına xidmət edən, bölgənin inkişafına təkan verən, çoxlarına xəyal kimi uzaq, əlçatmaz gələn nə vardısa, hamısı bir anda çox yaxın oldu, gerçəkliyə çevrildi Zəngilanda. Ağ oyuq hidrokompleksinin istifadəyə verilməsi yeni nəfəs, canlanma gətirdi bu bölgəmizin kənd təsərrüfatına, suvarılan əkin sahələri genişləndi, məhsuldarlıq dəfələrlə artdı, üzümçülük böyük gəlir gətirməyə başladı, arıçılıq, balıqçılıq təsərrüfatları yaradıldı, tütünçülük, heyvandarlıq, taxılçılıq yeni təməllər üzərində intensiv qaydada inkişaf etdirildi. Yüksəliş, tərəqqi prosesləri həyatın bütün sahələrini bürüdü, istehsal gücü 30 min tona çatan 2 şərab, 1 milyon şərti banka istehsal edən konserv, çörək, 1 çınqıl, 2 asfalt zavodlarının, mərmər, əhəng sexlərinin yaradılması, 2 toxuculuq kombinatının fəaliyyətə başlaması insanları iş-güc sahibi etdi,  əhalinin güzəranı xeyli yaxşılaşdı, sadə zəhmət adamları həyat, məişət şəraitini müasirləşdirdi, yeni evlər salındı, mülklər tikildi, təsərrüfatlar quruldu. O dövrdə rayonda əhalinin firavan yaşayışına, sağlamlığına, mədəni istirahətinə, etibarlı sabahına, gələcəyinə xidmət edən nələr yox idi ki, nələr : 200 çarpayılıq xəstəxana, şəhər poliklinikası, iki 50 və iki 25 çarpayılıq kənd xəstəxanası, 46 feldşer-mama məntəqəsi, 5 kənd ambulatoriyası, 125 çarpayılıq Mincivan Dəmiryol Xəstəxanası, 66 məktəb, 300 nəfər kontingenti olan texniki-peşə məktəbi, qiyabi orta məktəb, 28 uşaq bağçası, 50 kitabxana, 9 mədəniyyət evi, 39 klub, 7 səyyar avtoklub, 21 kinoqurğu, 3 tarix-diyarşünaslıq muzeyi, 4 musiqi məktəbi...
    Sovetlər dönəmində Zəngilandan hansı qatarlar gəlib keçmirdi ki... Bakı-Qafan, Bakı-Noraşen, Bakı-Mincivan. O qatarlar zəngilanlıların arzuları, istəkləri idi ki, dəmir relslərlə hərəkət edib gedib çatırdı öz ünvanına, yetişirdi muradına, əhdinə, ilqarına. Öz vaxtının, zamanının ölçüsünü o qatarların hərəkət qrafiki ilə qururdu bu yerlərin, yurdların insanları. Ağsaqqal xeyir-duası, nəsihəti, ağbirçək öyüdü ilə qurulan ailələrdən, böyük məsləhəti ilə binə olan evlərdən körpə səsləri gələrdi hey, yazda, yayda qız-gəlinlər dağların, dərələrin, naz-nemətindən toplayıb rəngarəng mətbəx nümunələri ilə halal süfrələr açardılar, qonaqlı-qaralı olardı həyətlər, ocaqların istisi, hənirtisi kəsilməzdi. Mədəniyyət ocaqlarında havalanardı Qarabağın şikəstəsi. Həyat öz axarı ilə zəngilanlıların könlü istəyən kimi davam edirdi, ta ki I Qarabağ müharibəsi başlayanadək. Qonşu rayonların azğın düşmən tərəfindən bir-bir işğal olunması artıq zəngilanlıların da acı sonunun qara xəbərçisi idi, faciənin yaşanacağı gün ötdükcə daha da qaçılmaz hal alırdı...
    1993-cü il oktyabrın 29-cu günü...  Həmin gün öz doğma elinə, obasına bağlı zəngilanlılar üçün təkcə məcburi köçkünlük həyatının başlanğıcı deyil, həm də daha dəhşətli, vahiməli, tükürpədici tarix kimi yazılacaqdı. İkinci Xocalı faciəsini yaşayacaqdı bu yurdun insanları. 235 zəngilanlının şəhid və itkin düşməsinə, 127-nin sağlamlığını itirməsinə səbəb olan qansız düşmənin məqsədi məhz bu idi. Rayonu bütün istiqamətlərdən mühasirəyə alan düşmən bəşəri cinayəti təkrarlamaq cəhdini göstərsə də, ulu öndərimiz Heydər Əliyevin qətiyyəti sayəsində qarşısı alındı bu xain planın. Dahi şəxsiyyətin tapşırığına əsasən Araz çayı üzərində qurulmuş su bəndi bağlandı, beləliklə, çayın suyu azaldığına görə maneəsiz bir şəkildə İran İslam Respublikasının ərazisinə keçərək xilas oldu dinc, əliyalın insanlar. Həmin gündən sonra düz 27 il min cür əzabla, əziyyətlə tərk etdikləri doğma yurdlarına qayıdacaqları günü gözlədi zəngilanlılar, 1993-cü il oktyabrın 29-da, payızda xəzana dönən arzuları, xəyalları elə payızda da yenidən tumurcuqlayıb çiçək açdı. Hələ Cocuq Mərcanlı azad olunanda qismən təskinlik tapdılar, oradan hey həsrətlə boylandılar öz yurdlarına sarı, əsən küləkdən duymağa çalışdılar doğma torpaqlarının ətrini, təravətini. Bir gün mütləq haqq-ədalətin yerini tapacağı ümidi ilə, onları faciədən, soyqırımından qurtaran ulu öndərin layiqli davamçısına, qüdrətli dövlətimizə arxalanaraq, ondan güc alaraq yaşadılar, yaratdılar...
    2020-ci ilin oktyabrı daha əzablı-əziyyətli günləri yenidən xatırlamaq, xatırlatmaq, işğalın növbəti ildönümünü qeyd etmək üçün deyil, bu payız qələbə qoxusu, zəfər ətri ilə, dilində hicran nəğməsini bitirib, əlində vüsal toxumları ilə gəlmişdi bütün qarabağlılar kimi, zəngilanlıların da görüşünə. 20 oktyabr tarixi əbədi olaraq şanlı, qürurlu, fəxrli gün kimi qızıl hərflərlə həkk olundu bu yurdun insanlarının yaddaşına. Artıq köçkünlük həyatları başa çatır, qəribçilikdən qurtulur, düz birqərinəlik mənəvi məhrumiyyətlərdən sonra ömürlərinin yeni mərhələsinə qədəm qoyacaqları həqiqəti ilə ürəkləri atlanıb-düşür, gecələri daha nigarançılıqdan deyil, sevincdən yuxu girmirdi gözlərinə zəngilanlıların. 44 günlük qanlı-qadalı müharibənin sonunda qazanılan parlaq Qələbədən sonra ölkə Prezidentinin Qarabağa, Zəngilana hər səfərini diqqətlə izləyir, o torpaqlara geri dönüşü səbirsizliklə arzulayır, qayıdış müjdəsini gözləyirdi zəngilanlılar. 2021-ci il oktyabrın 20-də Zəngilana səfəri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident cənab İlham Əliyevin “Xoş gəlmisiniz Zəngilana. Uzun fasilədən sonra – 27 il erməni işğalından sonra artıq Zəngilan Vətənə qayıtdı, qaytardıq. Şanlı Ordumuz qəhrəmanlıq göstərərək Zəngilan şəhərini və bir neçə kəndi məhz düz bir il bundan əvvəl işğalçılardan azad etdi və beləliklə, 27 illik işğala son qoyuldu. İndi mən “Xoş gəlmisiniz” deyirəm, çünki mən sizi dəvət etmişəm ki, bu gözəl tarixi birlikdə burada qeyd edək. Amma bundan sonra mən Zəngilana gələndə zəngilanlılar “Xoş gəlmisiniz” deyəcəklər” çıxışını istər o görüşdə olan, istərsə də televiziya ekranları qarşısında həmin qürurlu anları sevinc göz yaşları içərisində izləyən bütün zəngilanlılar, azərbaycanlılar ürəkdən alqışlayaraq, “Var ol, yaşa Müzəffər Ali Baş Komandan, yaşasın qüdrətli ordumuz!” söylədilər. Müjdə də çox gözlətmədi özünü.  Cari il mayın 27-də Zəngilan rayonunun Ağalı yaşayış məntəqəsində “ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində dövlət başçısı cənab İlham Əliyev kənd sakinləri ilə görüşü zamanı bütün Azərbaycan xalqına həmin müjdəni verdi: “Bu gün Böyük qayıdış dediyimiz prosesə start verildi. Böyük qayıdışın birinci kiçik addımı, bax bu gün atılır”. Bəli, xalqa verdiyi vədə hər zaman əməl edən Ali Baş Komandanın bu sözündən sonra başladı yurda, torpağa qayıdış, böyük köç prosesi. Qarabağı sonuncu tərk edən zəngilanlılar ilk qayıdanlardan oldu ata-baba torpağına...
     Barbarların dağıdıb viranəyə çevirdiyi, bir həyat nişanəsi belə tapılmayan ərazilərdə, eləcə də Zəngilanda indi yeni həyat qurulur, gündən-günə dirçəldilir yurdlarımız, müasir infrastruktur yaradılır, nəhəng tunellər çəkilir, dünya miqyaslı dəhlizlər salınır, beynəlxalq hava limanları tikilir, bir sözlə, Qarabağımız xəyallarımızın gerçəkliyə döndüyü unikal məkana çevrilir. 1990-cı illərdə Qarabağı ah-nalə çəkə-çəkə peşman, əzablı halda tərk edən zəngilanlılar indi qürurla, zəfər nəğməsi, qələbə cəngi ilə dönürlər evlərinə. Vaxtilə simasından miskinlik yağan, viran qalmış Ağalı kəndi indi misligörünməmiş müasirlik libasına bürünür, “Ağıllı kənd”ə çevrilir. Ağalıda indi nə yoxdu ki... Dövlət Xidmətləri Mərkəzi, “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” və DOST, Kiçik və Orta Biznesin İnkişafı mərkəzləri, “Gillmed” tikiş fabriki, ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi), uşaq bağçası, kənd orta məktəbi, “ağıllı kənd təsərrüfatı”, “ağıllı” işıqlandırılma və müasir şəhərsalma standartına aid daha nələr-nələr...
    İndi bütün qarabağlılar kimi zəngilanlıların ürəklərindəki torpaq həsrəti vüsal sevincinə, inam təşnəsinə çevrilib, 2022-2023-cü tədris ilində Ağalı kənd məktəbində ilk zəng çalındı, vaxtilə qəm-qüssəli, barıt qoxan o yurdda, küçə, prospektlərdə, sosial obyektlərin, təhsil ocağının həyətində indi gül-çiçəklər pərvaz edir, şagirdlər ata-anaları kimi yenə çınqıl toplayıb, arzularını, diləklərini Vətən torpağı üzərinə həkk edir, hündür təpənin üzərində, əzəmətlə ucalan, dalğalanan üçrəngli bayrağın altında Azərbaycanın bütövləşmiş xəritəsini çəkir: “Qarabağ Azərbaycandır!” “Biz doğma yurdumuza qayıtmışıq!” “Zəngilan bizimdir!” ifadələrini yazırlar... 
    Ey əzəli, əbədi yurdumuz! Hər il oktyabrın 29-da qəlbimizdə tüğyan edən Vətən həsrəti, qəlbimizi sızladan yanğı ilə işğalının ildönümü haqqında yazı qələmə alar, həmin məqaləni  “Biz əzəli, əbədi torpaqlarımıza, o cümlədən Zəngilana qayıdacağıq! O gün uzaqda deyil” kimi inam, ümid dolu cümlələrlə bitirərdik. İndi isə böyük, qürur və fəxarət hissi ilə qalib xalqın nümayəndəsi kimi azadlığının ikinci ildönümünə həsr etdiyim bu yazını təntənəli kəlmələrlə bitirirəm: Tezliklə Naxçıvan Muxtar Respublikası ilə ölkəmizin digər ərazisini birləşdirəcək Zəngəzur dəhlizindən keçib görüşünə gələcək, hüsnünü doyunca seyr edə-edə möhtəşəmliyin mübarək, Zəngilan! – söyləyəcəyik. O gün uzaqda deyil...

Nail ƏSGƏROV

Nəşr edilib : 19.10.2022 19:42