AZ EN RU

28 May – Müstəqillik Günü münasibətilə tədbirlər keçirilmişdir

    Şərur rayonunda yeni istifadəyə verilən Mədəniyyət Sarayında 28 May – Müstəqillik Günü ilə əlaqədar tədbir keçirilib. Çıxışda bildirilib ki, Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdən biridir. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, balans­laşdırılmış xarici siyasət nəticəsində şanlı Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində işğalçı Ermənistan ordusunu darmadağın edərək tarixi zəfərə imza atmış və uzun müddət işğal altında olan torpaqlarımızı azad etmişdir. Bu, Azərbaycan xalqının böyük tarixi Qələbəsidir. Bununla Müstəqillik Günü ikiqat əlamətdar tarixi bayrama çevrilib. Tədbirin bədii hissəsində “Arpaçay” İnstrumental Ansamblının müşayiəti ilə musiqi nömrələri ifa edilib, muxtar respublikamızın mədəniyyət simvoluna çevrilən yallı qruplarının – balaca fidanlardan ibarət “Şərur qönçələri”nin, “Şərur” Xalq Yallı Ansamblının və ahıllardan ibarət “Nurani” kollektivinin çıxışları alqışlarla qarşılanıb.

*   *   *

    Babək Rayon Mədəniyyət Sarayında 28 May – Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə aparıcılar bildiriblər ki, XX əsrin əvvəllərində demokratik dövlət quruculuğu istiqamətində atılan addımlar əsrin sonlarında müstəqillik üçün siyasi və tarixi əsas yaradıb. Bu tarixi varislik ənənələrinin yaşadıldığı və müstəqilliyin əsasının qoyulduğu ilk yer isə Naxçıvan Muxtar Respublikası olub. Görkəmli dövlət xadimi Heydər Əliyevin 1990-1993-cü illərdə muxtar respublikada yaşayıb fəaliyyət göstərməsi dövlətçiliyimizi və müstəqilliyimizi məhv olmaq təhlükəsindən xilas edib, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə Naxçıvanda qaldırılıb. Ümummilli liderimizin 1990-1993-cü illərdə Naxçıvanda dövlət müstəqilliyimizin bərpası ilə bağlı qəbul etdiyi tarixi qərarlar Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycanın dövlətçilik yoludur. Ölkə Prezidenti cənab İlham Əliyev isə bu yolu uğurla davam etdirərək Azərbaycanı regionun lider dövlətinə, sabitliyin və inkişafın təminatçısına çevirib. Müstəqilliyimiz möhkəmləndirilib, sosial-iqtisadi inkişaf təmin edilib, güclü ordu yaradılıb. 44 günlük Vətən müharibəsindəki tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin olunub. Tədbir rayonun mədəniyyət kollektivlərinin ifasında konsert proqramı ilə davam edib. 

*   *   *

    Ordubad rayonunda keçirilən tədbirin aparıcıları milli istiqlal tariximizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, qısa vaxt ərzində həyata keçirdiyi islahatlardan, ölkənin demokratikləşməsi və insan hüquqları sahəsində atılan addımlardan, dövlətçiliyimizin möhkəmləndirilməsindən, müstəqil ölkəmizin uğurlarından, həmçinin demokratik cümhuriyyətin süqutu səbəblərindən danışıblar. Tədbir Ordubad Rayon Mədəniyyət Sarayının bədii özfəaliyyət kollektivlərinin konsert proqramı ilə davam etdirilib. 

*   *   *

    Culfa Rayon Mədəniyyət Sarayında 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib. Tədbirin aparıcıları bildiriblər ki, Şərqin ilk parlamentli respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə Azərbaycanın milli dövlətçilik tarixində silinməz izlər qoyub. Bolşeviklər tərəfindən istila olunan Azərbaycan bir də 70 ildən sonra – 1991-ci il oktyabrın 18-də yenidən dövlət müstəqilliyini bərpa edib. Süqut edən Xalq Cümhuriyyətinin üçrəngli bayrağını yenidən ucaldan və Azərbaycan xalqının əbədi müstəqilliyini təmin edən şəxsiyyət isə xalqımızın ümummilli lideri Heydər Əliyev oldu.  Qürurvericidir ki, bu böyük missiyanı görkəmli dövlət xadimi Naxçıvanda həyata keçirib. Qeyd olunub ki,  beynəlxalq aləmdə turizm, tolerantlıq diyarı, idman ölkəsi olmaqla yanaşı, eyni zamanda innovasiyalar və informasiya-kommunikasiya texnologiyaları ölkəsi kimi də tanınan Azərbaycan Müstəqillik Gününü öz ərazi bütövlüyünü təmin etmiş qalib dövlət kimi qeyd edir.  Tədbirin bədii hissəsində rayon Mədəniyyət Sarayının “Çeşmə” İnstrumental Ansamblının ifasında konsert proqramı olub, xalq mahnıları səsləndirilib.

*   *   *

    Kəngərli rayonunda 28 May – Müstəqillik Günü ilə bağlı Bayraq Meydanında keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Diqqətə çatdırılıb ki, Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir tarixi mərhələnin başlanğıcı olub. Xalqımız 70 il sonra yenidən öz müstəqilliyini bərpa etdi. Ulu öndər Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışı ilə müstəqilliyimiz möhkəmləndirildi, əbədi və dönməz oldu. Qeyd edilib ki, bu gün ümummilli lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanın taleyi etibarlı əllərdədir və qurulan möhkəm təməl, aparılan uğurlu siyasət müstəqilliyimizin sarsılmazlığına tam təminat verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu prosesi müstəqilliyimizin bəhrəsidir. Tədbirin sonunda məktəblilər vətənpərvərlik mövzusunda şeirləri bədii qiraət edib, Qıvraq qəsəbə uşaq bağçasının balaca fidanlarının təqdimatında “Bayraq” rəqsi ifa olunub. 

*   *   *

    Şahbuz rayonunda keçirilən tədbirdə aparıcılar Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti, onun yaranma tarixi və fəaliyyəti  haqqında ətraflı məlumat veriblər. Qeyd olunub ki, görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə ölkəmizdə siyasi hakimiyyətə qayıdışından sonra dövlət müstəqilliyimiz daha da möhkəmlənib. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi müasir Azərbaycanın dövlətçilik yolunu bu gün Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Müstəqilliyimiz möhkəmləndirilib, sosial-iqtisadi inkişaf təmin edilib, güclü ordu yaradılıb. 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması bunu bir daha təsdiq etdi. Tədbirin bədii hissəsində rayonun mədəniyyət kollektivlərinin ifasında konsert proqramı olub, xalq və bəstəkar mahnıları səsləndirilib.

*   *   *

    Sədərək Rayon Mədəniyyət Sarayında 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib. Tədbirin aparıcıları qeyd edib ki, bu il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104 ili tamam olur. 2018-ci ildə ölkə başçısı cənab  İlham Əliyevin müvafiq Sərəncamı ilə həmin il ölkəmizdə “Cümhuriyyət ili” elan edildi və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi təntənə ilə qeyd olundu. 1991-ci il oktyabrın 18-də isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edildi. Ulu öndərin layiqli davamçısı cənab İlham Əliyev müstəqillik yolu ilə irəliləyən Azərbaycanı daha böyük zirvələrə çatdırıb və ölkəmiz bütün dünyada güclü dövlət kimi tanınır. Bu gücün, qüdrətin nəticəsidir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Güclü dövlətimizin düzgün siyasəti nəticəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımız cəmi 44 gündə düşmən tapdağından azad edildi. Tədbir iştirakçılarına Mədəniyyət Sarayının kollektivi tərəfindən konsert proqramı təqdim olunub.

*   *   *

    28 May – Respublika Günü ilə əlaqədar muxtar respublikanın  tibb müəssisələrində qanvermə aksiyası keçirilib. Aksiyanın əsas məqsədi insan sağlamlığının təmin edilməsi, aztəminatlı, eləcə də şəhid və qazi ailələrinə lazımi tibbi yardımın göstərilməsi olub.
    Naxçıvan Diaqnostika Müalicə Mərkəzi və Babək Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs tərəfindən Babək Rayon Mərkəzi Xəstəxanasında təşkil edilən aksiya çərçivəsində rayon İcra Hakimiyyətinin kollektivinin də yaxından iştirakı olmaqla, 60 nəfərdən 30 litr qan götürülüb. Eyni zamanda humanitar yardım məqsədilə 142 nəfərə terapevtik müayinə, 30 uşağa sünnət, 1 nəfərə kiçik cərrahi əməliyyat icra olunub.
    Şahbuz Rayon Mərkəzi Xəstəxanasında təşkil edilən qanvermə aksiyasında Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxs və Şahbuz Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin tibb işçiləri tərəfindən 50 nəfərdən 25 litr qan götürülüb, eyni zamanda terapevt, hemotoloq və laborator müayinələr icra olunub.
    Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən muxtar respublika əhalisinin sağlamlığı və tibbi təminatı məqsədilə bu cür tədbirlərin davam etdirilməsi diqqətdə saxlanılır.

*   *   *

    Naxçıvan Dövlət Universiteti Memarlıq və mühəndislik fakültəsində 28 May – Müstəqillik Gününə həsr olunan Memarlıq və Robotexnika üzrə sərgi keçirilib. 
    Universitetin rektoru Elbrus İsayev 28 May – Müstəqillik Günü münasibətilə kollektivi təbrik edib, müstəqilliyin bərpasından keçən dövr ərzində müasir Azərbaycanın əldə etdiyi nailiyyətlərdən, keçdiyi inkişaf yolundan söhbət açıb, fakültədə keçirilən bu cür sərgilərin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib. 
    Sonra eskiz, memarlıq layihələri, xalçaçılıq ornamentlərinə dair əl işlərinin təqdim olunduğu sərgiyə baxış olub. Memarlıq ixtisasının tələbələri sərgidə müxtəlif maketlər də təqdim ediblər. Sərgiyə Robotexnika sahəsinə dair 20-yə yaxın iş təqdim edilib.
    Sonda müəllim və tələbələrə hazırladıqları əl işləri müqabilində diplom təqdim edilib. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 27.05.2022 23:50