AZ EN RU

28 May – Müstəqillik günü ilə bağlı tədbirlər keçirilib

    AMEA Naxçıvan Bölməsində keçirilən tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev Azərbaycan Xalq Cümhuriyyətinin Tiflis, Gəncə və Bakı dövrləri haqqında qısa məlumat verib. Diqqətə çatdırılıb ki, 23 aylıq fəaliyyət dövründə olduqca mühüm tarixi qərarlar qəbul olunub, istər daxili, istərsə də xarici siyasətdə yeni yaranmış bir cümhuriyyət üçün müstəsna əhəmiyyətli irəliləyişlər əldə edilib.
    Vurğulanıb ki, 70 illik sovet əsarəti dövründə tarixi keçmişimiz unutdurulmağa çalışılsa da, dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan Xalq Cümhuriyyətinin  fəaliyyəti, hökumətdə təmsil olunan tarixi şəxsiyyətlər və başqa aktual məsələlərlə bağlı əhatəli tədqiqatlar aparılıb. Ölkə başçısının imzaladığı müvafiq sərəncamlarla Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd edilib. 
    Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, dosent Asəf Orucov,  həmin İnstitutun Yeni və ən yeni tarix şöbəsinin kiçik elmi işçisi Nilufər Ağayeva çıxışlarında həmin dövrdə qəbul edilən İstiqlal Bəyannaməsinin Şərqdə ilk demokratik respublikanın yaradılmasının rəsmi bəyanı olduğunu, bütün vətəndaşların hüquq bərabərliyinin təmin edildiyini diqqətə çatdırıblar.

***

    Naxçıvan Dövlət Universitetində keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev 1918-ci il mayın 28-də müsəlman Şərqində yaradılan və xalqımızın dövlətçilik tarixində misilsiz rolu olan ilk demokratik, parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti barədə məlumat verib. Elbrus İsayev Prezident cənab İlham Əliyevin ölkəmizi regionda söz, dünyada nüfuz sahibinə çevirdiyini, Vətən müharibəsində müstəqillik tarixinin ən parlaq Qələbəsini xalqımıza bəxş etdiyini deyib. 
    Digər çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 26.05.2023 21:02