AZ EN RU

28 May – Bütöv, Qalib Azərbaycanın Müstəqillik Günü

106 il öncə bu gün – 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdi. Qısa dövrdə dövlətin ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis olundu, sərhədləri müəyyən edildi, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi. Cəmi 23 ay ömür sürməsinə rəğmən Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərə bildi. Bununla həm də xalqımızın çoxəsrlik dövlətçilik ənənələri yeni mərhələyə qədəm qoydu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il oktyabrın 15-də təsdiq etdiyi “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası Qanununa əsasən mayın 28-i ölkəmizdə Müstəqillik Günü elan edilib. Qanunda da qeyd olunduğu kimi, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb, 1991-ci il oktyabrın 18-də isə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunub, bu zaman 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad edilib. Bu baxımdan ölkə Prezidentinin imzaladığı müvafiq qanunda 28 may tarixi mahiyyət və məzmununa uyğun olaraq ifadə olunub. 

Bəli, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində süqut etsə də, müstəqillik ideyaları xalqımızın yaddaşından heç vaxt silinmədi. Xalq özünün istiqlal arzularını, diləklərini nəsildən-nəslə ötürdü. 1969-1982-ci illərdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətli inkişaf yoluna qədəm qoydu, həm iqtisadi, həm də sosial sahədə böyük uğurlar, nailiyyətlər qazandı. Görkəmli dövlət xadiminin rəhbərliyi altında həyata keçirilmiş tədbirlər ölkəmizin müstəqillik uğrunda mübarizəsinə real hüquqi-siyasi və iqtisadi əsaslar, möhkəm təməllər yaratdı. Azərbaycan ötən əsrin sonlarında müstəqilliyini yenidən bərpa etdi. Lakin əsrin əvvəlində olduğu kimi, bu dəfə də erməni təcavüzü ilə üzləşərək torpaqlarının işğalı və müstəqilliyinin itirilməsi təhlükəsi ilə qarşılaşdı. Tarixi hadisələr göstərir ki, Azərbaycan xalqı müstəqil dövlətini yaratmaq istəyəndə daim erməni faktoru ilə üzləşib, ölkəmizin müstəqil dövlət olmasını istəməyən qüvvələr “erməni kartı”ndan yetərincə istifadə etməyə çalışıblar. Onların qarşısını yalnız bir tarixi şəxsiyyət kəsə bilib: fenomen insan Heydər Əliyev. Görkəmli dövlət xadimi xain planları iflasa uğradaraq tarixi qərar və mütərəqqi addımları ilə Azərbaycanı mürəkkəb vəziyyətdən çıxara bildi, müstəqilliyini qorudu və möhkəmləndirdi. Müstəqilliyi əvəzolunmaz nemət hesab edən Azərbaycan xalqının Ümummilli Liderinin qətiyyət, qürur, fəxarət saçan sözləri bu gün də hər birimizin yaddaşında çınlayır: “Biz azadıq, müstəqilik, sərbəstik. Biz heç kəsdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik. Bilirsiniz, bunun üçün, yalnız bunun üçün aylarla, illərlə əziyyət çəkmək olar. Məhz bunun üçün illərlə ac qalmaq olar. Çünki əsrlər boyu ulu babalarımız, Azərbaycanın mütəfəkkir insanları milli azadlıq, müstəqillik arzusu ilə yaşamışlar, milli azadlıq, müstəqillik üçün mübarizə aparmışlar, vuruşmuşlar, amma buna nail ola bilməmişlər. Biz buna nail olmuşuq. Bilin ki, indi bunu əlimizdə saxlamaq, qorumaq hər bir insan üçün canından da artıqdır. Mən sizə deyirəm, bunu bilin, Azərbaycanın müstəqilliyini qorumaq, saxlamaq, onu əbədi etmək mənim üçün öz həyatımdan, canımdan artıqdır”.

Ulu Öndərin 1990-1993-cü illərdə Naxçıvanda yaşadığı, Ali Məclisin Sədri kimi çalışdığı illər müstəqilliyimizin möhkəmləndirilməsi, milli dövlətçilik ənənələrimizin qorunması və gücləndirilməsində məxsusi mərhələ hesab olunur. Bütün həyatını Azərbaycanın müstəqilliyinə həsr etmiş Ümummilli Liderin sədrliyi ilə 1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasında “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul olunub, üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikası Ali Məclisində qaldırılıb. Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözləri götürülüb, Sovet İttifaqının qorunub saxlanması ilə əlaqədar 1991-ci il martın 17-də keçirilən ümumittifaq referendumunda Naxçıvan Muxtar Respublikası iştirak etməyib. Bütün bu qətiyyətli addımları ilə xalqını nicat yoluna çıxaran Ümummilli Lider Azərbaycanın müstəqilliyə gedən yolunda əbədiyyət Günəşi kimi parlayıb, müasir tarixinin parlaq səhifələrinin əbədiyaşar müəllifi olub.

Görkəmli dövlət xadimi Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbindən sonra ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanı parçalanmaq, məhv olmaq təhlükəsindən xilas etdi, dövlət müstəqilliyimizi möhkəmləndirdi. Ötən il Ulu Öndərin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar azad Şuşa torpağından xalqa müraciətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Məhz bu ağır dövrdə ovaxtkı hakimiyyət qardaş qanını axıtdı, vətəndaş müharibəsinə start verdi, təki hakimiyyətdə qalsın və öz talançılıq fəaliyyətini davam etdirsin. Xalq isə ayağa qalxdı, xalq Heydər Əliyevi tələb edirdi, ancaq Heydər Əliyevin simasında nicat yolu görürdü. O ağır dövrdə xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev, demək olar ki, gənc müstəqil Azərbaycan dövlətinin, sözün əsl mənasında, xilaskarına çevrilmişdi”. Ötən dövrdə Azərbaycan beynəlxalq hüququn tərəfdarı kimi sübut edib ki, o, Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin ləyaqətli varisidir, onun davamçısıdır və ənənələrinə sadiqdir. 

Müstəqilliyimizin bizə verdiyi bəhrələr bu gün ölkəmizin bütün dünyada tanınmasına, qəbul olunmasına geniş imkanlar açıb. İndi müstəqil Azərbaycan dövləti mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir, öz milli, mədəni və multikultural dəyərləri ilə dünya ölkələri üçün əsl nümunəvi model formalaşdırıb. Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasi xəttin uğurla davam etdirilməsi artıq Azərbaycanı regionun siyasi, iqtisadi, hərbi baxımdan güclü dövlətinə, əsl söz, iradə sahibinə çevirib. Elə bu gücün, iradənin nəticəsidir ki, Azərbaycan ordusu, xalqı “Dəmir Yumruq” ətrafında birləşdi, 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində mənfurları tamamilə darmadağın edib 30 illik ədalətsizliyə son qoydu, əzəli torpaqları azad etdi. Ötən il sentyabr ayının 19-20-də həyata keçirilən antiterror ətədbirləri ilə ərazi bütövlüyümüz, suverenliyimiz təmin olundu. Beləliklə, əgər Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə ali hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyini parçalanmaqdan, məhv olmaqdan qoruyub xilas etdisə, cənab İlham Əliyev ölkəmizin ərazi bütövlüyünü, suverenliyini bərpa edərək müstəqilliyin əbədi, sarsılmaz olduğunu bütün dünyaya sübut etdi.

Beş ayını arxada buraxdığımız 2024-cü ildə də ölkəmizin siyasi arenadakı qələbələri, iqtisadi uğurları davam edir. İlin yadda qalan hadisələri sırasında ən çox diqqətçəkən isə heç şübhəsiz cənab İlham Əliyevin fevral ayında növbədənkənar Prezident seçkilərində parlaq qələbəsi, Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxarılması və Qazaxın 4 kəndinin geri qaytarılmasıdır. İndi müstəqil Azərbaycan dövləti mühüm beynəlxalq tədbirlərdən sayılan COP 29-a ev sahibliyi edir, öz təmiz, keyfiyyətli məhsulları, yaşıl enerji potensialı ilə Avropanın etibarlı tərəfdaşına, milli, mədəni və multikultural dəyərlərinə görə dünya ölkələri üçün əsl nümunəyə çevrilir. 

Bu il Azərbaycan xalqı tarixində ilk dəfə ərazi bütövlüyü, suverenliyi təmin olunmuş ölkənin nümayəndələri kimi Müstəqillik Gününü əsl bayram əhval ruhiyəsi ilə qeyd edir. Müstəqilliyimizin rəmzi sayılan üçrəngli bayrağımız azad Qarabağ torpağında, Şərqi Zəngəzurda, Şuşada, Xankəndidə, Qazaxın 4 kəndində dalğalanır. Regionda baş verən bütün siyasi, iqtisadi proseslər də göstərir ki, qalib, qüdrətli dövlət olan Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır və gün ötdükcə bu amillər daha da güclənir. Ölkə Prezidentinin də dediyi kimi: “Müstəqillik ən böyük nemətdir, ən böyük sərvətdir. Bu gün biz bütün azərbaycanlılar qürur hissi ilə qeyd edirik ki, biz sözün əsl mənasında, müstəqil ölkə kimi yaşayırıq. Azərbaycanda təhlükəsizlik təmin edilir, Azərbaycanda əmin-amanlıq hökm sürür”. Bütöv, Qalib Azərbaycan! Hər zaman belə inamla, qətiyyətlə yalnız irəli adımlamaq diləyi ilə Müstəqillik Günün mübarək!

Nail ƏSGƏROV

Nəşr edilib : 28.05.2024 00:01