AZ EN RU

26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbir keçirilib

    Naxçıvan Dövlət Universitetində keçirilən tədbirdə əvvəlcə Çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının baş müəllimi, mayor Nazim Həsənov raport verib. Sonra torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda canlarından keçən şəhidlərimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Universitetin rektoru Elbrus İsayev tədbir iştirakçılarını Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib və  Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılmasının ümummilli liderin adı ilə bağlı olduğunu bildirib. Qeyd edilib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti, ordumuzun şanlı mübarizəsi  44 günlük Vətən müharibəsindəki şanlı Qələbə nəticəsində 2020-ci ili tariximizə Zəfər ili kimi həkk etdi. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. 

    Pedaqoji fakültənin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev fakültədə yaradılan şəraitdən, görülən işlərdən danışıb. 
    Vətən müharibəsi iştirakçısı, Məşqçilik ixtisası üzrə qiyabi şöbənin II kurs tələbəsi Fəxri Qazıbəyov Silahlı Qüvvələrin yaranması ilə əlaqədar iştirakçıları təbrik edib.
    Qeyd edək ki, Fəxri Qazıbəyov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Füzuli, Xocavənd rayonlarının və Şuşa şəhərinin azad olunmasında yaxından iştirak edib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Döyüşdə fərqləndiyinə görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları, Azərbaycan Respublikası Baş nazirinin Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı və Azərbaycan Respublikasının müdafiə nazirinin Sərəncamı ilə “Şücaətə görə” medalı ilə təltif olunub. 
  Tədbir zamanı Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Musiqi Kollecinin müəllim və tələbələrinin hazırladıqları musiqi nömrələri, Pedaqoji fakültənin tələbələrinin hazırladıqları hərbi idman oyunları izləyicilər tərəfindən alqışlarla qarşılanıb. Sonra bir qrup tələbə idmanda qazandığı uğurlara görə təşəkkürnamə ilə təltif olunub.
    Sonda Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasının müəllim və tələbələri nümunəvi çıxışlar və hərbi yürüş nümayiş etdiriblər. 

Naxçıvan Dövlət Universitetinin 
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi 

Nəşr edilib : 25.06.2022 19:46