AZ EN RU

26 gənc kadr məktəbəqədər təhsil müəssisələrində işlə təmin olunub

    Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən məktəbəqədər təhsil müəssisələrinə keçirilən imtahanlarda müvafiq keçid balını toplayaraq yeni işə qəbul olunan gənc kadrlarla görüş keçirilib.
    Görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, bu gün muxtar respublikada təhsilin bütün sahələrinə dövlətimiz tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir. Bunun ifadəsidir ki, muxtar respublikada fəaliyyət göstərən 19 məktəbəqədər təhsil müəssisəsi üçün binalar tikilərək və yaxud yenidən qurularaq istifadəyə verilib, həmin ünvanlarda uşaqların təlim-tərbiyəsi üçün hərtərəfli şərait yaradılıb. 
    Nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2021-ci il 22 dekabr tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib. Sərəncamın icrası məqsədilə nazirlikdə bu sahə ilə bağlı sektor yaradılıb. Təhsil müəssisələrinə iki mindən artıq dərs vəsaiti paylanılıb. 
    Diqqətə çatdırılıb ki, məktəbəqədər təhsil müəssisələrində çalışan sertifikatı olmayan 44 dayə, 39 aşpaz, 3 dərzi, 2 qazanxana maşinisti və 28 gözətçi olmaqla, ümumilikdə, 116 nəfər müvafiq peşə kurslarına cəlb olunub və sertifikatla təmin edilib.
    Bildirilib ki, məktəbəqədər təhsil müəssisələrində  kadr potensialının formalaşdırılması üçün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 aprel tarixli Qərarı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında pedaqoji heyətin dövlət ümumi təhsil, məktəbəqədər təhsil və peşə təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”na uyğun olaraq müsabiqə keçirilib. Müsabiqəyə, ümumilikdə, 43 vakant vəzifə çıxarılıb. Test mərhələsində ən yüksək nəticə göstərən 19 tərbiyəçi-müəllim, test mərhələsi ilə yanaşı, ikinci – qabiliyyət və klinik tapşırıq mərhələsində yüksək nəticə göstərən 6 musiqi rəhbəri və             1 tibb bacısı olmaqla, ümumilikdə, 26 kadr müvafiq vəzifələrə təyin olunub.
    Təhsil naziri gənc kadrlara yeni işə təyin olunmaları münasibətilə təbriklərini çatdırıb, onlara gələcəyimiz olan uşaqların düzgün tərbiyə edilməsi, məktəbə hazırlanmasına diqqətin artırılması ilə bağlı  səylə çalışmalarını tövsiyə  edib.
    Tədbirdə Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodisti Aynur Əhmədova və Naxçıvan şəhər 8 nömrəli körpələr evi-uşaq bağçasının tərbiyəçi-müəllimi Xavər Abbasova çıxış edərək muxtar respublikada gənc kadrlara göstərilən qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər. 
    Tədbirin yekununda təhsil naziri yeni işə qəbul olunan gənc kadrlara seminarı uğurla başa vurduqlarına görə sertifikatlar təqdim edib. 
    Sonra məktəbəqədər təhsil müəssisələrinin məktəbə hazırlıq qrupları üçün 3 cilddə, 3 mindən artıq dərslik verilib. 

Naxçıvan Muxtar Respublikası 
Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 02.09.2022 18:56