AZ EN RU

23 ölkənin güclü şahmatçılarının iştirak etdiyi olimpiada mükəmməl təşkilatçılığı, gərgin mübarizələr, maraqlı oyunlarla yaddaşlarda qalacaq

    Naxçıvanda keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası davam edir. Oktyabrın 7-də olimpiadanın iştirakçıları Naxçıvan Dövlət Tarix, Bəhruz Kəngərli muzeylərini və Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksini ziyarət ediblər. Naxçıvan Dövlət Tarix Muzeyində iştirakçılara məlumat verilib ki, Naxçıvan Muxtar Respublikasının həm yaşıdı, həm də yetirməsi olan Naxçıvan Dövlət Tarix Muzeyi 1924-cü ildə yaradılıb. Muzeyin ekspozisiyası qədim dövrdən başlayaraq müasir dövrün tarixini özündə ehtiva edən eksponatlarla zəngindir. İlk dövrlərdə cəmi bir neçə yüz eksponatla fəaliyyətə başlayan muzeydə qədim diyarın tarixi, arxeologiyası və etnoqrafiyasını əks etdirən 35 mindən çox eksponat mühafizə olunmaqla yanaşı, həm də geniş şəkildə təbliğ edilir. Bəhruz Kəngərli muzeyini gəzən qonaqların diqqətini realist rəssamın “Qaçqınlar” silsiləsindən olan əsərləri çəkib. Hüseyn Cavidin ev-muzeyində isə məlumat verilib ki, bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 140 ili tamam olur. Prezident cənab İlham Əliyev Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında müvafiq Sərəncam imzalayıb. Bu, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavidin çoxşaxəli və zəngin yaradıcılıq fəaliyyətini  yenidən öyrənmək, tədqiq etmək işində mühüm rol oynayacaq. 

    Olimpiada çərçivəsindəsində muxtar respublikaya gələn qonaqların yarış barədə fikirlərini öyrəndik:
    Xusan Turdaliyev (Özbəkistan, beynəlxalq hakim, yarışın antiçitinq rəhbəri): “Bu olimpiada yüksək səviyyədə təşkil olunub, hər şey qaydasındadır. İstər hotellər, istər yarışın keçirildiyi məkan əla düzəldilib və iştirakçıların rahatlığı təmin edilib. İlk dəfədir, Naxçıvana gəlirəm və çox şadam. Şəhəriniz çox sakit və təmizdir, insanlar gülərüz, dostcanlıdırlar. Yaxınlaşıb, bizə köməklik etmək istədiklərini deyirlər. Bu bizi çox sevindirir. Yarışda artıq 6 tur geridə qalıb, gərgin qarşılaşmaların şahidi oluruq. Sevindirici haldır ki, rəqiblər  oyun zamanı bir-birlərinə yaxşı mənada müqavimət göstərə bilirlər, sonda kimin qalib gələcəyini demək isə çətindir. Hazırda turnir cədvəlinə baxaraq demək olar ki, Türkiyə, Azərbaycan, Qazaxıstan və Özbəkistan yarışın əsas favoritləridir. Lakin sona qədər səbr etmək lazımdır”.

    Mustafa Hamidi İbrahim (Misir komandasının kapitanı): “Olimpiadada iştirak edən komandalardan biri də Misirdir. Yarışa elə də yaxşı başladığımızı demək olmaz. Rəqiblərimiz çox güclüdür və onlarla mübarizə aparmaq bizi sevindirir. Bu yarış həm də yeniyetmə şahmatçılarımızın oyun təcrübəsini artırır. Qarşıda hələ 3 oyunumuz var, çalışıb bu qarşılaşmalarda qələbə qazanıb turnir cədvəlində üst pillələrə irəliləmək istəyirik. Amma oyunlardan nə gözləniləcəyi bilinmir. Təşkilatçılıq son dərəcə əla və yüksək səviyyədədir. Onu da deyim ki, vaxt olduqca, şəhəri gəzirəm. Buranın sakitliyi, insanlarının gülərüz olması xoşuma gəlir. Həmçinin çalışdığım qədər yeni dostlarla tanış oluram. Hətta burada tanış olduğum dostlarla boş vaxtlarımızda şahmat oynayırıq. Bir daha yüksək qonaqvərpərliyə görə minnətdarıq”.

    Tejas Bakre (Hindistan komandasının kapitanı): “Naxçıvanda 16 yaşadək yeniyetmələr arasında keçirilən olimpiadada iştirakımdan məmnunam.  Qeyd edim ki, təşkilatçılıq mükəmməldir. Burada bizim qayğımıza qalırlar. Həqiqətən də, Naxçıvanın insanları gözəl, mehriban və qonaqpərvərdirlər. Biz burada müxtəlif tarixi yerləri gəzdik, Naxçıvan haqqında kifayət qədər məlumatımız oldu. Ölkəmə qayıdandan sonra dost-tanışlarıma buraya mütləq gəlmələrini söyləyəcəyəm. Bizim üçün  burada hər cür şərait yaradılıb. Olimpiada barədə onu deyim ki,  20-dən artıq ölkədən  güclü oyunçular var. Hazırda rəqabətli oyunlar gedir, Türkiyə, Hindistan, Qazaxıstan, İran komandaları reytinqdə yüksək yerdədirlər. Bunlardan biri sonda oyunu qazanacaq”. 
    Gülcan Sena Kayış (Türkiyə komandasının oyunçusu): “Türkiyənin İzmir şəhərindən gəlmişəm. Naxçıvanda ilk dəfədir, oluram. Gördüyümüz, gəzdiyimiz yerlər çox  gözəldir. Binalarda müasirlik və qədimliyin sintezi var.  Digər tərəfdən təmiz və sakit şəhərdir. Burada Heydər Əliyev Muzeyi və Sarayına getdik, Möminə xatın türbəsini, Naxçıvanqalanı, Bayraq Meydanını gəzdik. Naxçıvanda bir çox tarixi yerlər var. Qurulanlar çox gözəl şəkildə qorunub, keçmiş yaşadılıb, çox köklü bir tarixi var.  Bundan əlavə, “Türkiyə-Red” komandamız yarışlarda birinci gedir, ən üst səviyyədədirlər. Mən “Türkiyə-Anatolia” komandasındanam. Biz də irəli gedirik. Qarşımızda daha üç tur var. İndiyədək yaxşı gəldiyimi düşünürəm, İnşallah, Türkiyədən üç komanda olaraq gözəl bir dərəcə ilə olimpiadanı sonlandırarıq”. 
    Liyun Liyang ( Honqkonq komandasının oyunçusu): “Honqkonqdan Naxçıvana gəlmək uzun bir prosesdir. Lakin biz gəldik və burada olmaqdan sevincliyəm. Buranın tarixi yerlərini, yeməklərini sevdim. Xan Sarayında güzgülər diqqətimi çəkdi, bu tarixi-memarlıq abidəsinin daxili kiçik güzgü parçaları ilə nəfis bəzədilib. Olimpiadada iştirakım qənaətbəxşdir. Mən Qırğızıstan və Misirdən olan rəqiblərimə uduzub, Panamaya qalib gəlmişəm. Özümə heç kimi  rəqib görmürəm. Sonrakı oyunlarda da qazanmaq üçün əlimdən gələni edəcəyəm”. 
    Tanişa Boramanikar (Hindistan komandasının oyunçusu): “Olimpiada üçün buradayam. Naxçıvanda tarix, sənət və rəssamlıqla bağlı bir çox muzeydə olduq.  Bunlar çox gözəl yerlərdir. Təşkilatçılara minnətdarlıq edirəm. Əgər onlar olmasaydı, Naxçıvandakı qədim, tarixi yerləri gəzmək imkanımız olmayacaqdı. Oyunlarda altı tur geridə buraxdıq. Mən beş oyun oynamışam, üçünü udub,  birini də heç-heçə etmişəm. Uduzduğum komanda isə Qazaxıstan olub. Yenə oynayacağam. Ümid edirəm ki, yaxşı olacaq. Biz sonda qalib gələcəyik”. Ümumiyyətlə, 23 ölkənin güclü şahmatçılarının iştirak etdiyi olimpiada mükəmməl təşkilatçılığı, gərgin mübarizələr, maraqlı oyunlarla yaddaşlarda qalacaq. 
    Bərçinay Şükircanova (Özbəkistan komandasının oyunçusu): “Naxçıvan qədim şəhərdir. Qəşəng ab-havası və yaxşı insanları var. Onlar çox səmimidirlər. Mən “Özbəkistan-2” komandasında oynayıram. Biz əvvəlcə 20-ci pillədəydik, indi 12-ci yerdəyik. Olimpiadada “Özbəkistan-1” və “Özbəkistan-2” komandaları rəqiblərlə yarışır. Düşünürəm ki, burada yarışmaq bizim üçün yaxşı təcrübə olacaq. Özbəkistan komandaları yaxşı oyun nümayiş etdirirlər. İnanıram ki, sona qədər də belə davam edəcəyik”.

Ceyhun MƏMMƏDOV
Güntac ŞAHMƏMMƏDLİ 
​​​​​​​

Nəşr edilib : 07.10.2022 20:04