AZ EN RU

2023-cü ilin ötən dövründə muxtar respublikada 292 yanğın hadisəsinə çıxış qeydə alınıb

 2023-cü ilin ötən dövründə muxtar respublikada 292 yanğın hadisəsinə çıxış qeydə alınıb. 33 yanğın hadisəsinin təhqiqatları aparılıb.
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinə 95 nəfər onlardan 27 nəfəri qazi və şəhid ailəsi olmaqla xidmətə qəbul edilərək müvafiq vəzifələrə təyin edilib. 

Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 18-ci ildönümü qeyd olunub
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 18-ci ildönümü və işçilərinin peşə bayramı münasibətilə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin inzibati binasında tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər. 
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində keçirilən tədbir ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirdə Böhran Vəziyyətlərində İdarəetmə İdarəsinin rəisi polkovnik Əsgər İsmayılov çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm tarixi Zəfərin üçüncü ildönümü, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 18-ci ildönümü və peşə bayramı münasibətilə kollektivi təbrik edib, xidməti fəaliyyətinizdə uğurlar arzulayıb.
Qeyd olunub ki, 2005-ci il dekabrın 16-da Prezident cənab İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında imzaladığı Sərəncam təbii və texnogen fəlakətlərin xəbərdar edilməsi, nəticələrinin aradan qaldırılması və bu işlərin təşkilinə dövlət səviyyəsində sistemli yanaşmada yeni bir mərhələnin əsasını qoydu. 
Diqqətə çatıdılıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bilavasitə diqqət və qayğısı sayəsində Fövqəladə Hallar Nazirliyinin də maddi-texniki bazası daim yenilənir, yanğınsöndürmə, xilasetmə və digər təyinatlı ən müasir texnika və avadanlıqlar ölkəmizə gətirilərək uğurla tətbiq olunur.
Məqsədyönlü tədbirlərin davamı olaraq 2023-cü ilin yanvar ayından etibarən Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi, strukturun təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməyə başlanılıb. Belə ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin yeni Əsasnaməsi və strukturu təsdiq olunub. Yeni qurumlar yaradılıb. Ştat sayı artırılıb. Təbii ki, Prezident cənab İlham Əliyevin diqqət və qayğısı ilə həyata keçirilən bütün bu işlər həm yeni iş yerlərinin açılmasına, həm də Nazirliyin maddi-texniki bazasının gücləndirilməsinə və daha da möhkəmləndirilməsinə, əhalinin təhlükəsizliyinin təmin оlunmasına şərait yaradıb.
2023-cü ildə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən 2 minik, 1 yük avtomobili, 1 xüsusi təyinatlı xilasedici avtomobili avadanlıqları ilə birlikdə, 1 yanğın avtonərdivanı, 4 yanğınsöndürən avtomobili gətirilərək struktur qurumların balansına verilib. Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinə 95 nəfər onlardan 27 nəfəri qazi və şəhid ailəsi olmaqla xidmətə qəbul edilərək müvafiq vəzifələrə təyin edilib. 
Bildirilib ki, “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər, təlimlər, konfranslar və məşğələlər keçirib, həmçinin muxtar respublikada keçirilən “Futzal” yarışında  Nazirliyin yığma komandası qalib gələrək “Heydər Əliyev Kuboku”nun qalibi olub.
Mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qоrunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyinin, tikintidə, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin təmin оlunması istiqamətində qarşıya qоyulan vəzifələrin icrası təmin edilib. Cari il ərzində yanğından mühafizə sahəsində əməliyyat şəraiti diqqət mərkəzində saxlanılıb, yanğın hadisələrinin qarşısı çevik surətdə alınaraq yayılmasına və ağır fəsadlarla nəticələnməsinə imkan verilməyib. Belə ki, muxtar respublikada 292 yanğın hadisəsinə çıxış qeydə alınıb. 33 yanğın hadisəsi icraata götürülərək təhqiqatları aparılıb. İl ərzində müxtəlif mövzularla, o cümlədən yanğın, partlayış, avtoqəza və digər məsələlərlə bağlı Nazirliyin "112" qaynar telefon xəttinə ümumilikdə 119 min 763 zəng daxil olub və müraciətlərə operativ olaraq reaksiya verilməsi təmin edilib. Muxtar respublikada yanğın təhlükəsizliyinin etibarlı təmin olunması məqsədilə Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən obyektlərdə 6000-dən artıq yoxlama keçirilib. 
Dövlət sənаyе və dаğ-mədən işlərində tехniki təhlükəsizliyin təmin оlunmаsı məqsədilə 82 müəssisədə 1639 nəfər işçi maarifləndirilib, 39 texnoloji nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilib, 80 texnoloji nəqliyyat vasitəsi dövlət qeydiyyatından çıxarılıb, 55 texnoloji nəqliyyat vasitəsinin texniki pasportunda müvafiq dəyişikliklər edilib. 85 təhlükə pоtеnsiallı оbyеktə texniki təhlükəsizliyə əməl olunması məqsədilə baxış kеçirilib və 55 təhlükə pоtеnsiallı оbyеktdə mühafizə işinin təşkili yoxlanılıb. Mülki müdаfiə təyinаtlı zirzəmilərin hazır vəziyyətdə saxlanılması məqsədilə zirzəmilərin vəziyyətinə baxılıb. 
Dövlət nəzarəti zamanı 107 obyektə tikinti işləri dayandırılmadan yol verilmiş pozuntuların aradan qaldırılması barədə göstəriş, 48 obyektə təkrar göstəriş və 29 obyektə isə tikinti işlərinin dayandırılması barədə qərar verilib. 23 yaşayış sahəsinin təyinatının qeyri-yaşayış sahəsinə dəyişdirilməsi ilə bağlı təqdim olunan layihələrə uyğun yaşayış sahələrinə baxış keçirilib və hazırlanan layihə əsasında aparılması nəzərdə tutulan işlər yerində təhlil olunub. 
Muxtar respublika ərazisində mövcud olan 62 qeyri-yaşayış obyektinin müayinə olunması ilə bağlı Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinə edilən müraciətlərə aidiyyəti üzrə baxılıb. 
Cari ildə həmçinin Uzunoba çimərliyində əhalinin istirahətinin təhlükəsizliyini təmin etmək üçün dalğıc heyəti gündəlik xidmət aparıb, xidmətin təşkili zamanı heç bir suda boğulma təhlükəsi qeydə alınmayıb, çimərlik mövsümündə 10 min 396 nəfər vətəndaşın təhlükəsiz istirahəti təmin edilib. Muxtar respublika ərazisinə yağan intensiv yağışlar nəticəsində 63-ə qədər fərdi yaşayış evi və 10-a yaxın obyektdə suçəkmə işləri aparılıb və suyun çəkilməsi üçün 223 nəfər şəxsi heyət, 16 texnika, 15 motopompa, 6 su nasosu cəlb olunub. 
Bu ilin fevralında qardaş Türkiyə Respublikasında baş verən zəlzələ ilə bağlı humanitar yardım məqsədilə hər birindən 100 ədəd olmaqla istilik əşyaları, həmçinin 20 dəst çadır, 44 ikimərtəbəli çarpayı və 20 odun sobası göndərilib.
Sonra Nazirliyin bir qrup əməkdaşına yeni rütbələr və fəxri fərmanlar təqdim olunub. Sonda Nazirliyin fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub.

Nəşr edilib : 16.12.2023 17:16