AZ EN RU

2023-cü ilin idman yekunlarına dair hesabat tədbiri keçirilib

Naxçıvan Dövlət Universitetində ölkə və muxtar respublika üzrə yarışlarda mükafata layiq görülmüş idmançılar təltif olunub.

Tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev ali təhsil müəssisəsində keçirilən yarışların əhəmiyyətini qeyd edib. Bildirib ki, son illərdə NDU-nun idman bazası təmir edilərək yenidən qurulub, mini futbol meydançasının süni örtüyü yenisi ilə əvəzlənib, Pedaqoji fakültədə yerləşən idman zalı, böyük idman kompleksi təmir edilib və idman məşğələləri lazım olan avadanlıqlarla təchiz edilib.

2023-cü ilin idman yekununa dair hesabat ilə çıxış edən universitet İdman Klubunun sədri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Rəhimov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-ci ildönümünə həsr olunmuş oğlanlar və qızlar arasında voleybol, şahmat və boks yarışları keçirilib. Ulu Öndərin 100 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikası ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən “Vətən Naminə” hərbi-idman oyununda universitet komandası I yerə layiq görülüb.

Vurğulanıb ki, muxtar respublikada “İdmanda bir gün” tədbirində qızlar arasında keçirilən badminton yarışlarında tələbəmiz Əminə Hüseynova I, Lalə Musayeva III yerlərin qalibi olublar. Stolüstü tennis yarışlarında Səbuhi Ələkbərov I, Əmrah Məmmədli II, qızlar arasında stolüsdü tennis yarışlarında isə Lalə Musayeva birincilik qazanıblar.

İdman Klubunun sədri qeyd edib ki, ali təsil ocağının mini futbol komandası Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyinə həsr olunmuş  Azərbaycan ali məktəb tələbələrinin respublika birinciliyində bütün rəqiblərini üstələyərək  I yerdə qərarlaşıblar.

Hesabatda ümumi nəticələrə görə Hazırlıq şöbəsi ümumi hesabla qalib olub. Xarici dillər fakültəsi ikinci, Pedaqoji fakültə isə üçüncü yerə layiq görülüb.

Sonda idmançı tələbələr mükafatlandırılıblar.

Nəşr edilib : 14.03.2024 12:28