AZ EN RU

2023-cü ildə vətəndaşların 534 iş üzrə mülkiyyət hüququ təmin olunub

Yola saldığımız 2023-cü il muxtar respublikada müxtəlif sahələr üzrə islahatların həyata keçirildiyi il kimi başa çatır. Bu sahədə mühüm tədbirlərdən biri də vətəndaşların mülkiyyət hüquqlarının pozulması ilə bağlı ortaya çıxan problemlərin həll olunmasıdır. Maraqlıdır, ötən dövr ərzində bu sahədə hansı nəticələrə nail olunub? Beləliklə suallarımızı Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin hakimi Elnur Hüseynov cavablandırır:

 – Elnur müəllim, ilk olaraq, bilmək istərdik ki, 2023-cü il ərzində mülkiyyət hüquqlarının pozulması ilə bağlı məhkəməyə nə qədər müraciət olub? 

– Ötən dövrdə vətəndaşların mülkiyyət hüquqlarının pozulması ilə bağlı müraciətlər kifayət qədər çox olub.  Dəqiq rəqəmlə ifadə etsək, 13 yanvar 2023-cü il tarixdən bu günədək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin icraatına təkcə mülkiyyət hüquqlarının pozulması ilə bağlı əmlak və kompensasiya tələbi üzrə 1000 iddia ərizəsi daxil olub. 

– Bəs bunlardan neçəsi üzrə işə baxılıb?

– Əvvəlcə qeyd edim ki, bunlardan 534 iş üzrə iddia tələbləri cavabdeh inzibati orqanlar tərəfindən məhkəmədənkənar qaydada təmin edildiyindən həmin işlər üzrə icraata xitam verilməsi barədə qərardadlar qəbul edilib.   

– Məhkəmədənkənar qaydada təmin edilməsi dedikdə nə nəzərdə tutulur?

– Məhkəmədənkənar dedikdə iddiaçı ilə cavabdeh tərəf, hansı ki burada əsasən icra hakimiyyəti orqanları nəzərdə tutulur, onlar arasında mövcud problemin həll olunması təmin edildiyindən həmin işlərə də məhkəmə tərəfindən xitam verilərək qərardad verilir. 

– Bəs digər əsaslar üzrə hansı nəticələr əldə olunub? 

– Digər əsaslara gəldikdə 122 iş üzrə iddia tələblərinin icrasına xitam verilib. Onlardan 107-si iş üzrə iddia ərizəsi iddiaçı tərəfindən geri götürüldüyünə, 15 işin icraatına isə iddiaçının məhkəmə prosesindən yayındığına görə xitam verilib. Yəni, iş üzrə məhkəmə çağırışlarına etinasız yanaşdığına görə belə qərar qəbul edilib.

– Məhkəmə tərəfindən qərardad verilməsi ilə bağlı digər hallar qeydə alınıbmı?

Bəli, belə hallar qeydə alınıb. Belə ki, 17 iş üzrə tələb olunan əmlaka dair mülkiyyət sənədlərinin olmaması əsası ilə mümkün sayılmaması barədə məhkəmə tərəfindən qərardad qəbul edilib. Hazırda isə 327 iş məhkəməni icraatındadır.  

– Elnur müəllim bir məsələyə də aydınlıq gətirmək istəyirəm. Səsləndirilən rəqəmlərə istinad etsək, görürük ki, mülkiyyət hüquqları üzrə müraciətlərin yarıdan çoxunda iş üzrə icraata xitam verilərək qərardadlar qəbul edilib. O zaman belə nəticəyə gəlirik ki, mülkiyyət hüququ pozulmuş və məhkəməyə müraciət etmiş vətəndaşların yarıdan çoxunun problemi cavabdeh tərəfindən həll olunaraq işə xitam verilib? 

– Tamamilə doğrudur. Əvvəldə də qeyd etdiyim kimi 1000 iddia ərizəsi üzrə işdən 534-ü haqqında qərardad qəbul edilib. Və burada cavabdeh tərəf kimi çıxış edən dövlət qurumları iddiaçının problemini həll edərək onun mülkiyyət hüququnu təmin etdiyinə görə məhkəmə orqanına da heç bir ehtiyac qalmamışdır. Digər tərəfdən bunu da qeyd etməliyəm ki, vətəndaşların mülkiyyət hüquqlarının ədalətli, eyni zamanda operativ şəkildə bərpa olunmasında nümayəndəlik institutunun fəaliyyəti də danılmazdır. Məhz Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin həyata keçirilən bu tədbirləri diqqət mərkəzində saxlaması mülkiyyət hüquqları pozulmuş vətəndaşların qısa vaxt ərzində hüquqlarının təmin olmasına imkan vermişdir. 

Sağ olun suallarımızı cavablandırdığınız üçün.

Sağ olun.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 06.01.2024 13:07