AZ EN RU

2022-ci ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı

    Muxtar respublikada 2022-ci ilin yanvar-iyul aylarında 1 milyard 652 milyon 55 min 500 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2021-ci ilin müvafiq dövründəki göstəricidən 2,3 faiz çoxdur.
    Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz artaraq 3563,5 manat olmuşdur.

***

    Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 2022-ci ilin yanvar-iyul aylarında 682 milyon 400 min 400 manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çoxdur.

***

    Vəsait qoyuluşları çərçivəsində 2022-ci ilin yanvar-iyul aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 605 milyon 639 min 900 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,5 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 577 milyon 360 min 400 manatı və ya 95,3 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür. 

***

    2022-ci ilin yanvar-iyul aylarında 279 milyon 683 min 600 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 15257 ton, süd istehsalı 63370 ton olmuşdur. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 7,9 faiz, süd istehsalı isə 1,5 faiz artmışdır.

***

    2022-ci ilin yanvar-iyul aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 35 milyon 767 min 700 manat olmuşdur ki, bu da 2021-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 3,2 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətlərinin dəyəri 26 milyon 402 min 300 manat təşkil etmiş və bir il öncəyə nisbətdə 1,6 faiz artmışdır.

***

    Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmış, 2022-ci ilin yanvar-iyul aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 165 milyon 65 min 500 manat məbləğində kreditlər verilmişdir ki, bu da bir il öncəki göstəricidən 30,1 faiz çoxdur. Verilmiş kreditlərin 13 milyon 650 min 100 manatı və yaxud 8,3 faizi qısamüddətli, 151 milyon 415 min 400 manatı və yaxud 91,7 faizi uzunmüddətli kreditlər olmuşdur.

***

    Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazır­da əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

***

    2022-ci ilin yanvar-iyun aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış ortaaylıq əməkhaqqı 593,4 manata çatdırılmışdır ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,7 faiz çoxdur.

***

    1 iyul 2022-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 1827 nəfər artaraq 464 min 136 nəfər olmuşdur.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin 
mətbuat xidməti

Nəşr edilib : 19.08.2022 17:53