AZ EN RU

2022-ci ilin ilk rübündə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı

    Muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər “Sənaye ili” elan edilmiş 2022-ci ilin ilk rübündə də davam etdirilmişdir.
    Cari ilin ilk rübündə inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 570 milyon 384 min 400 manat olmuşdur ki, bu da bir il öncəki göstəricidən 1,5 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2 faiz artaraq 1231,4 manat olmuşdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 31,5 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 53,8 faiz təşkil etmişdir.
    2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin ilk rübündə sənaye məhsulu 1,5 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,2 faiz, kənd təsərrüfatı məhsulu 3,8 faiz, nəqliyyat sektorunda yük daşınması 1,4 faiz, informasiya və rabitə xidmətləri 2,8 faiz artmışdır.

Makroiqtisadi göstəricilər

    *) müqayisəli qiymətlər üzrə
    **) yanvar-fevral ayları göstəricisi

Sənaye

    Muxtar respublikada həyata keçirilən uğurlu iqtisadi siyasət sənayeləşmə prosesini daha da sürətləndirmiş, dinamik inkişaf qorunub saxlanılmışdır.
    2022-ci ilin yanvar-mart aylarında muxtar respublikada 263 milyon 789 min 200 manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da bir il öncəki göstəricini 1,5 faiz üstələmişdir.
    Sənaye məhsulu istehsalının 92,8 faizi malların, 7,2 faizi isə xidmətlərin payına düşmüşdür. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 90,8 faiz təşkil etmişdir.

Sənaye məhsulu istehsalının dinamikası, min manat

    2022-ci ilin ilk rübündə muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 33 layihə üzrə istehsal və xidmət obyektləri yaradılmış, 51 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması isə davam etdirilmişdir.
    Sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2022-ci ilin yanvar-mart aylarında 6 milyon 122 min manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 30,3 faiz çoxdur.

Hərbi quruculuq

    Muxtar respublikada ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilir.
    2022-ci ilin yanvar-mart aylarında Naxçıvan şəhərində hərbi zavodun, körpünün və üç anbarın tikintisi, əsgər yataqxanasının əsaslı təmiri davam etdirilmişdir.
    Şahbuz rayonunda yaşayış binasının, Babək rayonunda bir avtomobil saxlancının və iki yeraltı saxlancın, Şərur rayonunda bir avtomobil saxlancının tikintisi davam etdirilir.
    “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında əsgər yataqxanasının əsaslı təmiri başa çatdırılmış, “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının şəhərciyində yataqxana binasının, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəhərciyində idman zalının və Nehrəm Təlim Mərkəzinin yenidən qurulması davam etdirilir.
    Şərur rayonunda 5-ci Sərhəd Zastavası üçün infrastruktur obyektlərinin tikintisi, 1-ci Sərhəd Komendantlığı binasının yenidən qurulması davam etdirilir.

Tikinti-quruculuq və su təchizatı tədbirləri

    Ümumi inkişafın təmin edilməsində vəsait qoyuluşları mühüm rol oynayır. 2022-ci ilin yanvar-mart aylarında muxtar respublikada 57 müxtəlif təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuş, 175 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilmişdir.

Əsas kapitala yönəldilmiş vəsaitlər, min manat

    Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi tədbirlərinə  uyğun olaraq 2022-ci ilin ilk rübündə 3 kənd mərkəzinin tikintisi davam etdirilmiş, 4 kənd mərkəzinin tikintisinə, 1 kənd mərkəzinin yenidən qurulmasına başlanılmışdır. Bundan əlavə, Şərur şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasının yenidən qurulması davam etdirilir.
    Muxtar respublikada 1 yaşayış binasının tikintisi, 7 yaşayış binasının yenidən qurulması davam etdirilir. Bundan əlavə, “Gənclər Yaşayış Kompleksi”nin tikintisi davam etdirilmişdir.
    Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərmiş, 2022-ci ilin yanvar-mart aylarında muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 95 min 334 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir ki, bu da bir il öncəki göstəricidən çoxdur.  
    Babək, Kəngərli və Sədərək rayon mərkəzlərində, ətraf qəsəbə və kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin, Culfa rayonunun Yaycı, Kəngərli rayonunun Qarabağlar, Xok, Yurdçu və Qabıllı, Sədərək rayonunun Dəmirçi kəndlərində içməli su şəbəkələrinin tikintisi davam etdirilir.
    Babək rayonunun Sirab kəndində və Uzunoba Su Anbarı yaxınlığında içməli su xətlərinin çəkilişi davam etdirilmiş, Kəngərli rayonunun Qabıllı kəndi ərazisində subartezian quyusunun tikintisinə başlanılmışdır.

Kənd təsərrüfatı və yaşıllaşdırma tədbirləri 

    Muxtar respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm yer tutan kənd təsərrüfatının inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir.
    Muxtar respublikada meyvə-tərəvəz məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi, ixracyönümlü və ekoloji təmiz meyvə-tərəvəz məhsulları istehsalı sahələrinin yaradılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə  təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası diqqətdə saxlanılmış, cari ilin ilk rübündə 1 istixana təsərrüfatının yaradılması, 4 istixana təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 2 soyuducu anbarın yaradılması davam etdirilmişdir.
    Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 2022-ci ilin yanvar-mart aylarında 69 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilmişdir. 2022-ci ilin ilk rübündə 31 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə icarəyə verilmiş, 3 ədədi nağd yolla satılmışdır. Bu dövrdə məhsul istehsalçıları 7836,3 ton mineral gübrə ilə təmin olunmuşdur.
    Kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı 2022-ci ilin ilk rübündə də diqqətdə saxlanılmış, 24 heyvandarlıq təsərrüfatının yaradılması, 4 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 8 heyvandarlıq təsərrüfatının yaradılması, 1 heyvandarlıq kompleksinin yenidən qurulması və  2 heyvandarlıq təsərrüfatının genişləndirilməsi davam etdirilmişdir. Ümumilikdə, bank və kredit təşkilatları tərəfindən bu sahəyə 2022-ci ilin yanvar-mart aylarında 3 milyon 726 min 100 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən  8,4 faiz  çoxdur.
    2022-ci ilin yanvar-mart aylarında heyvandarlıq təsərrüfatlarında 2304 baş inək, düyə və camış süni yolla mayalandırılmış, bu dövrdə 2987 baş sağlam bala alınmışdır. 
    Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il  4 oktyabr tarixli Fərmanının icrası bu sahənin inkişafına yeni imkanlar yaradır. 
    1 aprel 2022-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 127 min 269 baş, qoyun və keçilərin sayı 801 min 228 baş olmuşdur ki, bu da 1 aprel 2021-ci il tarixə olan göstəriciləri 1,6 və  2,2 faiz üstələmişdir.
    Daxili bazarda yerli istehsalın həcminin artırılması məqsədilə 1 quşçuluq təsərrüfatının yaradılması başa çatdırılmış, 1 quşçuluq təsərrüfatının yenidən qurulması davam etdirilir.
    2022-ci ilin yanvar-mart aylarında muxtar respublikada diri çəkidə 6926 ton ət, 13443,7 ton süd istehsal olunmuşdur ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,2 və 1,3 faiz çoxdur.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası diqqətdə saxlanılmış, 2022-ci ilin yanvar-mart aylarında 1 damazlıq ana arı yetişdirmə təsərrüfatının və 1 arıçılıq təsərrüfatının yaradılması, 1 arıçılıq təsərrüfatının genişləndirilməsi davam etdirilmişdir. Təsərrüfat subyektlərinə 2022-ci ilin ilk rübündə 20 min 500 manat kredit verilmişdir. Arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslərə subsidiyaların verilməsi bu sahəyə marağı daha da artırmışdır. 
    Muxtar respublikada əhalinin keyfiyyətli və təhlükəsiz heyvandarlıq məhsulları ilə təminatını qoruyub saxlamaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın icrası üzrə müvafiq tədbirlər həyata keçirilmiş, 2022-ci ilin ilk rübündə Kəngərli Rayon Baytarlıq İdarəsinin binasının tikintisi başa çatdırılmış, Culfa Rayon Baytarlıq İdarəsinin binasının tikintisinə başlanılmışdır. 
    Muxtar respublikada kənd təsərrüfatının dayanıqlı inkişafının təmin olunması, istehsal olunan məhsulların ixrac potensialının artırılması və  kənd təsərrüfatı istehsalına əsaslanan emal müəssisələrinin qurulması  məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 29 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” təsdiq edilmişdir. 
    2022-ci ilin ilk rübündə kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 4 milyon 487 min 500 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 8 faiz çoxdur.
    Muxtar respublikada aqrar sahədə elektron xidmətlərin tətbiqi və elektron informasiya sisteminin yaradılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən 2022-ci il 27 yanvar tarixdə “Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı elektron informasiya sistemi” haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman imzalanmışdır.
    Muxtar respublikada dövlət və səfərbərlik ehtiyatlarının yaradılması və idarə olunması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə strateji əhəmiyyətli mallarla təchizatı təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq məqsədilə  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2022-ci il 16 fevral tarixdə Naxçıvan Muxtar Respublikasının Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalanmışdır.
    Həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq 2022-ci ilin yanvar-mart aylarında bir il öncəyə nisbətən 3,8 faiz çox, yəni 32 milyon 840 min 500 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur.

Kənd təsərrüfatının ümumi məhsulu, min manat

    Bu dövr ərzində meliorasiya-irriqasiya sistemlərinin yenilənməsi diqqətdə saxlanılmış, Araz Su Anbarından qidalanan nasos stansiyasının və təzyiqli boru xəttinin, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində nasos stansiyasının və boru xətlərinin, Şahbuz rayonunun Külüs, Mahmudoba və Nursu kəndlərinin ərazisində qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmiş, Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində qapalı suvarma şəbəkəsinin tikintisinə başlanılmışdır. 
    Meşə fondunun mühafizə olunması, bərpası, yeni yaşıllıqların salınması istiqamətində tədbirlər görülmüş, 2022-ci ilin ilk rübündə 50,9 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 38,5 min ağac və gül kolu əkilmişdir. 
    Muxtar respublikada hidrometeorologiya və meşə təsərrüfatı sahələrində maddi-texniki bazanın gücləndirilməsi və iş şəraitinin yaxşılaşdırılması istiqamətində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya, Meşələrin İnkişafı və Meşə Təsərrüfatı idarələrinin inzibati binasının tikintisinə başlanılmışdır.

Nəqliyyat, informasiya – rabitə və energetika

    Artan əhali tələbatına uyğun olaraq muxtar respublikada müasir nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
    2022-ci ilin yanvar-mart aylarında Naxçıvan şəhərində iki avtomobil yolunun, Xanlıqlar-Aşağı Daşarx-Yuxarı Daşarx, Həmzəli-Axura, Xanlıqlar-Şərur şəhəri-Yengicə-Şəhriyar-Kürçülü-Kərimbəyli-Dəmirçi, Maxta-Dəmirçi, Babək rayonunda Cəhri qəsəbəsi-Aşağı Buzqov, Sirab, Ordubad rayonunda Vənənd-Pəzməri, Azadkənd kənd avtomobil yollarının yenidən qurulması davam etdirilmişdir.
    Naxçıvan şəhərində 400 yerlik avtomobil parkının və Şərur şəhərində avtovağzal binasının tikintisi davam etdirilir.
    “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan stansiyasında nəzarət-ölçü cihazları sexinin əsaslı təmiri, Şərur rayonunda Elektrik Təmas Şəbəkəsi binasının, Dövriyyə Deposu binasının və təmir sexinin yenidən qurulması davam etdirilir. 
    Culfa rayonunda İstismar Vaqon Deposunun təmir sexinin tikintisi, inzibati binasının və Babək rayonunda Təhlükəsizlik Komandası binasının yenidən qurulması davam etdirilir. 
    2022-ci ilin yanvar-mart aylarında muxtar respublikada nəqliyyat sektorunda 3 milyon 537 min 500 ton yük, 22 milyon 905 min 900 sərnişin daşınmışdır. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,4 faiz, sərnişin daşınması 2,9 faiz artmışdır.
    2022-ci ilin ilk rübündə muxtar respublikada informasiya və rabitə sahəsinin inkişafı diqqətdə saxlanılmış, Duzdağ Radio-Televiziya Ötürücü Stansiyası binasının yenidən qurulması davam etdirilmişdir.
    2022-ci ilin yanvar-mart aylarında muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri 2021-ci ilin müvafiq dövründəki göstəricini 2,8 faiz üstələyərək 15 milyon 113 min 500 manat olmuşdur. 
    Muxtar respublikada alternativ enerji istehsalı sahələrinin yaradılması istiqamətində Ordubad rayonunda Ordubad və Tivi su elektrik stansiyalarının və Şərur rayonunda Günəş Elektrik Stansiyasının tikintisi davam etdirilir.
    Enerji sistemini daha da müasirləşdirmək məqsədilə Culfa rayonunda 132/110/35/10 kilovoltluq elektrik yarımstansiyasının tikintisi davam etdirilmiş, Ordubad rayonunun Xanağa kəndində 35/10 kilovoltluq yarımstansiyanın tikintisinə başlanılmışdır.  
    Muxtar respublikada 7,6 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik xətləri çəkilmiş, 3 transformator yarımstansiyası quraşdırılmışdır.
    1 aprel 2022-ci il tarixə muxtar respublikada 89 min 839 əhali abonenti təbii qazla təmin olunmuşdur. 
    Naxçıvan şəhərində smartkarttipli elektrik və qaz, Şərur və Babək şəhərlərində isə smartkarttipli elektrik sayğaclarının quraşdırılması davam etdirilir.

Sahibkarlıq fəaliyyəti və məşğulluq məsələləri

    Muxtar respublika iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilir.
    2022-ci ilin ilk rübündə muxtar respublikada sahibkarlara 14 milyon 915 min 600 manat kredit verilmişdir. Verilmiş kreditin 8 milyon 686 min manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 6 milyon 229 min 600 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunmuşdur. Bu dövrdə 2 hüquqi və 658 fiziki şəxs qeydiyyata alınmışdır.
    Sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün muxtar respublikada 384 növdə məhsul istehsal olunur. Bu məhsulların 127-si ərzaq, 257-si qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilmişdir.
    Muxtar respublikada əhalinin məşğulluğunun artırılması və rifahının daha da yüksəldilməsi, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının aparılması və özünüməşğulluq imkanlarının genişləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir.
    2022-ci ilin yanvar-fevral aylarında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 559,6 manat təşkil etmişdir ki, bu da 2021-ci ilin müvafiq dövründəki göstəricidən 4,4 faiz çoxdur.
    Cari ilin ilk rübündə muxtar respublikada 35 yeni iş yeri yaradılmışdır. Əmək bazarının tələblərinə uyğun olaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzində bərbər,  traktorçu-maşinist,  bərbər-manikürçü  və aşpaz peşələri üzrə, ümumilikdə, 69, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisəsində isə 12 məhkum heykəltəraş peşə kurslarını bitirmiş, müxtəlif peşələr üzrə 58 müdavim isə peşə kurslarını davam etdirmişdir.
    Bərbər,  elektrik montyoru, traktorçu-maşinist, kabel xətlərinin quraşdırılması və təmiri üzrə rabitə montyoru, qaz avadanlıqlarının təmiri və istismarı üzrə qazpaylayıcı stansiyanın operatoru və dərzi peşələri üzrə ixtisasartırma kurslarına, ümumilikdə, 99 nəfər cəlb edilmişdir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə ixtisas təhsili müəssisələrində 951 nəfər müxtəlif peşələrə yiyələnmişdir.

İstehlak bazarı

    Səmərəli məşğulluq imkanlarının yaradılması əhalinin alıcılıq  qabiliyyətini yüksəltmiş, əmtəə dövriyyəsinin həcmini genişləndirmişdir.
    2022-ci ilin ilk rübündə muxtar respublikanın istehlak bazarında əhaliyə 362 milyon 494 min 500 manat dəyərində istehlak malları satılmış və ödənişli xidmətlər göstərilmişdir. Satılmış istehlak mallarının 96,9 faizi pərakəndə ticarət dövriyyəsinin payına düşmüşdür.
    Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə Ordubad rayonunun Dizə kəndində ticarət mərkəzinin tikintisi başa çatdırılmışdır.
    Ordubad rayonunun Kələki, Unus və Pəzməri kəndlərində xidmət mərkəzlərinin, Anaqut kəndində istirahət mərkəzinin, Culfa rayonunun Ləkətağ kəndində və Culfa şəhərində xidmət sahələrinin tikintisi davam etdirilmiş, Şərur rayonunun Vərməziyar və Ordubad rayonunun Azadkənd kəndlərində xidmət mərkəzlərinin tikintisinə başlanılmışdır.

Bank işi və sığorta fəaliyyəti

    Bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasında və makroiqtisadi sabitliyin qorunmasında bank sistemi mühüm rol oynayır.
    1 aprel 2022-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 196087-yə çatmışdır ki, bunun da 191501-i və ya 97,7 faizi aktiv hesablardır. Cari ilin ilk rübündə açılmış 14009 bank hesabının 14002-si aktiv hesablar olmuşdur.
    1 aprel 2022-ci il tarixə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1548-ə çatdırılmışdır. Cari ilin yanvar-mart aylarında aparılmış nağdsız ödənişlər 38 milyon 924 min 721 manat təşkil etmişdir ki, bu da bir il öncəki göstəricidən 37,3 faiz çoxdur.
    2022-ci ilin ilk rübündə muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 69 milyon 947 min 400 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 44,6 faiz çoxdur. Verilmiş kreditlərin           5 milyon 712 min 900 manatı və yaxud 8,2 faizi qısamüddətli, 64 milyon 234 min  500 manatı və yaxud 91,8 faizi uzunmüddətli kreditlər olmuşdur.
    Muxtar respublikada əhaliyə göstərilən bank xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Culfa rayon filialının inzibati binasının tikintisi davam etdirilir.
    Cari ilin ilk rübündə  muxtar respublikada sığorta növləri üzrə daxilolmalar 1 milyon 396 min manat olmuşdur ki, bunun da 335 min 800 manatını könüllü, 1 milyon 60 min 200 manatını isə icbari sığorta təşkil etmişdir. Bir il öncəyə nisbətən könüllü sığorta ödənişləri 2,5 faiz artmışdır.

Təhsil, səhiyyə, sosial təminat,
mədəniyyət və turizm

    Təhsil sahəsi üzrə infrastruktur quruculuğu tədbirləri çərçivəsində Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması, rektorluq binasının yenidən qurulması davam etdirilir.
    Naxçıvan şəhərində Kimya-Biologiya Təmayüllü Liseyin, Babək rayonunun Sirab, Ordubad rayonunun Pəzməri kəndlərində məktəb binalarının tikintisi davam etdirilmiş, Babək rayonunun Nehrəm qəsəbəsində 3 nömrəli məktəb binasının və Ordubad rayonunda Azadkənddə məktəb binasının tikintisinə, Şərur rayonunun Alışar, Vərməziyar, Həmzəli, Babək rayonunun Vayxır, Ordubad rayonunun Xanağa və Kələki kəndlərində məktəb binalarının yenidən qurulmasına başlanılmışdır.
    Mütərəqqi təhsil metodu kimi əhəmiyyəti nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 7 iyun tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi yaradılmış, Naxçıvan şəhərində mərkəz üçün binanın tikintisi davam etdirilir.
    Naxçıvan şəhərində uşaq bağçası binasının tikintisi davam etdirilmiş, Babək şəhərində məktəbdənkənar təhsil müəssisələri üçün binanın tikintisinə başlanılmışdır.
    Əhaliyə göstərilən səhiyyə xidmətlərinin daha da yaxşılaşdırılması istiqamətində Babək rayonunun Vayxır kəndində həkim ambulatoriyası binasının tikintisinə, Şərur rayonunun Axura kəndində həkim ambulatoriyası binasının yenidən qurulmasına başlanılmışdır. 
    Səhiyyə sahəsində həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 15 fevral tarixli Sərəncamı ilə  “Naxçıvan Muxtar Respublikasında gigiyena və epidemiologiya sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 2022-2025-ci illər üzrə Dövlət Proqramı” təsdiq olunmuşdur. 
    Muxtar respublikada əhaliyə göstərilən tibbi sığorta xidmətlərinin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin inzibati binasının tikintisi davam etdirilir.
    Sosial layihələr çərçivəsində 2022-ci ilin ilk rübündə yüksəkixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 481 cərrahi əməliyyat aparılmışdır.
    Hesabat dövrünün sonuna muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan 388 ailəyə ünvanlı dövlət sosial yardımı ödənilmiş, 10 şəhid ailəsinə və qaziyə mənzillər, 10 Vətən müharibəsi iştirakçısına isə avtomobillər təqdim olunmuşdur.
    Muxtar respublikada sosial qayğıya ehtiyacı olan 90 ailənin özünüməşğulluğu təmin edilmişdir. Bundan əlavə, monitorinqlər aparılaraq təsərrüfatlarını nümunəvi inkişaf etdirən 2 ailəyə arpa-buğdaqıran, 1 ailəyə otdoğrayan aqreqatları verilmişdir. 
    Hesabat dövrünün sonuna 255 tənha ahıl və əlil vətəndaşlara evlərində sosial xidmət göstərilmiş, Naxçıvan Əlillərin Bərpa Mərkəzində 55 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində 49 nəfərin müalicəsi təşkil edilmişdir. Sağlamlıq imkanları məhdud şəxslər 342 texniki və köməkçi reabilitasiya vasitələri ilə təmin olunmuş,  64 nəfərə protez-ortopediya xidmətləri göstərilmişdir.
    Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbində davamlılığın təmin edilməsi, bu sahədə təlim-tədris proseslərinin daha da müasirləşdirilməsi və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” təsdiq edilmişdir.
    Muxtar respublikada əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, öz növbəsində, demoqrafik vəziyyətə müsbət təsir göstərmiş, əhalinin sayı bir il öncəyə nisbətdə artaraq  1 mart 2022-ci il tarixə 463 min nəfərdən çox  olmuşdur. 
    Muxtar respublikada pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatı formalaşdırılmışdır. Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2022-ci ilin ilk rübündə pensiya və müavinətlərin ödənilməsinə 50 milyon 354 min manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 4,8 faiz çoxdur.
    Milli dəyərlərimizin təbliği, onun daha da zənginləşdirilərək gələcək nəsillərə ötürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
    Bu istiqamətdə cari ilin ilk rübündə Naxçıvan şəhərində Uşaq Kitabxanasının və Kəngərli rayonunda Tarix-Diyarşünaslıq Muzeyinin tikintisi davam etdirilmiş, Naxçıvan şəhərində “Zəfər” parkının tikintisinə başlanılmışdır.
    Şərur Rayon Mədəniyyət Sarayının tikintisi, Mərkəzi Kitabxana və Uşaq Kitabxanası binasının yenidən qurulması davam etdirilir. 
    Naxçıvan şəhərində məscidin tikintisi, Ordubad Cümə məscidinin yenidən qurulması davam etdirilir.
    Muxtar respublikada turizmin inkişafı istiqamətində tədbirlər davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası həyata keçirilən tədbirlərin davamlılığını təmin etmiş, 2022-ci ilin ilk rübündə Culfa rayonunda Darıdağ arsenli su müalicə və istirahət kompleksinin tikintisi davam etdirilmişdir.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 19 fevral tarixli Sərəncamı ilə yaradılmış Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzinin tikintisi davam etdirilmiş  və “DOST” Mərkəzinin tikintisinə başlanılmışdır. 

Hüquq-mühafizə orqanları ilə iş

    Muxtar respublikada hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının gücləndirilməsi və iş şəraitinin yaxşılaşdırılması istiqamətində Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Babək Rayon Şöbəsinin inzibati binalarının yenidən qurulması başa çatdırılmış, Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsinin və Naxçıvan şəhərində dəmir yolu nəqliyyatında polis şöbəsinin inzibati binasının tikintisi davam etdirilir. 
    Aparılan təhlillər deməyə əsas verir ki, bu gün bütün sahələrdə əldə olunmuş uğurlar və həyata keçirilən mühüm tədbirlər  muxtar respublikanın davamlı və dinamik inkişafına, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına yeni imkanlar yaradır.

Naxçıvan Muxtar Respublikası 
Dövlət Statistika Komitəsi

Nəşr edilib : 20.04.2022 19:28