AZ EN RU

20 Yanvar Ümumxalq hüzn gününə həsr olunmuş tədbir keçirilib

Bu gün “Naxçıvan” Universitetində 20 Yanvar Ümumxalq hüzn gününə həsr olunmuş tədbir təşkil olunub və Naxçıvan televiziyasının hazırladığı “Sədərəkdən Şuşaya” filmi nümayiş etdirilib.

Tədbirdə öncə Azərbaycanın suverenliyi, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri  giriş sözü  ilə açan  “Naxçıvan” Universitetinin rektoru, dosent Anar Kazımov 1990-cı ilin 20 Yanvar tarixinin Azərbaycanın müasir tarixinə ən şərəfli səhifələrdən biri kimi daxil olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan xalqı yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan edib. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatıb, milli azadlığına qovuşub.

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Tahirli Vətənin qəhrəman oğullarının azadlığımız, ərazi bütövlüyümüz uğrunda göstərdikləri qəhrəmanlıqdan və “Sədərəkdən Şuşaya” filmi mövzusunda çıxış edib.  Filmin məsləhətçisi və “Bizim media”nın rəhbəri Anar Tahirov və Ümumi tarix və beynəlxalq münasibətlər kafedrasının müəllimi, tarix elmləri doktoru Xəzər Hüseynov bu mövzuda fikirlərini səsləndiriblər.

Tədbirin bədii hissəsində tələbələrin ifasında 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər səsləndirilib, tamaşa göstərilib. “Sədərəkdən Şuşaya” filminin nümayişindən sonra əsərin qəhrəmanı, tibb bacısı Nəzifə Qaybalıyevanın Sədərək döyüşlərindəki xatirələri, fikir və düşüncələri dinlənilib.

Tədbirdə “Naxçıvan” Universitetinin tələbə-müəllimləri, ictimaiyyət nümayəndələri, qonaqlar iştirak ediblər.

Sürəyya QƏDİMƏLİYEVA

Nəşr edilib : 19.01.2024 17:34