AZ EN RU

“20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda tədbirlər keçirilib

    “Heydər Əliyev İli” çərçivəsində muxtar respublikamızın rayonlarında “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda tədbirlər keçirilib. Tədbirlərdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Bu mövzuda Babək Rayon İcra Hakimiyyətində dəyirmi masada çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov bildirib ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə müstəqilliyimiz, suverenliyimiz uğrunda canlarından keçən oğul və qızlarımız şəhidlik zirvəsinə yüksəlməklə milli azadlıq hərəkatının təməlini qoydular, milli şərəf və ləyaqət, vətənpərvərlik örnəyi oldular. 20 Yanvar hadisələrinin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev belə ağır məqamda xalqla birlikdə olduğunu bəyan edərək Bakıya hərbi müdaxiləni respublikanın suverenliyinə qarşı terror kimi qiymətləndirdi, qanlı faciəni pislədi. 
    Diqqətə çatdırılıb ki, 1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı ilə 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verildi. Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 1994-cü ildə 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı imzaladığı Fərmanda Milli Məclisə faciəyə tam və əsaslandırılmış siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclis həmin ilin martın 29-da 20 Yanvar faciəsi ilə bağlı Qərar qəbul etdi. 
    İcra başçısı müstəqillik illərində Ümummilli Liderin rəhbərliyi altında 20 Yanvar həqiqətlərinin olduğu kimi dünya ictimaiyyətinə çatdırılması, günahkarların ifşa edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.

***

    Kəngərli rayonunda keçirilən tədbirdə Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Səriyyə Qurbanova çıxış edərək bildirib ki, 1990-cı ildə baş vermiş qanlı 20 Yanvar faciəsi Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. 

    Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda məruzə edib. Qeyd olunub ki, görkəmli dövlət xadimi Heydər Əliyev həmin günlərdə kommunist partiyası rejiminin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləyib, xalqımıza qarşı törədilən bu cinayətə, günahsız insanların öldürülməsinə etirazını bildirib, təqsirkarların cəzalandırılmasını tələb edib. 
    Vurğulanıb ki, faciəyə yalnız bir neçə il sonra Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin tarixi-siyasi reallıqları öz əksini tapıb.

***

    Şərur rayonunda keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev 20 Yanvar hadisələrinin Azərbaycan xalqının taleyində oynadığı roldan, qanlı hadisələrə aparan tarixi şəraitdən, o dövrdə hakimiyyətdə olan Azərbaycan rəhbərliyinin yarıtmaz fəaliyyəti və öz xalqına qarşı törətdikləri cinayət haqqında qısa tarixi şərh vermişdir. Çıxışda hadisəyə operativ və düzgün siyasi qiymət verən ilk vətənpərvər lider, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə bu faciəni lazımınca qiymətləndirmək, dünya ictimaiyyətinə çatdırmaq yolunda görülən işlərdən danışılmışdır. Bildirilmişdir ki, Ümummilli Lider 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının gücləndirilməsinə hər zaman böyük diqqətlə yanaşırdı. Ulu Öndər hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edir, şəhid ailələri ilə görüşür, onların qayğıları ilə maraqlanırdı. Bu gün Şəhidlər xiyabanında ucalan “Əbədi məşəl” abidə kompleksi də məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa olunub. Heydər Əliyevin 2000-ci il yanvarın 17-də imzaladığı Fərmanla isə 1990-cı ilin faciəli yanvar günlərində şəhid olmuş oğul və qızlarımıza “20 Yanvar şəhidi” fəxri adı verilib.

    Qeyd edilib ki, bu gün də 20 Yanvar iştirakçıları və şəhid ailələri dövlətin daim diqqət mərkəzindədir. Prezident cənab İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin həllinə xüsusi qayğı göstərir.
    Tədbirlər məruzə ətrafında çıxışlarla davam edib. Çıxışlarda  vurğulanıb ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan tarixi Qələbə, Azərbaycanın regionda yeni reallıqlar yaradılması və Müzəffər Liderin həyata keçirdiyi uğurlu xarici və daxili siyasət 20 Yanvar 1990-cı ildə əsası qoyulan milli azadlıq hərəkatı uğrunda qurban gedən bütün  şəhidlərimizin ruhuna ən böyük ehtiram ifadəsidir.

Nəşr edilib : 19.01.2023 22:29