AZ EN RU

20 Yanvar faciəsinə həsr olunan tədbir

Naxçıvan Şəhər İcra Hakimiyyətində şəhid ailələri və qazilərin iştirakı ilə “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib. Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının, 20 yanvar faciəsinin qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyev tarix yaradan şəxsiyyət olmaqla yanaşı, həm də tarixi hadisələrə ən doğru qiymət verən dövlət xadimi, dahi liderdir. Bu baxımdan onun 20 Yanvar hadisələri ilə bağlı siyasi fəaliyyəti mükəmməl bir tarixi nümunədir.

Qeyd edilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verənləri Kremlin dünya ictimaiyyətindən gizlətməyə çalışdığı bir vaxtda Azərbaycan xalqının qeyrətli oğlu Heydər Əliyev bütün maneələri aşaraq faciənin səhərisi günü `Moskvada Azərbaycanın Daimi Nümayəndəliyinə gəldi, xalqımıza başsağlığı verdi. Beynəlxalq mətbuat konfransı keçirərək faciə həqiqətlərinin bütün dünyaya yayılması üçün qapı açdı. Beləliklə Azərbaycana qarşı məkrli “cəza” aksiyası iflasa uğradı. 1990-cı ilin iyul ayında Moskvadan Vətənə qayıdan görkəmli dövlət xadiminin təşəbbüsü ilə həmin il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı ilə 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verildi.

Bildirilib ki, ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı. 1994-cü il mart ayının 29-da ölkə parlamenti “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciələr haqqında” Qərar qəbul etdi. Beləliklə20 Yanvar faciəsi Ümummilli liderin prinsipial və ardıcıl mübarizəsindən sonra öz hüquqi qiymətini aldı. Dahi şəxsiyyətin 2000-ci il yanvarın 17-də imzaladığı Fərmanla 1990-cı ilin faciəli yanvar günlərində şəhid olanlara  “20 Yanvar şəhidi” fəxri adı verilmişdir.

Vurğulanıb ki, bugün ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial rifahının yaxşılaşdırılmasına xüsusi diqqət göstərir. Dövlət başçısı19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərman imzalayıb.  Bu fərmana əsasən şəhid ailələrinə təqaüd verilir. Şəhidlər xiyabanında əsaslı təmir və yenidənqurma işləri aparılıb. Hər il dövlət səviyyəsində geniş tədbirlər planı hazırlanaraq həyata keçirilir, qanlı hadisənin ildönümü respublikamızın bütün şəhər və rayonlarında və dünyanın müxtəlif ölkələrində qeyd olunur.

Diqqətə çatdırılıb ki, 20 Yanvar Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, xalqımızın öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bütün dünya Azərbaycan xalqının mübarizə əzminin təntənəsini 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Tarixi Zəfəri ilə ədaləti bərpa etdiyi üçün bu gün bütün Azərbaycan düşmən şəhidlərimizin ruhu da şaddır. Çünki onların uğrunda canını fəda etdikləri müstəqil dövlətimizin ərazi bütövlüyü təmin edilmişdir. Azərbaycan ordusu tarixi Zəfərin fonunda gələcəyə doğru böyük inamla addımlayır və Heydər Əliyev yolu bundan sonra da Azərbaycana möhtəşəm uğurlar qazandıracaq.

TədbirdəYeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərlinin “Naxçıvanda 1990-cı ilin 20 yanvar hadisələri”, Əməkdar jurnalist Qahirə Hüseynovanın “1990-cı ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında baş verən ictimai-siyasi proseslərin yerli və dünya kütləvi informasiya vasitələrində işıqlandırılması”, Naxçıvan Televiziyasının əməkdaşı Hüseyn Əsgərovun “20 yanvar hadisələrinin dünya ictimaiyyətinə çatdırılmasında Ulu Öndər Heydər Əliyevin fəaliyyəti” mövzularında çıxışları dinlənilib. Çıxış edənlər xalqımızın qəhrəmanlıq, mərdlik rəmzi sayılan 20 Yanvar faciəsinə gedən yola nəzər salıb, bu ümumbəşəri cinayətin bütün dünyaya bəyan edilməsində,dövlət səviyyəsində rəsmi şəkildə hüquqi qiymətin verilməsində, faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsində ümummilli liderimiz Heydər Əliyevin misilsiz rolundan, faciənin baş vermə səbəblərindən, nəticələrindən,Naxçıvanda həyata keçirilən sərhəd hərəkatından, sədərək döyüşlərindən ətraflı bəhs ediblər.

Nail ƏSGƏROV

Nəşr edilib : 18.01.2023 15:35